Hüquq müdafiəçisi: “Paşinyan bunu dəhliz adlandırmaqdan çəkinir”

GÜNDƏM 27 noy 2021, 13:34
"Ermənistan baş naziri Nikol Paşinyan yenə də qeyri-adekvat, siyasətçiyə yaraşmayan fikirlərini ifadə etməkdə davam edir". 

Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.



O, görüşün noyabrın 9-da keçirilməsinin nəzərdə tutulduğunu xatırladıb və əlavə edib ki, Paşinyanın təşəbbüsü ilə razılaşdırılmış görüş baş tutmadı: "Üzünü Qərbə tutdu və dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şərq tərəfdaşlığı təşkilatının toplantısı zamanı görüşün keçirilməsinə nail oldu. Yəni Qərbə üz tutdu. Bunu görən Rusiya Prezidenti məsələyə dərhal reaksiya verdi. Bölgədən onun sıxışdırılması və bölgədə hər hansı qərarın Rusiyasız reallaşması Putinin marağında deyil. Buna görə də, Rusiya bu bölgədə təsir imkanını göstərmək üçün Paşinyanı Brüssel görüşündən əvvəl masaya otuzdurmalıydı və bunu da etdi. Dünənki görüşdə biz Rusiya Prezidenti cənab Vladimir Putinin Azərbaycan Prezidenti ilə səmimi görüşü, eyni zamanda bölgədə təhlükəsizliyin və sülhün bərqərar olması üçün Rusiyanın mövqeyi ilə bağlı ifadə və fikirləri qəbul ediləndir. Amma Paşinyan yenə də həm görüşə qədər, həm də bu müddət də dəhliz ifadəsini işlətmək istəmir. Nə olur olsun adı dəhliz olmasın, yaşıl qapı olsun, yaşıl keçid olsun nə dəyişir? Toplananların yerini dəyişdikdə cəm dəyişmir".

Çingiz Qənizadə bu barədə fikirlərini belə izah edib: "10 noyabr sazişində Azərbaycan və Naxçıvan arasında maneəsiz gediş-gəlişin, kommunikasiya xətlərinin təmin edilməsi nəzərdə tutulub. Maneəsiz o deməkdir ki, burada hər hansı yoxlamadan, gömrük postundan söhbət gedə bilməz. Sovet dövründə olduğu kimi Azərbaycan birbaşa Naxçıvan ilə öz ərazisini birləşdirən dəhlizdən istifadə etməlidir. Paşinyan bunu dəhliz adlandırmaqdan çəkinir. Amma elə bunun adı dəhlizdir. Bu termindir. Amma özü bilər. Nə deməyindən asılı olmayaraq biz belə hesab edirik ki, bu məsələ qapanıb. Putinin dəfələrlə bu mövzuya qayıtması və bu cür ifadələr işlətməsi həm də Paşinyana xəbərdarlıqdır ki, Rusiya gözü ilə baxsaq 9 noyabr, Azərbaycan gözü ilə baxsaq 10 noyabr sazişinin bütün müddəaları, o cümlədən delimitasiya, demarkasiya, sülh sazişi və sonluqda isə həmin bu dəhliz məsələsini Ermənistan öhdəlik kimi öz üzərinə götürüb və bunu həll etməlidir. Paşinyan arada deyir ki, dəhliz ifadəsi Laçın dəhlizi ilə bağlıdır. Əslində, bu belə deyil. O bilir söhbət nədən gedir. Müxtəlif ziddiyyətli fikirlərlə beynəlxalq aləmi aldatmağa çalışır. Amma mənə elə gəlir ki, dünənki görüş Putindən Paşinyana bir xəbərdarlıq idi ki, imzalanmış sənəd icra edilməli, sənədin altındakı imzalara hörmət edilməlidir. Putin sərhədlərin müəyyənləşdirilməsinin tezləşdirilməsi və sülh sazişinə imza atılmalı olduğunu deməklə Paşinyana çox ciddi mesaj vermiş oldu. Həmçinin, dəhlizin açılması ilə bağlı baş nazirlərin müavinləri səviyyəsindəki işçi qrupunun işinin təsdiq edilməsi məsələsi də Putin tərəfindən ciddi vurğulandı. İndi dekabrın 15-də Brüsseldə keçiriləsi görüşdə görək Paşinyan hansı havaya oynamağa çalışacaq. Belə hesab edirəm ki, o, Qarabağdakı təqribən 20-25 min erməni üçün status verilməsi üçün çalışacaq. Amma bugünkü reallıq odur ki, artıq Qərb də bizim regiondakı məsələləri tam dərk edə bilib. Həqiqətin harda olduğunu artıq başa düşür. Yeni reallıqlarla hesablaşırlar,o cümlədən də artıq qərbin çağırışları bölgədə sülhün bərqərar olması istiqamətindədir. Paşinyan nə qədər sağa-sola vursa da, ziddiyyətli fikirlər ifadə etsə də onların 9 və ya 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməkdən başqa yolu yoxdur".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top