“Dedim ki, bizim bərbərxananın qabağında doldurmayın, gedin başqa yerə...” — Ağstafada qanlı dava

KRİMİNAL 22 noy 2021, 10:43
Ağstafa rayonunda 1977-ci il təvəllüdlü İsa qohumu Elnuru bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İsa 16 dekabr 2020-ci ildə, saat 15 radələrində Ağstafa rayonunun Sadıqlı kəndinin mərkəzində yerləşən parkda həmkəndlisi və qohumu Elnurun narkotik vasitə istifadə etdiyini zənn edib, onun yanına gedib, ona nalayiq söyüşlər söyməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı İsa Elnuru bıçaqlayıb. 

İstintaq orqanı tərəfindən İsanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağstafa rayonu Sadıqlı kənd sakini Elnur onun dayısı oğlunun oğludur: “Bizim əvvəllər aramızda heç bir ədavət və düşmənçilik olmayıb. Dekbarın 16-da, saat 15 radələrində idarə etdiyim “VAZ 2106” markalı avtomobillə evdən çıxaraq ərzaq almaq üçün Sadıqlı kəndinin mərkəzinə getdim. Kəndin mərkəzindəki parkın qarşısına çatan vaxt həmkəndlilərim -  Elnur, Ziyad, Səddam və Mehralının parkın içərisindəki bərbərxananın qarşısındakı skamyada oturduqlarını gördüm. Elnur və Ziyadın əllərindəki siqaretə nə isə doldurduqlarını gördüm, narkotik vasitə istifadə etdiklərini fikirləşdim, ona görə də onların yanına getdim və Ziyada nalayiq söyüş söydüm, oradan getməsini dedim. Ziyad əvvəl getmək istəməsə də, sonradan getdi”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Elnura, Səddama və Ziyada da nalayiq söyüş söyüb: “Dedim ki, bizim bərbərxananın qabağında doldurmayın, gedin başqa yerə. Həmin vaxt Elnur üstümə gəldi, yumruqla sifətimə vurdu, qaçdı. Bundan sonra mən də Elnurun arxasınca qaçdım. Elnur qaça-qaça parkdan kənara çıxdı. Parkın qarşısında, giriş hissədə olan çayxananın qabağında Elnur yerə yıxıldı. Elnurun üstünə getdim, biz yerdə əlbəyaxa olduq. Yumruqla Elnurun sifətinə vurdum. Elnur bıçaqla sinəmə vurdu. Bıçağı Elnurun əlindən almaq istədim. Lakin bıçağı Elnurun əlindən ala bilmədim. Elnur yenidən bıçaqla sinəmə zərbə vurduğu üçün mən də belimdə olan bıçağı götürərək bir neçə dəfə Elnura zərbə vurdum. Lakin həmin zərbələrin harasına dəydiyini bilməmişəm. Bundan sonra Elnur məndən ayrılaraq ayağa qalxdı, oradan qaçdı. Mən də özüm ayağa qalxdım və asfalt yola tərəf çıxdım. Həmin vaxt qonşumuz Fariz idarə etdiyi “KİA” markalı avtomobil ilə yoldan keçdi. Fariz məni gördü, avtomobili dayandırdı. Fariz avtomobilindən düşdükdən sonra bıçaqlandığımı görərək məni avtomobilinə mindirdi. Fariz avtomobili Ağstafa şəhəri istiqamətində sürdü, yolda təcili tibbi yardıma məlumat verdi. Ağstafa rayonu Poylu qəsəbəsi ərazisində təcili tibbi yardım avtomobili ilə rastlaşdıqlarından Fariz avtomobilini dayandırdı. Təcili tibbi yardım əməkdaşları məni avtomobilə mindirdi, Ağstafa rayon Mərkəzi Xəstəxanasına apardılar”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda Elnur ilə barışıq əldə etdiyini, Elnurun ona qarşı şikayəti olmadığını, hazırda münasibətlərinin yaxşı olduğunu, törətdiyi əmələ görə səmimi olaraq peşmançılıq çəkdiyini göstərib. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elnurun sözlərinə görə, dekabrın 16-da, saat 15 radələrində evdən çıxaraq kəndin mərkəzinə gedib: “Həmin vaxt kəndin mərkəzində olan həmkəndlilərim Səddam, Mehralı və Ziyadla görüşərək mərkəzdəki parkın içərisində olan bərbərxananın qarşısına getdik. Bərbərxananın qabağında olan oturacağın üstü su olduğu üçün oturacağın üstünə çıxaraq söykənmə yerində oturduq, ayağımızı isə oturacaq hissəsinə qoyduq. Biz deyib-güldük, zarafatlaşdıq. Bir neçə dəqiqə sonra Səddam, Mehralı və Ziyad ayaqüstə mənim qabağımda dayandı, mən isə oturacaqda oturdum. Həmin vaxt musiqiyə qulaq asaraq söhbət etdik. Mənim əlimdə olan siqaret qırıldığı üçün siqaretin başlıq hissəsini yenidən filtr hissəsinə keçirdim. Həmin vaxt yerdə olan yarpaqların xışıltısını eşitdim, başımı qaldıraraq baxan zaman həmkəndlim İsanın yanımız gəldiyini gördüm. İsa bizim yanımıza çatan kimi Ziyada yaxınlaşaraq ona nalayiq söyüş söydü, oradan getməsini istədi. Ziyad isə İsadan ona söyüş söyməsinin səbəbini soruşdu, sonra oradan getdi”. 

Elnurun ifadəsinə görə, bundan sonra İsa nalayiq söyüş söyüb: “Mən də bir qədər başımı qabağa əydim, İsaya “mənimləsənmi” dedim. İsa isə heç bir səbəb olmadan mənə yumruq atdı. Başımı geriyə çəkdim, özümü tarazladım, İsaya tərəf çevrildim, Səddamın İsanın əli qarşıq belindən tutduğunu gördüm. Həmin vaxt yumruqla 1 dəfə İsanın ağzına vurdum və oradan qaçdım. Səddam İsanı buraxdı, İsa da mənim arxamca qaçdı. Qaçarkən parkın içərisində yıxıldım. İsa mənə çatdı və biz əlbəyaxa olduq. Həmin vaxt İsa yumruqla sifət nahiyəmə vurdu. Bu zaman özümü qorumaq üçün əlimdəki bıçaqla İsanın sinəsinə iki dəfə zərbə vurdum. Həmin vaxt İsa əlindəki bıçaqla mənə üç dəfə zərbə vurdu, zərbədən sonra sinəmin sağ tərəfindən hava çıxdığını hiss etdim. Həmin vaxt gördüm ki, İsanın sağ əlində tiyəsi gümüşü rəngli böyük bıçaq var. Bundan sonra biz özümüz bir-birimizdən aralandıq, oradan uzaqlaşdıq. Bizi heç kim ayırmadı. İsadan ayrılıb avtomobil yoluna tərəf getdim, yola çatmamış yerə yıxıldım. Bir anlıq huşumu itirdim. Səddam məni qaldıran vaxt özümə gəldim. Mehralı və Səddamın köməkliyi ilə icra nümayəndəliyinə tərəf getdim. Mehralı dayım Qaraya zəng vurdu, bir neçə dəqiqə sonra Qara “Mercedes” markalı avtomobili ilə oraya gəldi. Mehralı, Ziyad və Səddam məni avtomobilə mindirərək Muğanlı kənd xəstəxanasına apardı. Orada mənə ilkin tibbi yardım göstərildi, yanımda olan şəxslərdən kimsə təcili tibbi yardıma məlumat verdi. Bundan sonra Ağstafa şəhərinə tez çatmaq üçün məni Qara avtomobilinə mindirərək Ağstafa şəhərinə tərəf hərəkət etdi. Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisində bir təcili tibbi yardım avtomobili ilə qarşılaşdıq. Məni təcili tibbi yardım avtomobilinə mindirərək Ağstafa rayon Mərkəzi Xəstəxanasına, oradan isə Qazax rayon Mərkəzi Xəstəxanasına apardılar”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Xəqani Səmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin əməli sübuta yetirilib və onun barəsində hökm elan edilib. 

Hökmə əsasən, İsanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top