“Məqsəd yeni, dəyişən dünyada Azərbaycan mediasının da dövrün tələblərinə uyğunlaşdırılmasıdır” — Hicran Hüseynova

GÜNDƏM 16 dek 2021, 19:45
“Hər bir cəmiyyətin inkişafında, insanların maariflənməsi və məlumatlandırılmasında mətbuatın, medianın özünəməxsus rolu vardır. Bu gün həyatımızın hər anı informasiya üzərində qurulur. Hər hansı informasiyanın, məlumatın yayılması, şərhin verilməsi zamanı obyektivliyin, qərəzsizliyin qorunmasına, dövlətçilik prinsiplərinin nəzərə alınmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə həssas yanaşılmalıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Deputat vurğulayıb ki, mətbuat həm də demokratik cəmiyyətin göstəricisidir:

“Bu baxımdan onun inkişafı, zamanın tələblərinə cavab verməsi mühüm məsələdir. Müasir dövrdə ulu öndər Heydər Əliyevin Fərmanı ilə senzuranın ləğv edilməsi mətbuatda yeni imkanlar yaratdı. Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində keyfiyyətcə yeni bir dövr başladı. Belə ki, ölkə başçısı bu ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Medianın İnkişafı Agentliyi yaradıldı. İlk növbədə qeyd etmək istəyirəm ki, “Media haqqında” yeni qanun layihəsi çox vacib sənəddir. Bu qanun kütləvi informasiya vasitələrinin bütün növlərinin fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayacaq”.

Millət vəkili qeyd edib ki, sənəddə insan hüquq və azadlıqlarının gözlənilməsi, ayrı-seçkiliyə yol verilməməsi, istifadəçilərin, xüsusilə də uşaqların zərərli informasiyalardan qorunması məsələsi öz əksini tapıb:

“Qeyd etmək istərdim ki, Milli Məclisin rəhbərliyi, onun spikeri Sahibə Qafarova bu qanun layihəsinin müzakirəsinə çox ciddi və məsuliyyətlə yanaşır. İlk dinləmədə də müşahidə etdiniz ki, bir çox tanınmış media nümayəndələri, nüfuzlu jurnalistlər dəvət olunmuşdur. Çox geniş fikir mübadiləsi aparıldı və təkliflər səsləndirildi. Eyni zamanda, Milli Məclisin bütün komitə sədrlərinin iştirakı ilə də iclas keçirilmiş, xeyli sayda yeni təkliflər verilmişdir. Və bu müzakirələr davam etdiriləcəkdir. Məqsəd yeni, dəyişən dünyada Azərbaycan mediasının da dövrün tələblərinə uyğunlaşdırılması, müasir çağırışlara cavab verməsidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top