Sərdar Cəlaloğlu: “Hakimiyyətə gəlsəm, ölkədə rus dili tədrisini qadağan edəcəyəm”

GÜNDƏM 03 dek 2021, 15:13
"Hakimiyyətə gəlsəm, ilkin olaraq Azərbaycan Konstitusiyasını əsas götürüb, ölkədə rus dili tədrisini qadağan edəcəyəm. Azərbaycanda yaşayan rusların da Azərbaycan dilində təhsilini təşkil edərəm. Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyinə ziyan vura biləcək hər hansı bir addımdan çəkinərəm. Deyirlər ki, rus dilində təhsil alanlar Dostyevskini orijinaldan oxuyacaqlar, bəs Nizamini, Xəqanini, Hüseyn Cavidi kim, hansı dildə oxuyacaq? Belə biabırçılıq olmaz".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, Rusiya Konstitusiyasına Rusiyanın sərhədlərindən kənarda yaşayan rusların qorunması ilə bağlı maddə əlavə edilib: “Rusiyanın Dövlət Duması bura  rusdilli əhalini aid edib. Faktiki olaraq, Rusiyadan kənarda yaşayan ruslar və rusdillilər Rusiya dövləti tərəfindən qorunurlar. Bundan başqa, Ermənistan Rusiyanın ən yaxın strateji müttəfiqidir, amma buna baxmayaraq, Ermənistanda bircə dənə də rus məktəbi yoxdur. Eyni zamanda, Ukraynada da rus dilində tədris və rusca danışmaq qadağan olunub, Qazaxıstanda da eynilə. Bu gün bəs niyə Azərbaycanda bizə qarşı düşmən mövqeyində olan Rusiyanın rəsmi dili olan rus dili tədrisin 34 faizini əhatə edir?! Ermənsitan təhsil naziri də deyir ki, Ermənistanda rus dilinin tədrisindən söhbət gedə bilməz. Təhsil tərbiyə sistemidir. Kim hansı dildə təhsil alırsa, o millətin nümayəndəsi olur və ona görə onlara rusdillilər deyilir. “Rusdilli” ifadəsi özü siyasi anlayışdır və rusun mənafeyini müdafiə edənlər deməkdir. 1990-cı illərdə də göründü ki, rusdillilər Azərbaycanın müstəqilliyinə daha az meyilli idilər. Bir çox hallarda Azərbaycanın suverenliyinin əleyhinə çıxanlar da elə rusdillilər olur. Putin də son görüşündə bildirib ki, Azərbaycanda təhsilaların 34 faizi bu və ya digər şəkildə rus dilində təhsil alırlar, yəni Azərbaycan xalqı Rusiyaya meyil edir. Deyib ki, bu göstərir ki, bizim xalqlarımız yaxındır, amma ayrı müstəqil dövlətlərik. Bu adam Azərbaycanın müstəqilliyinə təəssüflənir. Rus dilində təhsilin bu həddə olmasının dövlət üçün təhlükəli olduğu görünmür?! Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Bu, o deməkdir ki, Azərbaycanda heç bir dövlət müəssissəsində rəsmi yazışma başqa dildə aparıla bilməz. Bundan başqa, Prezident İlham Əliyev dilin qorunması ilə bağlı dəfələrlə sərəncam verib, lakin ölkədə artıq 34 faiz Azərbaycan dili sıxışdırılıb, rus dilində təhsil gedir. Bu, Prezindetin sərəncamlarının kobud şəkildə pozulmasıdır və siyasi cinayətdir".

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top