Ağdaşda yaşlı kişi arvadını evdən qovdu, qızı isə... — Təfərrüat

KRİMİNAL 11 noy 2021, 13:40
Ağdaş rayonunda 1947-ci il təvəllüdlü Ramil şəxsi münasibətlər zəminində arvadı Bahara (adlar şərti verilib- red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramil 10 sentyabr 2021-ci ildə, saat 09.30-da Ağdaş rayonu, Kükəl kəndində yerləşən yaşadıqları evin yataq otağında şəxsi münasibətlər zəminində arvadı Bahar ilə mübahisə edib. 

Mübahisə zamanı Ramil əsəbləşərək yumruqla Baharı bir neçə dəfə sifət, baş, sinə və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil bildirib ki, Bahar onun həyat yoldaşıdır: “Bahar ilə 1998-ci ildə ailə qurmuşam. Birgə nikahımızdan bir qızımız var. Qızımız hal- hazırda ərdədir. Təxminən bir ilə yaxın müddətdir ki, Bahar ilə münasibətlərimiz pisləşib. Eyni evdə müxtəlif otaqlarda yaşamışıq. Lakin Bahar ilə aramızda yenə də müxtəlif səbəblərdən mübahisələrimiz baş verib. Bahar ilə danışmamışam. Dəfələrlə arvadımdan istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməyini tələb etsə də, arvadım istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməyib. Buna görə də aramızda narazılıq artıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 10-da, saat 09.30-da arvadı Baharın yaşadığı otağa girib və ondan istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməli olduğunu bildirib: “Həmin vaxt arvadım istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməyəcəyini bildirdi. Buna görə də arvadıma istifadə etdiyi elektrik enerjisinin pulunu verməyəcəksə, evdən getməsini tələb etdim. Həmin vaxt arvadım ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı arvadımı yumruqla bir neçə dəfə sifət, baş, sinə və kürək nahiyələrindən vurdum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bahar qeyd edib ki, Ramil ilə ailə qurandan sonra əvvəllər çox mehriban yaşayıb: “Birgə nikahımızdan bir qız övladımız dünyaya gəldi. Qız övladımız bir neçə il əvvəl ailə quraraq ər evinə getdi. Buna görə də hal-hazırda ərim Ramil ilə birlikdə tək yaşayırıq. Son vaxtlar Ramil spirtli içkiyə qurşandı. Hər gün spirtli içki içirdi, hər gün sərxoş olurdu. Dəfələrlə ona spirtli içki içməməsini bildirsəm də, ərim hər gün spirtli içki içirdi. Bu səbəbdən də təxminən bir ilə yaxın müddətdir ki, ərim ilə eyni evdə ayrı-ayrı otaqlarda yaşayırıq”.

Baharın sözlərinə görə, sentyabrın 10-da, saat 09.30-da yaşadıqları evdə olan zaman əri onun yaşadığı otağa girib: “Mənə elektrik enerjisindən istifadə etməməyi və evdən getməli olmağımı tələb etdi. Buna görə də həmin vaxt ərimlə aramızda mübahisə yarandı. Mübahisə zamanı ərim mənə yaxınlaşaraq yumruqla bir neçə dəfə sifət, baş, sinə və kürək nahiyələrimə vuraraq mənə xəsarət yetirdi. Daha sonra ərimin əlindən çıxaraq otaqdan çıxdım. Qızıma zəng edərək ərimin məni döyməsi barədə məlumat verdim. Qızım da Daxili İşlər Nazirliyinin “102 Xidməti”nə zəng etdi və hadisə barədə məlumat verdi”.

Bahar qeyd edib ki, əri ilə barışıb, ona qarşı şikayətçi deyil. 

Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində baxılıb. 

Ramilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 6 ay şərti cəza təyin edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top