“Məhəmməd Əsədov Qarabağdakı erməni terrorçu bazalarının sonuna çıxmaqdaydı...”

GÜNDƏM 20 noy 2021, 16:18
“Sizinlə çox danışmışıq bu faciənin detalları barədə... Üstündən 30 il keçir... Amma  müəmmalı, qaranlıq məqamlar o qədər çoxdur ki... Bu terrorla  qəhrəman dövlət xadimlərimiz, ziyalılarımız şəhid edildi. O vertolyotda... Rəhmətlik Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov...” 
 
Bunu Moderator.az-a açıqlamasında 1990-1991-ci illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış və 20 Noyabr faciəsi ərəfəsində Xankəndi və Ağdamda bir çox olayların şahidi olmuş istefada olan polis polkovniki Sadir Məmmədov söyləyib. 



“İsmət müəllimi xeyli yaxından tanıyırdım... Faciədən öncə bir həftəyə yaxın erməni terrorçularıyla mübarizə işləriylə bağlı bir yerdə Xankəndində, Ağdamda olmuşduq... Rəhmətlik prokuror kimi erməni yaraqlılarına, terrorçularına qan uddururdu... General Məhəmməd Əsədov da Qarabağdakı erməni terrorçu bazalarının axırına çıxmaqdaydı... Rəhmətlik “OMON”u bu işdən ötrü yaratmışdı. Həmin qurumun yaradılmasına Moskvadan icazə almaq üçün nə qədər əziyyət çəkdi... Rəhmətliklə də çox ünsiyyətimiz olub. Qarabağ ərazisindəki çox işləri mənə tapşırardı.... O qədər zəhmli, şəxsiyyətli bir general idi ki, mən Xankəndində, Ağdamda kabunetdə oturub işləyəndə elə bilirdim, Məhəmməd Əsədov başımın üstündə dayanıb” – açıqlamasının davamında bu fikirləri ifadə edən həmsöhbətimiz Qarakənd terrorunun törədildiyi məqamdakı hərbi-siyasi duruma diqqət çəkib və bu  facidəki itkilərimizdən sonra düşmənlərimizin daha da azğınlaşmasından və daha böyük faciələr törətməsindən də danışıb.
 
“Xülasə, düşmənlərimiz bu terror sayəsində bizi, gənc Azərbaycan dövlətini çox həlledici bir məqamda vurdu... Öncə dediyim kimi, həlak olan dövlət xadimlərimiz Qarabağ məsələsinin ədalətli həlli üçün xeyli işlər görmüşdü... Və ondan sonra uzun müddət özümüzə gələ bilmədik deyə, Daşaltı, Qaradağlı, Xocalı və s. faciələri baş verdi, Şuşa və Laçın işğal olundu...
Başda 20 Noyabr terror hadisəsi nəticəsində həlak olanlarımızın ailələri, doğma və əzizləri olmaqla xalqımıza baş sağlığı diləyir, “Allah rəhmət eləsin” deyirəm...
 
Amma gərək o faciədən sonra bizim dövlətimiz əlində olan qüvvə ilə  Qarakəndə hücum edib o ətrafdakı bütün erməni terror yuvalarını məhv edəydi. Heyf ki, dövlətimiz hələ yeni yaranırdı, rəhbərliyimizdə hələ Moskvadan çəkinən adamlar çox idi. Bu oğullarımız da gedəndən sonra lap zəif düşdük... Ordumuz cəmi iki ay idi, rəsmən formalaşmağa başlamışdı... Ermənistana isə həm Rusiyadan, həm də bəzi Qərb ölkələrindən böyük dəstək var idi...
 
Allaha min şükür ki, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə şəhid və qazilərimizin canı-qanı hesabına  torpaqlarımızın əksər hissəsi işğaldan azad olunub.  Məhz bu gün – bir il öncə 2020-ci ilin 20 noyabrında  Ağdam  heç bir şəhid, yaralı vermədən işğaldan azad olundu. Bu da sanki Allahın hökmüylə 20 Noyabr Qarakənd faciəsinin qisasının bir təzahürü oldu. İnşallah, tezliklə dövlətimizin, xalqımızın, ordumuzun gücü, qüdrəti sayəsində keçmiş Dağlıq Qarabağdakı digər ərazilərimiz də erməni separatçı və terrorçularından azad olunar və müstəqil dövlətimizin ilk milli siyasi elitasının ən görkəmli nümayəndələrinin, ziyalılarımızın şəhid edildiyi Qarakəndə də üçrəngli Azərbaycan bayrağı sancılar” - deyə polis polkovniki ümidlərini ifadə edib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top