Hadisə

Bərdədə ananın ölü uşaq dünyaya gətirməsində günahkar kimdir? — Cinayət işi

Bərdədə ananın ölü uşaq dünyaya gətirməsində günahkar kimdir? — Cinayət işi

Bərdə Doğum evinin həkim mama-ginekoloqu Tahirə Allahverdiyevan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 19 may 2020-ci ildə Bərdə Doğum Evində Rufanə Mustafayevanın bətnində olan dölün ölü doğulması ilə bağlı araşdırma aoarılıb.

İstintaqla Bərdə Doğum evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini Rufanə Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində Rufanə Mustafayevanın ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Tahirə Allahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahirə Allahverdiyeva ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 1979-cu ildən həkim mama-ginekoloq vəzifəsində işləyib: “Bərdə rayonu, Qaradırnaq kənd sakini Rufanə 20-21 həftəlik hamiləlik dövründə doğum evinə gəlib, qeydiyyata düşüb, könüllü olaraq hamiləliyin növbəti mərhələlərində müayinəsini mənim aparmağımı bildirdi. Hamilənin ilk gəlişində qanın ümumi analizləri, sidiyin analizi aparıldı, mikroba qarşı nümünələr götürüldü. Daha sonra ultrasəs muayinəsi keçirildi. İlk müayinəsində hamilə qrip olduğundan ona qrip əlehinə müalicə yazdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş şəxs ikinci gəlişi 10 fervral 2020-ci il də olub: “Həmin tarixdə ültrasəs müayinəsindən keçirildi. Hamilə tonuslu olduğundan ona tibbi şamlar yazıldı. Üçüncü gəlişi aprelin 17-də, dördüncü gəlişi mayın 11-də oldu. Həmin tarixlərdə heç bir problemi olmadı. Növbəti dəfə mayın 19-da, 06.30-da Rufanənin qaynanası zəng etdi, Rufanənin qanaxmasının başladığını bildirdi. Rufanəni təcili olaraq xəstəxanaya aparmalarını dedi. Doğum evinə zəng vurdum, növbətçi həkimin kim olduğunu soruşdum. Cavab verildi ki, növbətçi həkim Almaz həkimdir. USM müayinəsi aparan Rasilə həkimə zəng edərək doğum evinə gəlməsini dedim. Özüm də evdən çıxaraq xəstəxanaya yollandım. Xəstəxanaya saat 7-8 radələrində çatdım. Xəstəxanaya çatan kimi dərhal hamiləni USM-dən keçirdim və dölün ürək döyüntülərinin zəif olduğunu müəyyən etdim. Körpənin ürək döyüntüləri dəqiədə 117 dəfə vurdu. Saat 08.10-da Zərnigar həkimə zəng edərək ciftin hissəvi ayrlması diaqnozu il hamilə qadının doğum evinə daxil olduğunu, dərhal cərrahi əməliyyat olunmalı olduğunu və xəstəxanaya gəlməsini dedim. Sonra isə Rufanəni 3-cü mərtəbəyə boş palataya apardıq. Təxminən 30 dəqiqə ərzində Rüfanəyə dölün ürək döyüntülərinin normala düşməsi, qanaxmanın dayanması üçün müalicə etdik. Saat 08.30-da Rufanə Mustafayevanı əmliyyat blokuna apardıq”. Tahirə Allahverdiyeva qeyd edib ki, həmin vaxt anestezioloq Elsəvər həkim xəstəni cərrahi əməliyyat üçün anestezə etmək üçün hazırlamağa başlayıb: “Elsevər həkimdən başqa orada əməliyyat tibb bacıları da olub. Saat 08.30-da Zərnigar həkim əməliyyat blokuna daxil oldu. Zərnigar həkimlə birlikdə hamiləyə baxarkən başın kiçik çanaq çıxacağında olduğunu, cərrahi əməliyyat üçün gec olduğunu, əməliyyat yolu ilə hamiləlikdən azad etmək mümkün olmadığını müəyyən etdik. Zərnigar həkim əməliyyat etməyin gec olduğunu, doğuşun başlandığını bildirdi. Həmçinin Rufanə dölün ölü doğulacağı təqdirdə əməliyyat edilməməsini bildirdi. Rufanəni əməliyyat blokundan çıxardıq, doğuş palatasına apardıq. Saat 09.10-da Rufanə doğuşdan azad olundu və ana bətnindən ölü oğlan uşağı doğuldu”.

Bərdə rayon Məhkəməsinin hökmü ilə Tahirə Allahverdiyeva 1 il 6 ay müddətə mama-ginekoloq vəzifəsini tutma hüququndan məhrum edilib, 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təyin edilmiş cəza müddəti ərzində Tahirə Allahverdiyevanın üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 08.00-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az