Deputatlar Zəfər Gününü harada qeyd ediblər?

GÜNDƏM 08 noy 2021, 21:51

Bu gün Azərbaycan Ordusunun dastana dönmüş Zəfərinin 1 ili tamam olur. 8 Noyabr Zəfər Günü yürüşlər, fləşmoblar və digər tədbirlərlə qeyd edilib.

Milli Məclisin deputatları Zəfər günü harada olub, nə ediblər?

Modern.az-ın əməkdaşı bu sualla parlamentin bəzi üzvlərinə müraciət edib.

124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov:

“Zəfər gününü hazırda Xocavəndə qeyd edirəm”.

 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas:

“Hazırda rayondayam və Zəfər gününü burada qeyd etdim. Harda olmağımızdan asılı olmayaraq, Azərbaycanın hər rayonunda, küçəsində zəfər sədaları var”.
92 saylı Zərdab-Ucar seçki dairəsinin deputatı Jalə Əliyeva:

“8 Noyabr möhtəşəm bir gündür, hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür.  Seçildiyim Zərdab və Ucar rayonlarındakı tədbirlərdə iştirak etdim, ictimaiyyətlə görüşlərdə oldum.  Zərdabda Şəhidlər Xiyabanının açılışında iştirak etdim.  Hər iki rayondakı ağacəkmə aksiyasına qatıldım. Qazi və şəhid ailələri ilə görüşdüm. Mən Zəfər Gününü bu şəkildə qeyd etdim”.

26 saylı Sabunçu birinci seçki dairəsinin deputatı Fazil Mustafa:

“Zəfər Gününü evdə qızımla qeyd etdim. Futbol oynarkən ayağım zədələnib, onun üçün evdən çıxa bilmədim. Xeyli təbrik mesajı aldım və təbrik yolladım. Ayağımdakı problemlə bağlı tədbirlərdə iştirak etmədim”.
123 saylı Kəlbəcər seçki dairəsinin deputatı Aqil Məmmədov:

“Zəfər Gününü öncə Gəncədə raketlə dağıdılmış ərazilərə baş çəkərək qeyd etdik. Daha sonra müəyyən tədbirlərə qatıldıq. Hazırda ağacəkmə aksiyasından çıxıb evə yollanıram”.
62 saylı Saatlı seçki dairəsinin deputatı Əziz Ələkbərli:

“Keçirilən müəyyən tədbirlərdə iştirak etdim. Saatlı rayonunun 36 şəhidinin adına ağacəkmə aksiyasında iştirak etdim. Hazırda yoldayam şəhid ailələri ilə görüşməyə gedirəm. Səhər də şəhid ailələri ilə bir yerdə olacam”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top