Pensiyaların artımı ilə bağlı daha bir AÇIQLAMA

SOSİAL 02 yan 2022, 16:55
Ötən il üzrə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq pensiyalar indeksasiya ediləcək. İndeksasiya rəsmi elan olunan faizə uyğun pensiya məbləğinin artırılması anlamına gəlir.

Demokrat.az
xəbər verir ki, millət vəkili Vüqar Bayramov qeyd edib ki, indeksasiya nəticəsində artımlar cari ilin yanvar ayının 1-dən hesablanır. O bununla bağlı qərarın ən geci fevralda veriləcəyini də vurğulayıb. 

Deputat əmək pensiyalarının 2021-ci ildə 11,4 faiz artırıldığını xatırladıb: "Əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya sistemindəki dəyişikliklər nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləvg olundu. Buna görə də, pensiya məbləği tam olaraq indeksləşdirilir.

Maliyyə Nazirliyi 2021-ci ildə orta aylıq əmək haqqının 707,3 manatdan 742.8 manatadək yüksələcəyini proqnozlaşdırırdı. Amma illik artımın proqnoza nisbətən çox olacağı güman edilir. Böyük ehtimalla ötən il orta aylıq əmək haqqı təxminən 5 faiz artıb. 

Rəsmi göstərici elan olunduqdan sonra isə əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanır və artımlar ilin əvvəlindən hesablanır. İndeksasiya pensiyaçıların 95%-ə qədərinə (1 milyon 100 min şəxs) şamil olunacaq”.

V.Bayramov bildirib ki, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur: ""Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, növündən asılı olmayaraq əmək pensiyası alan hər bir pensiyaçının pensiya məbləğinə artım hesablanacaq. 

Amma onu da bildirim ki, indeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top