“Mərkəzin Azərbaycanda yaradılması ölkəmizə müasir peşələrin və texnologiyaların gəlişini sürətləndirəcək”

GÜNDƏM 29 noy 2021, 20:51
“Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması tarixi hadisədir. Təbii ki, bu Dünya İqtisadi Forumunun Azərbaycana verdiyi dəyərlə birbaşa bağlıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, dövlət siyasətimiz daha çox innovasiyalı istehsala yönəlib:

”Son vaxtlar iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Həm də işğaldan azad olunmuş ərazilərimiz ”yaşıl zona” adlandırılıb və bu ərazilərdə elmi tutumlu layihələr icra olunmaqdadır. Həyata keçirməyə başladığımız “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları 5-ci sənaye inqilabına hazırlaşmağımızın göstəricisidir. Qeyd etmək olar ki, Azərbaycan müasir innovasiyalı texnologiyalara yiyələnməsi baxımından regionda liderdir. Bununla yanaşı, mərkəzin Azərbaycanda yaradılması ölkəmizə müasir peşələrin və texnologiyaların gəlişini sürətləndirəcək. Bu istiqamətdə qazanacağımız təcrübə İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafına müsbət töhfə verəcək. Ona görə də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitində Sənaye İnqilabının Mərkəzləri şəbəkəsinin Azərbaycan Mərkəzi ilə əməkdaşlıq edilməsi məsələsi də müzakirə olundu”.

Millət vəkili əlavə edib ki, dünyanın gələcəyi müasir texnologiyalar və rəqəmsallaşma üzərində qurulacaq: “Bu baxımdan Azərbaycanın digər ölkələrdən bir addım qabaqda olması İƏT-ə üzv olan ölkələrin də müasir texnologiyaların transfer olunmasını sürətləndirəcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top