“Putin və Bayden görüşündən sonra III Dünya Müharibəsinin başlama ehtimalı artdı”— ŞƏRH

GÜNDƏM 08 dek 2021, 19:21
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında olan görüşün böyük siyasi əhəmiyyəti var idi. İlk olaraq, bu görüş yeni dünya düzəninin formalaşdırılmasına kömək edəcəkdi. İkinci əhəmiyyəti isə Rusiya və ABŞ-ın son illər ərzindəki münasibətlərinə aydınlıq gətirələcəkdi. Amma təəssüf ki, görüşün uğurlu olduğunu demək mümkünsüzdür. Əslində, bu görüşlə Rusiya və ABŞ arasında “soyuq müharibə”nin açıq şəkildə startı verildi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib.

Politoloq qeyd edib ki, ABŞ-ın tutduğu mövqe ilə Rusiyanın mövqeyi üst-üstə düşmür:

“ABŞ Rusiyanı Ukraynaya hücum etməkdə ittiham edir. Eyni zamanda ABŞ Rusiyanın Liviyadakı, Suriyadakı və İranla bağlı mövqeyini qəbul etmir. Rusiya da NATO-nun Avropada Rusiya sərhədlərinə daha çox yaxınlaşması məsələsini qəbul etmək istəmir. Qərb çalışır ki, Ukrayna ilə bərabər Moldovanı, Ermənistanı da Rusiyanın nəzarətindən çıxartsın. Ancaq ABŞ çox gözəl başa düşür ki, Ermənistan istənilən vaxt Rusiya ilə münasibətləri dəyişə bilər. Buna görə də ABŞ yenidən ATƏT-in həmsədrliyini bərpa etmək istəyir və yenidən Dağlıq Qarabağ statusunu M.Brayzenin diliylə gündəmə gətirmək istəyir. Birmənalı şəkildə Ermənistanı Rusiyanın siyasi nəzarətindən çıxartmaq istəyir. Amma ABŞ bir qədər gecikib. İndi aydın olur ki, Putin Türkiyə ilə yaxınlaşmaqda çox ağıllı bir hərəkət edib. O, bununla özünün cənub sərhədlərini birmənalı şəkildə tam təmin edib. Çünki Orta Asiya türkdilli respublikalardır, Qafqazın açar dövləti isə Azərbaycandır. Həm ötənilki müharibə vaxtı, həm də ondan sonrakı müddət ərzində imzalanmış üçtərəfli bəyanatlarda Rusiya Azərbaycanın haqqı olduğuna görə tərəfini tutdu. Bununla da Rusiya Ermənistana xatırlatma mesajı verdi ki, onun “dünya gətirən” və “anası” sayılan vaxtilə Rusiya imperiyası olub. Yəni Rusiya öz övladını istədiyi vaxt xərcləyib boğa bilər və Ermənistanı istənilən vaxt qurban verə bilər. Təbii ki, Amerika da bundan ehtiyat edir. Bilirlər ki, ermənilərin xislətində satqınlıq var. Həm də Rusiyanın gücünü çox yaxşı dərk edirlər. Qeyd edim ki, bunların qarşıdurmasının şiddətlənməsi əslində Qarabağ məsələsinin müsbət müstəvidə həllinə yönəlib”.

Putin və Bayden görüşündən sonra Brüsseldə hansısa uğurun əldə olunacağının böyük sual işarəsi altında olduğunu deyən politoloq əlavə edib ki, artıq Azərbaycan öz maraqlarını təmin edib: “Amma nə dərəcədə həmin maraqlar Brüsseldə gündəmə gətiriləcək, yaxud da gətirilməyəcək bax bu, Azərbaycan üçün də maraqlıdır. Fikrimcə, çalışacaqlar ki, bu görüşü pozsunlar. Yaxud da yenidən Paşinyan təxribatlara əl atacaq, görüşdən öncə növbəti həftələrdə Ermənistandan daha bir təxribat gözləmək mümkündür. İstər təmas xəttində, istər rus qoşunları, istərsə də informasiya sahəsində ermənilər yenə də öz xislətlərinə uyğun olaraq, şərəfsiz addım atacaq ehtimalları böyükdür”.

Politoloqun sözlərinə görə, bu görüş əslində dünyanın problemlərini həll etmədi, əksinə dünyaya yeni problemlər gətirdi:

“Bilirsiniz ki, ABŞ-da Co Baydeni hakimiyyətə gətirən əsasən, silah istehsalçıları və tacirlərdir. Həmçinin, ABŞ büdcəsinin əsas gəlir hissəsi silah satışından əldə olunan vəsaitlərdir. Onu da qeyd edim ki, adətən respublikaçıların hakimiyyətində olanda ABŞ həmişə müharibədən qaçır, ancaq demokratlar daha çox müharibələrə meyl edən bir partiyadır. Bu mənada  Bayden çalışacaq ki, hansısa müharibə olsun. Bu görüşün baş tutmasından sonra Üçüncü Dünya Müharibəsinin başlamaq ehtimalı 50 faiz artdı. Düzdür, qarşıdakı günlərdə bəzi məsələlər tam aydın olacaq. Hesab edirəm ki, artıq üçüncü güc mərkəzi formalaşır. Əgər birinci güc mərkəzi ABŞ idisə, yəni o, özünü dünyanın vahid hegemonu elan etmişdisə, Avropa İttifaqı isə bir birlik kimi ikinci güc mərkəzi idi. Ən azı iqtisadi güc mərkəzidir. Artıq burada Çin-Rusiya dueti yeni bir güc mərkəzidir. Təbii ki, bu görüşdən sonra müəyyən siyasi çatlar yarandı və hesab edirəm ki, qarşıdakı günlərdə siyasi qarşıdurma daha da güclənəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top