“Yoluxma sayı artmalı idi və belə də oldu. Çünki bu hal təbiət qanunlarına istinad edən, təsdiqlənmiş həqiqətdir. Bu yaza keçid dövrünə qədər davam edəcək qaçılmaz bir prosesdir. Ona görə də, bu, başqa bir hal kimi yox, yalnız statistik artım kimi dəyərləndirilməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Professor fikirlərini belə davam etdirdi:
“Mövcud vəziyyəti təhlil edərək, bildirirəm ki, yoluxma hətta 5-6 rəqəmli olsa belə, bunun xüsusi narahatlığa səbəb olan elmi əsası yoxdur. Bu hal sərt karantin səbəbindən, fəsli patogen virusların müəyyən növbələşmə dövrünə qədərki, nisbi “aqressivləşməsidir”. Bunun "COVİD-19", onun “Omikron” və ya hər hansı bir digər bir ştammının fəallaşması ilə mütləq əlaqə və birbaşa bağlılığı yoxdur. Təbii qanunauyğunluğa görə, məlum zaman və məkan daxilində bütün xəstələnmə və ölüm halı, dominant olaraq öndə olan infeksiyaya bu və ya digər dərəcədə bağlı olur”.
Həkimin sözlərinə görə, hər bir insan il ərzində 2-3, bütün ömrü boyu isə 200-220 dəfə müxtəlif viral infeksiyaya yoluxur:
“Hələ bir neçə ay bundan əvvəl, dekabr-yanvar ayında yoluxmanın kəskin artacağını, lakin virusun aktiv virulentliyinin 7 gündən artıq davam etməyəcəyini bildirmişdim. Mən bunu, yəni əsasında inkubasiya dövrünün azalaraq minimuma enməsini duran bu halı, təbii qanunauyğunluq olaraq, pandemiyaların endemikləşərək, fəsli infeksiyaya çevrilməsi dövrünə təsadüf etməsilə əsaslandırmışdım. Deməli ÜST karantin müddətini 7 günə endirməklə, mənim zamanında söylədiklərimi təsdiq etdi. Yəni, "COVİD-19" pandemiyası artıq başa çatır. Odur ki, kimin nə deməsi və nə yazmasından asılı olmayaraq, "COVİD-19" artıq “qorxulu həqiqət” deyildir. Hazırda hər birimizin ailəsinin qonağı olan bu viral infeksiya, hətta “Omikron” adlandırılsa belə, yalnız fəallığı yüksəlmiş adi fəsli infeksiyalardan biridir”.
Aynurə Pənahqızı Demokrat.az


