Kiyevdə ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan təcrübəsi müzakirə edildi — VİDEO

GÜNDƏM 15 dek 2021, 15:45
Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən Dünya Diasporlar Assambleyası, Ukrayna Millətlər Assambleyası, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü-təhlükəsizliyin və stabilliyin əsasıdır” adlı beynəlxalq konfrans keçirilib.

Demokrat.az xəbər verir ki, konfrans iştirakçıları öncə Kiyevdə ulu öndər Heydər Əliyevin, Babi Yar abidəsini, İrpen şəhərində isə akademik Zərifə xanım Əliyevanın abidəsini ziyarət ediblər. İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbdə, muzeydə olublar. Sonra Azərbaycanın Ukraynadakı səfirliyində görüş keçiriblər.

Ukraynalı ekspert Yuriy Koçevenkonun moderatorluğu ilə baş tutan beynəlxalq dialoqda Avropanın bir sıra ölkələrindən, Türkiyədən, Azərbaycandan, Gürcüstandan və Moldovadan ekspertlər, diplomatik korpusun nümayəndələri iştirak ediblər. Yuriy Koçevenko bildirib ki, hazırda istər şərqi Avropada, istərsə də qonşu regionlarda ərazi bütövlüyünün sabitliyi təhlükəsizliyin əsas qarantıdır.

Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə bu zərurəti əsaslandıraraq bildirib ki, Azərbaycan ərazi bütövlüyünü təmin edərək Cənubi Qafqazda sabitliyi şərtləndirdi. Diaspor rəhbəri vurğulayıb ki, hazırda Ukraynanın timsalında müharibə təhlükəsi ilə üzləşən Avropanın bu təcrübəyə böyük ehtiyacı var və ona görə bu beynəlxalq dialoqda toplanılıb. Konfransda əvvəlcə dialoqa ünvanlanan Niderland, Türkiyə və Latviya parlamentinin, o cümlədən ABŞ-da yerləşən Dünya Diasporlar Assambleyasının həmsədri Leonid Bardın ölkələrin təhlükəsizliyi ilə bağlı təkliflərdən ibarət məktubları oxunub. Məktublarda Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü təmin etməsi birmənalı olaraq müasir dövr üçün ərazi bütövlüyünün, regionda sabitlik üçün əsas nümunə kimi gətirilib.

Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov isə Azərbaycanın ötən il həyata keçirdiyi bu uğurlu missiyasında diasporun, yaşıl qitədəki azərbaycanlıların rolundan danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində bütün dünya azərbaycanlıları Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək vahid mövqe nümayiş etdirdi.

Daha sonra çıxış edən Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının müşaviri Lyudmila Dolqonovskaya, Ukrayna Ali Radasının deputatı Yuriy Kamelçuk, Lyudmila Buymister, Svyatoslav Yuraş, Lyüdmila Marçenko, beynəlxalq ekspertlər Oleys Doniy, Vladislav Antipin, İqor Plyaev, Azəbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, AAK-ın vitse-prezidenti İlham İsmayılov, Türkiyə Anadolu Yayınçılar Dərnəyinin sədri Sinan Burhan, Ukraynanın Vatikanda səfiri Andrey Yura, Azərbaycandan Milli QHT Forumunun rəhbəri Rauf Zeyni mövzu ətrafında təkliflərini səsləndiriblər. Onlar bu təkliflərin reallaşmasında yekdil olaraq Azərbaycanın ötən il ərazi bütövlüyünü təmin etməsini əsas nümunələrdən biri kimi qeyd ediblər.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev, Gürcüstan və Moldova səfirliklərinin diplomatları da çıxışlarında diplomatik korpusla diaspor təşkilatlarının bu missiyada birgə fəaliyyətinin dövrü tələbatı olduğunu bildiriblər.

Tədbirdə Ukraynanın Poltava vilayətinin və Vinnitsanın yerli radalarının azərbaycanlı deputatları Qoşqar Muxtarov, Teymur Abuşov, vilayətlərdə təmsil olunan azərbaycanlılar konqreslərinin rəhbərləri ilə yanaşı Azərbaycandan gələn jurnalistlər Aqil Ələsgər, Vasif Həsənli, Toğrul Allahverdili, Türkiyədən jurnalist Zəki Akbıyık, Finlandiyadan AAK-ın nümayəndələri Vasif Əliyev, Arzu Əliyeva və müxtəlif bölgələrdən gələn Azərbaycan və digər ölkələrin diaspor fəalları iştirak ediblər.

Konfrans iştirakçıları müzakirələrdən sonra səsləndirilən təklifləri toplayaraq rəsmi halda Ukraynada və Avropanın digər ölkələrində yerləşən beynəlxalq təşkilatların nümayəndəliklərinə göndəriblər.



Sonda tədbir müxtəlif millətlərin repertuarından ibarət bədii hissə ilə yekunlaşıb.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top