"Ağaclara havayı yer tutan lazımsız bir şey kimi baxılır" — Sosioloq

SOSİAL 11 yan 2022, 21:25
Bakı şəhəri və ətrafında əkilmiş şam ağacları quruyur. Bu barədə artıq sosial şəbəkələrdə məlumatlar yayılıb və əksəriyyət mövcud vəziyyətdən narahatlığını ifadə edir. Qeyd edilir ki, ağaclara bilərəkdən qulluq olunmur, qurudulur. Məqsəd isə həmin ərazilərdə obyektlərin tikilməsinə şərait yaradılmasıdır. Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, paytaxtda məhv olan şam ağacların bir çox səbəbləri var.

Ekspert bildirib ki, Azərbaycanda ağaclara havayı yer tutan lazımsız bir şey kimi baxılır:

“Getdikcə çılpaqlaşan, səhra şəhərinə, beton yığnağına çevrilərək şəhər sifətini itirən Bakıda artıq qalan ağaclar da məhv olub gedir. Bunun bir çox səbəbləri var. Bunlardan biri xaotik şəkildə və vəhşicəsinə aparılan, heç bir qaydaya, normaya, nizama, şəhər arxitekturası tələblərinə cavab verməyən tikinti prosesidir. Binalar, biznes obyektləri tikmək üçün ağacları müxtəlif yollarla məhv edirlər. Uzun illərdir bu haqda yüz dəfələrlə həyəcan təbili çalmışıq, amma heç kim eşitməyib. Ağacların dibinə kislota tökməkdən, ərazini çəpərləyib gecə gizlicə ağacları kəsməkdən, dibini qəsdən boşaldıb, yanğın təşkil etməkdən, külək əsərkən yıxılmasını təmin etməkdən tutmuş budama adı ilə ağacın 90 faizini yoxa çıxarmağa qədər”.

Sosioloq qeyd edib ki, səbəblərdən biri də “Azərsu”nun cinayətkar və xəyanətkar davranışı ilə bağlıdır:

“100 ildir həyətlərdə mövcud olan su kranlarını bağladı və nəticədə həyətlərdə, mərkəzdənkənar küçələrin kənarında, məktəb, baxça və s idarə həyətlərindəki ağaclar susuz qalıb qurumağa başladı. Bu, dəqiq və konkret olaraq yaşıl terrordur. Hazırda yalnız mərkəzi küçələrdə və parklarda suvarma aparılır. Son illərdə çoxsaylı layihələrlə Bakıda və ətrafında xeyli yaşıllıq sahələri salınıb. Lakin bu məhv olan yaşıllıq sahələrini kompensasiya edə bilmir. Sovet dövründə Bakıda olan yaşıllıq həcmi azı 2 dəfə azalıb. Halbuki, bu müddətdə şəhər əhalisi azı 2 dəfə artıb. Yeni binaların həyətində ağaca rast gəlmək olmur. Bakının nə vəziyyətə düşdüyünü əyani görmək üçün Teleqüllədən şəhərə baxmaq kifayətdir. Sıx beton yığını- Bakını qısaca belə tərif etmək olar. Və bu beton yığnağının arasındakı dar küçələrdə daimi tıxaclar. Bu artıq şəhər deyil, nədirsə başqa şeydir. Paytaxtın, ümumiyyətlə Abşeron yarımadasının yaşıllaşdırılması üzrə xüsusi dövlət proqramı hazırlanmalı və həyata keçirilməlidir. Onsuzda dünyada səhralaşma gedir və ölkəmiz də təhlükə altındadır. Bunu hökumətin müşavirələrinin birində Prezident də qeyd etdi və təcili tədbirlər görülməsinin vacibliyini dedi”

E.Bayramlı diqqətə çatdırıb ki, Azərbaycanda ciddi ekoloji problem mövcuddur:

“Bakı və Abşeronda havanın çirkliliyi xeyli yüksəkdir, səs-küy normadan dəfələrlə çoxdur, ciddi ekoloji problemlər var. Bunun qarşısını isə yalnız ağaclarla, yaşıllıq sahələri ilə almaq olar. Ağaclar həm havanı təmizləyir, həm səs-küyü azaldır. Lakin bizdə ağaclara  havayı yer tutan lazımsız bir şey kimi baxılır, onların yerində yeni pulqazandıran obyektlər tikilməsi haqda düşünülür. Bu təfəkkürlə yaxın vaxtda çox ciddi ekoloji böhranla üz-üzə qalacağıq. Onda gec olacaq. Nə qədər ki, gec deyil, yaşıl terror dayandırılmalı, yaşıllıq sahələrinin artırılması üçün tədbirlər görülməlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top