“Azərbaycan gəncləri 44 günlük Vətən Müharibəsi zamanı olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov deyib. Deputatın sözlərinə görə, bu uğurların əldə olunmasında uğurlu dövlət gənclər siyasəti dayanır:
“Bugünkü gənclər siyasəti Ulu Öndərdən Azərbaycan dövlətinə və Azərbaycan xalqına miras qalan çoxsaylı işlərdən biridir. Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı uğurlu gələcəyə aparan Prezident İlham Əliyev də gənclərlə iş sahəsində işlərin görülməsini xüsusi diqqətdə saxlayır. Gənclər hər zaman dövlətin diqqətini, xüsusilə prezident İlham Əliyevin dəstəyini hiss edirlər. Mən əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əllərindən gələni edəcək və prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər”.
Aynurə Pənahqızı Demokrat.az


