Politoloq: “Sərhəd boyu yeni rus hərbi kontingentinin yerləşdirilməsi maraqlarımıza uyğun deyil”

GÜNDƏM 19 noy 2021, 16:53
“Sərhəd boyu yeni rus hərbi kontingentinin yerləşməsi Ermənistanın ömürlük Rusiyadan asılılığına gətirib çıxaracaq”. 

Bu sözləri Demokrat.az-a politoloq Yusif Bağırzadə Rusiya Prezidenti V.Putinin Azərbaycanla Ermənistan arasında son gərginliklə və rus sülhməramlı kontingentlə bağlı açıqlamasını şərh edərkən deyib. O bildirib ki, son günlər ərzində Ermənistanın bir-birinin ardınca həyata keçirdiyi təxribatlar vəziyyətin gərginləşməsinə səbəb olub: 

Yusif Bağırzadə - Publika.Az

“Təxribatlar isə Ermənistanın 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmasına və bununla da sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılmasını ləngitməyə xidmət edir. Paşinyanın üzərinə götürdüyü öhdəliklərdən qaçmağa səy göstərməsi ilk baxışdan daxili təzyiqlərlə izah olunsa da əslində vəziyyət tam başqadır. Ermənistanda keçirilən son parlament seçkiləri və onun nəticələri göstərdi ki, Paşinyanın ölkə daxilində mövqeləri güclüdür və müxalifət təqdim olunduğu qədər yetərli dəstəyə malik deyil. Bu isə o anlama gəlir ki, Paşinyanın öhdəliklərdən qaçması tamam başqa faktorlarla əlaqəlidir. Bu faktorlar içərisində ən başlıca rol ABŞ və Fransanın mövqeyi ilə bağlıdır. Rusiyanın təkbaşına vasitəçilik missiyası ilə proseslərdən təcrid olunan qərb hər nə olursa olsun yenidən proseslərə qoşulmaq istəyir. Bu isə yalnız Rusiyanın vasitəçilik missiyasının fiaskoya uğraması halında, yəni başqa sözlə Azərbaycan və Ermənistan arasında münasibətlərin yenidən kəskinləşməsi ilə mümkündür. Rəsmi İrəvanın davamlı şəkildə KTMT-yə müraciətləri, Rusiya ilə təhlükəsizliklə bağlı ikitərəfli müqaviləni əsas götürərək ondan yardım istəməsi də əslində Paşinyanın oynadığı ikili oyunun tərkib hissəsidir. KTMT-də Azərbaycan əleyhinə hər hansı bir qərarın qəbul olunmayacağını yaxşı bilən rəsmi İrəvan bununla da “siz kömək etmədiniz deyə biz ABŞ və Fransaya müraciət etmək məcburiyyətində qaldıq” deməklə faktiki olaraq Rusiyanın vasitəçilik missiyasına kölgə salmağa cəhd göstərəcəyini düşünür”.

Politoloqun sözlərinə görə, Rusiya isə oynanılan oyunun nədən ibarət olduğunu yaxşı bildiyi üçün baş vermiş gərginlikdən öz maraqları üçün istifadə etməyə çalışır: “Rusiya rəsmilərinin bir-birinin ardınca atəşkəsi biz təmin etdik, müharibənin dayandırılmasına biz nail olduq, sərhəddəki son gərginlik də bizim səylərimizlə sabitləşdi mesajları digər qüvvələri prosesdən kənar tutmağa və hər şey nəzarətimizdədir mesajını verməyə hesablanıb. Putinin “vəziyyətin nizamlanmasında Rusiyanın rolu artıb” deməsinə də məhz bu konteksdən baxmaq lazımdır. Xatırlayırsınızsa, Putin bundan əvvəl də sərhədlərin müəyyənləşməsində iştirak etmək və vasitəçi olmaq arzusunda olan qərb dairələrini prosesdən kənar saxlamaq üçün “sərhədlərlə bağlı xəritələr Rusiyanın Baş Qərərgahındadır” bəyanatını vermiş və bununla da kənar müdaxiləyə ehtiyac yoxdur mesajını vermişdi. İndi isə Azərbaycan və Ermənistan arasında olan gərginlikdən öz maraqları üçün istifadə etməyə çalışan Putin rəsmi İrəvanın gələcəkdə Rusiyanı proseslərdən kənarda saxlamaq niyyətlərinə birdəfəlik son qoymaq üçün “son hadisələr göstərdi ki, Azərbaycan və Ermənistan arasında gərginlik davam edir və vəziyyətin həlli üçün sülhməramlı kontingent tələb olunur” bəyanatı ilə çıxış edir. Bu o anlama gəlir ki, Rusiya bütün sərhəd boyu öz hərbi kontingentini yerləşdirməyi planlaşdırır və regionda onsuzda kifayət qədər olan qüvvələrinin sayını artırmaq istəyir. Bu mənada son hadisələrin həm də Rusiyanın maraqlarına xidmət etdiyini deyə bilərik. Bütün bunlar onu deməyə əsas verir ki, həm Qərb, həm də Rusiya Ermənistanın son təxribatlarından faylanmağa çalışır”.

Y.Bağırzadə əlavə edib ki, son bir il ərzində Rusiya sülhməramlı kontingentinin öz missiyalarına uyğun mövqe sərgiləmədiyini nəzərə alsaq deyə bilərik ki, sərhəd boyu yeni rus hərbi kontingentinin yerləşdirilməsi dövlət olaraq bizim də maraqlarımıza uyğun gəlmir: “Amma bundan daha çox əziyyət çəkən tərəfin birmənalı olaraq Ermənistan olacağı da şübhəsizdir. Sərhəd boyu yeni rus hərbi kontingentinin yerləşməsi nəticə etibarilə Ermənistanın ömürlük Rusiyadan asılılığına gətirib çıxaracaq. Ermənistan bundan nəticə çıxarmalı və sərhədlərin müəyyənləşməsi, eləcə də komunikasiyaların açılması işini sürətləndirərək Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top