Hakim Mövlam Şıxəliyevə "müəllim" deyə müraciət edir — Zərərçəkmişlərdən etiraz

SOSİAL MEDİA 26 okt 2021, 17:56
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan bugünki prosesə jurnalistlər buraxılmayıb.

Hakimin göstərişi ilə jurnalistlərin iclasa buraxılmaması üçün heç bir əsas göstərilməyib. 

Daha sonra başlanan iclasda zərərçəkmişlərdən biri Zaur Əliyev vəsatətlə çıxış edib. Zərərçəkmiş deyib ki, təqsirləndirilən şəxs Mövlam Şıxəliyevlə prosesə sədrlik edən hakim Elbəy Allahverdiyev eyni qrumda işləyib. Deyib ki, vaxtı ilə Elbəy Allahverdiyev Mövlam Şıxəliyevin rəhbərliyi altında işləyir, hakim ona "müəllim" deyə müraciət edir. 

Zərərçəkmiş deyib ki, hakimin təqsirləndirilən şəxsə "müəllim" deyə müraciət etməsi yolverilməzdir. Onun sözlərinə görə, hakimin bu hərəkəti məhkəmənin çıxaracağı qərarı şübhə altına alır.

Bu səbəbdən zərərçəkmiş hakimin dəyişdirilməsi barədə etiraz verib. Hakimlər vəsatətə münasibət bildirmək üçün müşavirəyə yollanıblar.

Hakim etirazı qəbul etməyib. Hakimin bu qərarına zərərçəkmişlər etiraz ediblər. Onlar hakimi Mövlam Şıxəliyevi müdafiə etməkdə ittiham ediblər. Zərərçəkmiş iş adamı Hüseyn Səfərov hakimin ünvanına daha sərt ittihamlar səsləndirib. O hakimi amövlam Şıxəliyevin müdafiə etməsi ilə bağlı müvafiq qurumlara müraciət edəcəyini bildirib.

Bu zaman prosesdə səs-küy yaranıb. Hakim Hüseyn Səfərovu zaldan çıxarıb. 

Daha sonra digər zərərçəkmişlər hakimə etiraz olaraq məhkəmə zalını tərk ediblər.

Fasilədən sonra davam etdirilən prosesdə zərərçəkmişlər hakimə etiraz ediblər.

Bu səbəbdən cinayət işi üzrə adı keçən zərərçəkmişlər məhkəmə zalını tərk ediblər və prosesdə iştirak etməkdən imtina ediblər.

Növbəti proses noyabrın 2-nə təyin olunub.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top