Vüqar Rəhimzadə: “Arxada qalan bir il mədəniyyət paytaxtımız üçün əlamətdar olub”

GÜNDƏM 11 noy 2021, 17:54
“Tarixi Zəfərimizin birinci ildönümünü böyük sevinc və coşqu  ilə qeyd edirik. Qarabağımızın tacı, Azərbaycanın döyünən ürəyi, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi gün çoxəsrlik tariximizə  Zəfər Günü kimi həkk edilərək,  əbədi qızıl hərflərlə yazıldı.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşamızın işğaldan azad edildiyi tarixdə, Zəfər Günündə mədəniyyət paytaxtımıza səfərləri bayram  sevincimizi daha da artırdı, hər birimizi qürurlandırdı.  

7-8  noyabr tarixlərində reallaşdırılan bu səfər çərçivəsində   bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirildi.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk olaraq Füzulidə  Füzuli-Şuşa, Zəfər yolunun açılışında iştirak etdilər.  Bu yolun tikintisi və qısa zamanda istifadəyə verilməsi özündə bir çox məqamları ehtiva edir.  Ən əsası  Şuşamızın işğaldan azad edilməsinə, Vətən oğullarının qəhrəmanlığına, göstərdikləri şücaətə,  ən ağır  döyüş əməliyyatına şahidlik edən bu yolun əbədiləşdirilməsi  xalqımızda  böyük rəğbət  hissi yaradır.

Arxada qalan bir il mədəniyyət paytaxtımızın həyatında çox mühüm tarixi məqamlarla əlamətdar olub. İşğalın davam etdiyi 28 il ərzində hər ilin may ayında  düşmən bizim üçün müqəddəs olan Şuşanın  işğal gününü  bayram edirdi. Bu ilin may ayında isə son 28 ildə ilk dəfə   Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, qədim mədəniyyət mərkəzimizdə  muğamlarımız  səsləndi. Avqust ayında Şuşada daha bir  tədbir - Vaqif Poeziya Günləri baş tutdu, Molla Pənah Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada hərbçilər qarşlısında çıxışı zamanı bu əminliyi ifadə etmişdir ki, artıq bu torpaqlarda yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bütün beynəlxalq təzyiqlərə,  hədə-qorxulara rəğmən, xalqımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi, ordunun arxasında dayandı və   şərəfli tarixi  missiyanı yerinə yetirdi. Dünyaya səs salan Zəfərimiz Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin qətiyyətinin, xalqımızın iradəsinin, birliyinin, ordumuzun gücünün, real həqiqətlərə,  tarix faktlara əsaslanan təbliğatımızın təqdimatı oldu. Gec-tez ədalətin zəfər çalacağını bilirdik. 44 gündə 30 ilin işğalına, ədalətsizliyinə son qoyulması bunun bariz nümunəsidir.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, səfər çərçivəsində, həmçinin  Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlləri qoyuldu.  Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış oldular. Şuşada Topxana meşəsinin bərpasına start verildi  və ağacəkmə aksiyası keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Göründüyü kimi, atılan hər addım  Müzəffər Ali Baş Komandanın Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikirlərinin artıq  reallıqda öz əksini tapdığını  təsdiqləyir. Şuşanın Baş planı təqdim edilib. Hər daşı, qayası tarix olan mədəniyyət paytaxtımızın, həmçinin digər işğaldan azad edilmiş torpaqlarımızın bərpası zamanı tarixi ənənələrin qorunması,  yeni, təkmil formada  yenidənqurma işlərinin aparılması prioritet məsələ kimi qarşıya qoyulub. Bu gün bu torpaqlarda görülən işlər Azərbaycan xalqının qurucu, yaradıcı xalq olduğunu dünyaya nümayiş etdirir. Ermənilərin 30 ildə bu ərazilərdə törətdikləri dağıntıları bərpa etmək üçün zamana ehtiyac var. Bütün hallarda dövlət başçısı İlham Əliyev soydaşlarımızın Böyük Qayıdışının tezliklə reallığa çevrilməsi üçün zəruri olan bütün işləri görür.»

YAP Xətai rayon təşkilatının sədri Zəfər bayramının Şuşamızda qeyd edilməsinin özündə ehtiva etdiyi məqamlara diqqəti yönəldərək bildirib ki, artıq torpaqlarımız tarixi sahibindədir: «Bundan sonra bu torpaqlarda əbədi olacağıq. Dövlət başçısı İlham Əliyev  2003-cü ildə ilk dəfə Prezident seçilən zaman Azərbaycan xalqına müraciət edərək bildirmişdi ki,  nəyin bahasına olursa-olsun,  tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. Əsas amal ərazi bütövlüyümüzün bərpası idi. Bu illər ərzində Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, təcrübə göz önündədir. Ölkəmizin istənilən mövzunun müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində qazandığımız uğurlar əsas rol oynayır. Buna əmin olamaq üçün hətta  İkinci Qarabağ müharibəsi  dövründə də  Azərbaycanın dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsinə, səylərin birləşdirilməsinə xidmət edən təşəbbüslərinə və onların reallığa çevrilməsinə diqqət yetirmək kifayətdir.  Bu günlərdə VIII Qlobal Bakı Forumunda da dövlət başçısı İlham Əliyev diqqəti bu kimi məqamlara yönəldərək hər bir məsələnin mahiyyətində dayanan ədalət prinsipini xüsusi olaraq vurğuladı. Hər bir çıxışında artıq tarixə qovuşan keçmiş Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Prezident İlham Əliyev bu Forumda tamamilə başqa mənzərəni təqdim etdi. Dövlət başçısının qeyd etdiyi kimi,   Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzu Ermənistan-Azərbaycan münaqişəsi idi. Bu gün isə  münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi.  Ölkəmiz özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı.»

"Artıq dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda Azərbaycanın ədalətsizliklə  üzləşdiyi o illər tarixə qovuşdu» söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Zəfərimiz yeni reallıqlar yaradıb. Bu reallıqları diktə edən tərəf Azərbaycandır: “Hər kəs yeni reallıqları qəbul etməyə məcburdur. Bu faktın özü ölkəmizin regionda və dünyada söz sahibi olmasının göstəricisidir. Siyasətində  ədalətə, beynəlxalq hüquqa önəm verən dövlət dünya birliyində layiqli yerini tutacaq, sözünün əhəmiyyətini əməli fəaliyyəti ilə  təsdiqləyəcək. Azərbaycan bu gün bu modeli nümayiş etdirir.”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top