“Artıq bir neçə dəfədir ki, rəsmi səviyyədə Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində əsir götürülən və ya cəsədləri Ermənistan tərəfində qalan 4 minə yaxın vətəndaşımız barədə Azərbaycana qarşı müsbət addımlar atmaq niyyətində olmadığını bəyan edir”.
Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert hesab edir ki, Azərbaycan bu məsələləri daha əvvəl, yəni minlərlə erməni cəsədləri ərazimizdə qalan zaman, yüzlərlə erməni əsir və hərbiçisinin, terrorçusunun Ermənistana qaytaran zaman bu təzyiqləri tətbiq etməliydi:
“Hazırda əlimizdə olan bütün mexanizmləri sərf etdikdən sonra bu tip bəyanatların ciddi nəticə verəcəyini düşünmürəm. Amma, yenə də biz beynəlxalq təşkilatlara göstərdiyimiz humanizmi və xoş niyyəti əsas gətirib, onları bu proseslərə cəlb etməliyik. Hətta, beynəlxalq təşkilatlarda, məhkəmələrdə bu məsələni qabartmalıyıq və bu prosesləri ən qısa müddətdə həyata keçirmək üçün kifayət qədər peşəkar mütəxəssisləri cəlb etməliyik. Bundan başqa, Ermənistana qarşı bizim tətbiq edəcəyimiz real mexanizm Azərbaycana müharibə zamanı vurulmuş ziyanlara görə kompensasiyadır. Yəni, minalanmış sahələrin təmizlənməsinə xərclənən vəsait, təbiətimizə, ekologiyamıza və təbii sərvətlərimizə vurulan ziyana görə kompensasiyanı cəmləşdirib Ermənistandan tələb etməliyik. Bununla da, Ermənistanı çox böyük bir rəqəm qarşısında qoya bilərik. Bura Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərimizə görə kompensasiyanı da əlavə etmək pis olmaz. Çünki düşünmürəm ki, Ermənistan bu dörd min soydaşımızın heç olmasa yarısının nəşlərinin qaytarılmasına şərait yaradacaq. Bu, Ermənistanın özünü də çox aşağı səviyyədə olan nüfuzuna təkrar böyük bir zərbə endirmiş olar. Odur ki, biz əlimizdə olan mexanizmləri, o cümlədən kompensasiya məsələsini geniş bir şəkildə Ermənistan tərəfinə tətbiq etməliyik”.
Ekspert qeyd edib ki, Ermənistan dövlətin yaxın 10 illiklərdə iqtisadi və hərbi cəhətdən dirçəlməsinə heç bir şəkildə imkan verməməliyik: “Bəlkə, o zaman Ermənistan tərəfi hansısa şərtlərimizi qəbul edib, gözü yolda qalan dörd min ailənin heç olmasa yaxınlarının qalıqlarını dəfn etdirməyə şərait yaratmış olar”.
Aynurə Pənahqızı Demokrat.az


