“İranın başqa yolu qalmayıb, Azərbaycana qarşı düşmənçilik regionda onun təklənməsinə gətirib çıxarır”— AÇIQLAMA

GÜNDƏM 16 noy 2021, 18:20
İran prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Tehranda qəbul edərkən ölkəsinin Azərbaycan və Türkiyə ilə əlaqələrindən danışıb. O, bildirib ki, İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır və bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var.

Məsələyə münasibət bildirən politoloq Natiq Miri Demokrat.az-a açıqlamasında bildirib ki, bu, Azərbaycana yönəlik jest kimi dəyərləndirilməli deyil.

Politoloq qeyd edib ki, İranın başqa yolu qalmayıb və Azərbaycana qarşı düşmənçilik regionda onun təklənməsinə gətirib çıxara bilər: “İran prezidenti İbrahim Xəlil prezident seçilərkən bəyan etmişdi ki, ilk xarici siyasət prioriteti qonşu ölkələrlə münasibətlərin ən yüksək səviyyədə olması ilə bağlı olacaq. Ancaq nədənsə prezident kürsüsünə oturandan sonra biz bunun Azərbaycana qarşı tamamilə əksini gördük. Buna görə də İran üçün bu Azərbaycana yönəlik jest kimi dəyərləndirilməli deyil. İranın başqa yolu qalmayıb, Azərbaycana qarşı düşmənçilik regionda onun təklənməsinə gətirib çıxarır. Qeyd edim ki, İranın Azərbaycanla düşmənçiliyi bu gün onu məhv etmək istəyən dövlətlər üçün münbit bir şərait yaradırdı. Çünki Azərbaycan İranı məhv etmək üçün ən gözəl plazdarımdır. Azərbaycan Amerika Birləşmiş Ştatları, İsrail, Pakistan üçün ən gözəl plazdarm ola bilər. Ancaq Azərbaycan hər zaman bəyan edib ki, xarici ölkələr üçün qonşu ölkələrə qarşı heç bir zaman plazdarm olmayacaq. İranın bunları dəyərləndirməsi lazım idi. Ancaq çox təəssüf ki, görmədik. Ona görə də İran prezidentinin bu cür açıqlamalarına o qədər də fikir vermək lazım deyil. Bunlar siyasətdə şablon protokol olaraq səsləndirilən fikirlərdir və mühiti yumşaltmağa yönəlib. Ayrıca “3+3” layihəsindən kənarda qalmaq İrana heç nə qazandırmayacaq. Çünki bilirsiniz ki, bu İranın yeni bazarlara çıxışını, eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, Qara dənizə, ordan da çox rahatlıqla Avropaya yaxud da Şərqə çıxışını təmin edəcək. İran burda qazanan tərəfdir”.

Politoloq qeyd edib ki, platforma Ermənistan, Gürcüstan üçün də çox ciddi keçərlidir:

“Bu siyasətin adı “Qazan!, Qazan!” siyasətidir, yəni bütün tərəflər qazanır, itirən yoxdur. Yeni maliyyə bazarlarına çıxışları təmin edilir ki, burda da əsas qazanan tərəflərdən biri də məhz İran və Ermənistandır. Çünki bu gün blokadada olan, ciddi iqtisadi sanksiyalara məruz qalan İran dövlətidir. Ona görə də düşünürəm ki, İran böyük məmnuniyyətlə, bu projedə iştirak etməyə razılıq verəcək, çünki bunun alternativi İran üçün arzuolunan deyil. Ayrıca, İran Amerika Birləşmiş Ştatları arasında nüvə danışıqlarının prespektivi də hələlik şübhə altındadır. Bu baxımdan gələcək prespektivdə nələrin olacağı İran üçün qaranlıqdır. Ayrıca, Azərbaycanla münasibətlərin korlanması Türkiyə ilə münasibətlərin korlanmasına gətirib çıxaracaq. Bu da İrana lazım deyil. Ona görə də düşünürəm ki, bütün anlamda əməkdaşlıq İran üçün yararlıdır. Eyni zamanda, Azərbaycan Türkiyə kimi regionun ən güclü ölkələri ilə əməkdaşlıq İran ticarətinin inkişafına gətirib çıxaracaq. İran prezidentinin dediyi sözlər nə qədər boğazdan yuxarı olsa da gerçəkliyi göstərir və bu gerçəklik də əslində Azərbaycan və Türkiyədən yaranır. Ayrıca, İran heç kəsə sirr deyil ki, bütün zamanlarda düşmən Ermənistanı dəstəkləyib və bu gün də davam edir. Ona görə də Azərbaycanı da özünə düşmən etməklə, əslində İran özü üçün çox böyük quyu qazırdı. Çünki bu gün İranı məhv eləməyə çalışan onlarla dövlət var. Çox maraqlıdır ki, bütün ətraf dövlətlərlə İran düşmən səviyyəsindədir. Əlbəttə ki, bu kontekstdə Azərbaycan və Türkiyə ilə əlaqələri pozmaq İrana heç nə qazandırmayacaq, bunlar reallıqdır. Nəhayət ki, bu reallığı İrana başa saldılar”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top