Son zamanlar cəmiyyəti narahat edən məsələlərdən biri “BakuBus” şirkətinə məxsus avtobusların sürücülər tərəfindən çox riskli idarə edilməsidir. Hətta Bakı küçələrində bəzi sürücülər özlərini “Formula 1” iştirakçısı hesab edirlər, çox zaman isə ötmə əməliyyatını icra edirlər. Onlar bununla insanların həyatını təhlükəyə atırlar. Lakin təəssüfləndirici məqam odur ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozsalar da bununla bağlı hansısa ölçü götürülmür.
Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlamasında təsdiqləyib ki, həqiqətən də, bu məsələ ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər var. Deputat bu sahədə başqa problemlərin olduğunu da diqqətə çatdırıb:
“Hesab edirəm ki, bu problemlər haqqında insanlar müvafiq orqan olan “BakuBus”a mütəşəkkil şəkildə şikayət yazmalıdırlar. Bu problemlər bir daha “BakuBus” rəhbərliyinin diqqətinə çatdırılmalı və onlar bu barədə qərar verməlidirlər. Hesab edirəm ki, qaydaları pozan avtobus sürücülər dərhal xətdən çıxarılmalı və bir də o xətlərə buraxılmamalıdırlar. Bundan başqa Dövlət Yol Polisi var və onlara da bu problemlərlə bağlı müraciət olunmalıdır ki, buna xüsusi fikir versinlər və elə sürücüləri diqqətlə yoxlasınlar. Onlarda hansı sənədlərin olması ilə bağlı yoxlanışlar aparsınlar. Çünki eşitdiyimə görə, elələri var ki, onların heç sürücülük vəsiqəsi yoxdur. Düzdür, bu barədə tam dəqiq deyə bilmərəm, ancaq hər halda yoxlanışların aparılması daha məqsədəuyğun olar”.
Deputat son günlər Azərbaycanda ictimai qınağın, ictimai nəzarətin təsirinin daha da artdığını vurğulayıb: “Bilirik ki, hələ də pandemiya davam edir. Ancaq çox təəssüf ki, belə bir vaxtda vətəndaşlarımız bəziləri avtobusa maskasız daxil olur, gərək bu cür adamlar ictimai nəqliyyata buraxılmasınlar.Düzdür, əslində gərək insanların özü də bunu dərk etsin, lakin çoxları buna önəm vermir. Bundan başqa, indiki qaydalara görə, tutumu 100 nəfər olan avtobusa 50 nəfər buraxılmalıdır, ancaq biz bunun şahidi olmuruq. Hesab edirəm ki, bu problemləri aradan qaldırmaqdan ötrü xətlərə daha çox avtobuslar buraxılmalıdır. Bu gün Bakı şəhərində bütün xətlərdə təxminən 2 mindən biraz artıq avtobuslar işləyir. Fikrimcə, bunların sayı həm azdır, həm də ritmik işləyə bilmirlər. Sual oluna bilər ki, avtobusların neçəsi ehtiyat hissələri olmadığına görə, işlək vəziyyətdə deyil? Niyə ehtiyat hissələri yoxdur? Bu gün Azərbaycanda get-gedə ictimai qınağın təzyiqi, təsiri daha da artır. Hesab edirəm ki, bundan düzgün istifadə etmək lazımdır. Hər bir deputatın funksional borclarından biri ondan ibarətdir ki, bu problemləri işıqlandırsın. Mən dəfələrlə bu problemlərlə bağlı danışmışam, bundan sonra da bununla məşğul olacağam. Çalışacağam ki, müəyyən rəsmi formada, ya da şifahi formada sorğu edim ki, niyə vəziyyət belədir? Mən problemləri açıq formada dedim. İnanıram ki, bu məsələlər yaxın vaxtlarda müsbətə doğru həllini tapacaq”.
Aynurə Pənahqızı Demokrat.az


