“Daxildə istehsal olunan məhsulların qiyməti niyə artır?”

GÜNDƏM 12 noy 2021, 22:18
“Üzərində “Made in Azerbaycan” yazılıbsa, hələ o demək deyil ki, həmin məhsul tam şəkildə yerli məhsuldur...”
 
“İstehsalı lokallaşdıra bilməməyimiz səbəbindən idxal inflyasiyası hətta Azərbaycanda istehsal olunan bir sıra məhsullarda da öz əksini tapır...”
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov ərzaq qiymətlərindəki artımı əsasən xarici amillərlə əlaqələndirərək deyib: “Dünya bazarlarında son 12 ildə ən yüksək qida qiymətləri bu il müşahidə olunur. Bu sahədə xüsusilə ölkəyə idxal olunan qida məhsullarını qeyd edə bilərik. Hətta Azərbaycanda istehsal olunan məhsul olsa da belə, qiymətlərlə bağlı bir təzyiq var”. 

Görəsən, nazir bu fikirləri hansı əsaslarla deyir? “Azərbaycanda istehsal olunan məhsullara belə, qiymətlərlə bağlı bir təzyiq var” deyərkən məhz nəyi nəzərdə tutur?
 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları bildirib:
 
“O fikirlə razıyam ki, sözsüz ki, Azərbaycandakı inflyasiya əsasən idxal inflyasiyasıdır.  Ölkəyə idxal olunan məhsulların qiymətləri dünya bazarıyla tənzimlənir. Dünya bazarında isə qiymət artımı danılmazdır. Yəni 2021-ci ildə gözlənilən idi ki, dünya iqtisadiyyatındakı böhran bu inflyasiya artımına gətirəcək. Və biz bunun şahidi oluruq. Amma məsələnin  ikinci tərəfi var. Mikayıl Cabbarov tərəfindən də qeyd olunur ki, ölkə daxilində istehsal olunan məhsulların da qiyməti artıb. Mən bu məsələnin üzərində dayanmanın tərəfdarıyam. Niyə daxildə istehsal olunan məhsulların da qiyməti artır? Ona görə ki, biz ölkəmizdəki istehsalı lazımi qədər lokallaşdıra bilməmişik. Çünki bizdə hansısa bir qida məhsulunun istehsal yeri Azərbaycan kimi göstərilibsə, üzərində “Made in Azerbaijan” yazılıbsa, bu hələ o demək deyil ki, həmin məhsul tam şəkildə yerli məhsuldur.  Çox təəssüflər olsun ki, bizim bir sıra istehsal etdiyimiz məhsulların strukturunda, onların qiymətlərində və onların bazara çıxarılmasıyla bağlı bütün  proseslərdə idxalın 80, hətta bəzi hallarda 90 faizə qədər xüsusi çəkisi və payı var. Belə olan halda nəzərə almaq gərəkdir ki, bu gün ABŞ-da müxtəlif ekspert hesablamalarına görə, sənaye inflyasiyası 20 faizə çatıb. Və sözsüz ki, Avropada da həmin göstərici təqribən eyni rəqəmə bərabərdir. Yəni siz  Amerika, yaxud Avropada istehsal olunmuş həmin məhsulları xammal şəklində ölkəyə gətirib burada  istehsal prosesi qurursunuzsa, sizin son nəticədə Azərbaycan məhsulu saydığınız məhsullarda qiymət artımı idxal olunacaq. Odur ki, biz idxalın əvəz olunmasını sistemli şəkildə həyata keçirməliyik. Biz xammaldan tutmuş son istehsal olunmuş  və istehlak bazarına çıxarılan məhsulların son zəncir həlqəsinə qədər hər şeyi yerli istehsal hesabına etməsək,  inflyasiyanın idxalından qaça bilməyəcəyik.  Ona görə də təəssüflər olsun ki, istehsalı lokallaşdıra bilməməyimiz səbəbindən idxal inflyasiyası hətta Azərbaycanda istehsal olunan bir sıra məhsullarda da öz əksini tapır.   
 
İqtisadiyyat  nazirinin də Azərbaycanda istehsal olunan məhsullara belə, qiymətlərlə bağlı nəzərdə tutduğu təzyiqi bu dediklərimdə görürəm.  Çünki öncə dediyim kimi, müəyyən məhsullar Azərbaycanda istehsal olunmuş hesab olunsa da, fikrimcə, onların istehsal prosesində idxal çox yüksək xüsusi çəkiyə malikdir”- deyə iqtisadçı professor vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top