Ata Abdullayevin işində olan zərərçəkənlər danışır: "Dedi ki, 15 min manat ver, videonu silim"

KRİMİNAL 26 okt 2021, 13:45
Həbsdə olan bloqer Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Elçin Əliyev ifadə verib. O bildirib ki, Ata Abdullayev sosial şəbəkələrdə onun haqqında yalan və əsassız rüsvayedici faktlar paylaşıb: "Yanvar ayının sonu idi, mənə dedilər ki iki nəfər gəlib çəkiliş aparıb. Mən növbəti gün maşında oturub gözlədim bunları. Onlar yenidən gələndə çəkilişin hansı səbəbdən aparmalarını soruşdum. Mənə dedi ki, əlimdə faktlar var sən qanunsuz tikinti işləri aparırsan və burda ağacları qanunsuz olaraq çıxarmısan. Mənə dedi ki ya 15 min manat verəcəksən, ya da bu faktları sosial şəbəkələrdə paylaşıb səni biabır edəcəm, milləti üstünə qaldıracam. Fevralın 3-ü zəng etdi mənə dedi ki, çəkiliş edib, ekologiya nazirliyindən də 2 nəfər nümayəndə gətirib. Dedi ki 15 min manat ver, videonu silim".

Ata Abdullayev isə zərərçəkmişi tanımadığını və ona qarşı səsləndirdiyi ittihamlarla razılaşmadığını deyib.

Hakim Elçin Əliyevin məhkəməyə təqdim etdiyi ərizəsini elan etdi. Ərizədə bildirilib ki, zərərçəkmişin işlərinin olduğuna görə növbəti prosesdə iştirak edə bilməyəcək və qərarı məhkəmənin səlahiyyətinə buraxır.

Digər zərərçəkmiş Cəmil Babayevin sözlərinə görə, Ata Abdullayev onu ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib: "Noyabrın ortaları idi, həmin ərəfədə ölkədə güclü küləklər müşahidə olunurdu. Güclü külək axşam saatlarında Yasamal rayonu Hakim Abbasovdakı abyektimin qarşındakı ağacı aşırmışdı maşının üstünə. Aidiyyatı qurumlara zəng etdim səhəri günü gəldilər ağacı kəsib görürdülər. Orda da iş gedirdi bunla bağlı bu zaman Ata Abdullayev əlində telefon canlı yayım açaraq mənim haqqımda yersiz ittihamlar səsləndirirdi. Bu adam ora gəlib aşmış ağacı mənim adıma çıxartdı, guya ağacı mən kəsmişəm. Məndən 7 min manat pul istədi və dedi ki yalnız belə olan halda videonu paylaşmayacam. 2 dəfə çəkiliş edib. Mən Ata Abdullayevi 1 dəfə görmüşəm".

Növbəti proses noyabrın 2-də davam edəcək.

İttihama görə, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib.

Ata Abdullayev Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışları ilə bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edib, ondan 10 min manat istəyib.

Son nəticədə 2400 manatlıq “iPhone” 11 Pro Max telefonu alıb.

Bundan başqa, Ata Abdullayev Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 manat istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Ata Abdullayev aşmış ağacı videoya çəkərək sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul istəyib.

Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin martında saxlanılıb.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top