Gündəm

Elman Nəsirov: “Ramiz Mehdiyev ən yaxşısı istefaya getsin”

Elman Nəsirov: “Ramiz Mehdiyev ən yaxşısı istefaya getsin”

“Bu bir həqiqətdir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasında xoşagəlməz proseslər yaşanmaqdadır. Deyərdim ki, AMEA çox ciddi bir böhran yaşayır. AMEA-nın ayrı-ayrı institutlarının rəhbərləri, şöbə müdirləri, tanınmış alimlər, ziyalılar akademiyanın rəhbəri Ramiz Mehdiyevlə çox kəskin qarşıdurma vəziyyətindədirlər və onun istefa verməsini tələb edirlər”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.Deputat hər gün bununla bağlı mətbuatdan prosesləri izlədiyini vurğulayıb:

“Hər gün yeni-yeni ziyalılar bu prosesə qoşulur və Ramiz Mehdiyevin istefa verməsini tələb edirlər. Bu faktın özü onu göstərir ki, həqiqətən də, akademiyada vəziyyət kritik hədddə çatıb. Ziyalılar Ramiz Mehdiyevi ittiham edirlər ki, idarəçilik sistemi bərbad vəziyyətdir, AMEA intriqa yuvasına çevrilib, elmi mühit yoxdur, ayrı-ayrı institut direktorları sıxışdırılır və azad fikir söyləmək mümkün deyil. Ən yaxın adamlarını orada ən yüksək posta yerləşdirib və beləliklə, AMEA sistemində hər şey var, elmdən başqa . Bu kimi yanaşmalar bu günləri baş alıb gedir. Hesab edirəm ki, bu ittihamlara AMEA rəhbəri cavab verməlidir. Cavab vermək üçün ən yaxşı üsullardan biri brifinq keçirməlidir. AMEA prezidenti olduğu müddətdə gördüyü işlərdən danışmalı və ittihamlara cavab verməlidir. Bu ittihamların əsaslı və ya əsassız olduğunu sübut etməlidir. Bundan sonra geniş ictimaiyyət üçün də bəlli olsun ki, əslində AMEA nə baş verir? Niyə geniş elmi dairələr AMEA-nın prezidentinə qarşı bu cür dayanıblar və onun istefasını tələb edirlər? Brifinqin keçirilməsi hava və su kimi lazımdır. Təəssüf ki, biz bunun şahid olmuruq. Ancaq AMEA-nın bir dəfə saytında Ramiz Mehdiyevin adından mətbuat xidməti bir məlumat yazdı və həmin məlumatda da alimlər, ziyalılar, deputatlar tənqid olundu. Hətta, onların bizim müxalifət dairələrinə qarşı xoşagəlməz terminlərdən istifadə edildi. Hesab edirəm ki, bu xoşalgəlməz hala artıq son qoyulmalıdır. Qənaətim odur ki, Ramiz Mehdiyev yaşlanıb, səhhətindəki problemlərdə bu özünü göstərir. O, bu dəqiqə əsəb sistemini qorumalıdır. Bu gərginlik isə onun əsəb sisteminə çox mənfi təsir göstərir, səhhəti üçün çox ziyanlıdır. Belə olan vəziyyətdə ən yaxşısı istefaya getməlidir. İstefaya getmək Ramiz Mehdiyevin özünü qorumasıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az