Şeyx Cüneyd türbəsi: dünən və bu gün (VİDEO)

MƏDƏNİYYƏT 23 okt 2021, 22:34
Bu günlərdə Xaçmaz rayonuna səfərimin əsas məqsədi əslində Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsini ziyarət etmək idi.

Öncə ondan başlayım ki, şimal zonasına daxil olan rayonlar - Quba, Xaçmaz və Qusar ölkəmizin tarixi inkişafında mühüm rol oynamış ərazilərindəndir. Hələ XIII-XV əsrlərdə ölkəmizə şimaldan başlanan yürüşlər və basqınlar etmiş işğalçıların yolu məhz bu ərazilərdən keçmiş və həmin yürüşlərin izi bu gündə qalmaqdadır. 1544-cü ildə inşa edilən Şeyx Cuneyd turbəsi də məhz bu hadisələrin şahidi olmuş maddi mədəni-irs nümunələrimizdəndir.

***

Oktyabr ayında Samur qəsəbəsindən üzü Həzrə kəndinə doğru yol boyu qızıl payızın əlamətlərini hər addımbaşı görmək olur. Rusiya ilə dövlət sərhəddi boyunca axan Samur çayı ətrafa ayrı bir gözəllik verir. Asfalt yol, Həzrə kəndinədək keçdiyimiz bir neçə kənddə istifadəyə verilmiş müasir orta məktəblər, digər inzibati komplekslərin olması diqqətimdən yayınmadı. Yaşayış məntəqələrində yenicə istifadəyə verilən “Şəhid bulaqları” isə bu ərazilərdə yaşayan həmvətənlilərimizin Azərbaycanı necə ürəkdən sevdiklərindən xəbər verirdi.

Nəhayət, Həzrə kəndinə çatıram. Dərs vaxtı bitdiyindən yolboyu hərəkət edən uşaqlardan türbənin yerini soruşuram. Məktəblilərin türbənin yerini Azərbaycan dilində çox çətinliklə ifadə etmələri məndə bir anlıq təəssüf hissi yaratdı. Yolu səhv saldığımdan geri qayıdıram. Uca təpənin yanında möhtəşəm görünüşü ilə əzəmətli Xan çinarlarının sanki gölgəsinə sığınmış turbəni nəhayət ki görürəm.

Kəndin bələdiyyə sədriylə əlaqə yaradıb türbə ilə yaxından tanış olmaq istədiyimi bildirirəm. Çox keçmir bələdiyyə sədrinin müaviniylə birlikdə xanım mühafizəçi gəlir. Və türbə ilə tanışlıq başlayır.

Xanım mühafizəçinin türbə haqqında söylədiyi fikirlərdən bəzi məqamlar diqqətimi çəkdi. Söhbət zamanı öyrənirəm ki, xanım otuz iki ildir türbənin mühafizəsiylə məşğuldur. Bundan əvvəl isə xanım mühafizəçi Məhbubə Kərimovanın qayınanası Simnarə xanım, ondan əvvəl isə Simnarə xanımın qayınatası Abdulkərim kişi türbənin mühafizəsiylə məşğul olub, həmçinin ziyarətə gələn qonaqları türbə ilə tanış edərək məlumatlandırıblar. Əslində bu ailə türbənin mühafizəsi üçün çox ciddi addımlar atıb.

Xanım mühafizəçi danışır ki, ötən əsrin səksəninci illərində türbənin ətrafında qoruyucu tor olmadığından bir çox hallarda əhalinin mal-qarası müəyyən mənada türbəyə ziyanlıq vurur, ziyarətə gələnlərə narahatlıq yaradırdı. Odur ki, rəhmətlik Simnarə xanım mühafizə üçün hökumətdən aldığı səksən manatlıq əməkhaqqını toplayaraq türbənin ətrafına dəmir tor çəkdirmişdi.

Keçmiş sövet dövründə, İkinci Dünya müharibəsi illərində türbə taxıl ambarı kimi istifadə edilibmiş. Çar Rusiyasının hakimiyyəti ilərində isə burada mədrəsə fəaliyyət göstərib. Türbəyə iki tərəfdən giriş var. Birinci giriş əvvəl mədrəsə kimi fəaliyyət göstərmiş hissədən, ikincisi əsas hissədən birbaşa Şeyx Cüneydin məzarı olmuş hissədəndir.

İkinci və bu gün giriş kimi istifadə edilən hissədə Şeyx Cüneydin məzarı olmuş hissənin üzərində sənduqə bərk ağacdan nəfis işlənmiş şəbəkəli çərçivəyə alınmış, üzərində mənbər qoyulmuşdur. Belə güman etmək olar ki, türbədən bir zamanlar məscid kimi istifadə edibmişlər. Türbənin üzəri böyük bir günbəzlə örtülmüşdür.

Xanım mühafizəçinin tarixi faktlara söykənən fikirlərindən:

- Məlumdur ki, Şeyx Cüneyd Şah İsmayıl Xətainin babasıdır. Şirvanşahlar və Ərdəbil hakimlərinin mübarizə tarixindən o da məlumdur ki, Qusar rayonu ərazisində 1456-cı ildə I Xəlilullahın başçılıq etdiyi Şirvanşahlar və Şeyx Cüneydin başçılıq etdiyi Qızılbaşlar arasında baş vermiş döyüşdə, ikinci ordunun rəhbəri Çeyx Cüneyd ağır yaralanaır. Və yaralı vəziyətdə olan şeyxi ətrafı Həzrə kəndinin sıx meşə ərazisinə gətirir. O zaman kənd hələ salınmamışdı. Yaralı vəziyyətdə olan şeyxi müalicə etmək mümkün olmadığından təpənin altındaca dünyasını dəyişir. Və elə buradada onu dəfn edirlər. Səfəvilər Şirvanda hakimiyyəti tam ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir. Bu məlumatı tikilinin şimal fasadında yerləşdirilmiş kitabə də sübut edir.

XVI əsrdə Şeyx Cüneydin qalıqları Ərdəbilə köçürülüb. Belə güman etmək olar ki bu hadisə türbənin inşasından bir müddət sonra baş vermişdir. Türbənin inşa edildiyi vaxtda Səfəvilərin artıq geniş ərazilərdə hakimiyyətə malik olduğu nəzərə aldıqda, Şah I Təhmasibin ulu babasının qalıqlarını köçürdüyü zaman onun vaxtilə dəfn edildiyi yerdə xatirə məscidi tipli türbə inşa edilib.

Türbə 2007-ci ildə əsaslı təmir edilib. Ətrafı məhəccərlə bağlanıb. Yay aylarından ziyarətə gələnlərin sayı çox olsa da, qış aylarında gələnlərin sayı azalır...

***

Ziyarətdən qayıdarkən sanki özümdə bir rahatlıq hiss edirəm. Ancaq türbənin bugünkü vəziyyəti həqiqi mənada məni çox narahat etdi. Belə ki, 2007-ci ildə aparılan təmir-bərpa işlərində müəyyən mənada düzgün aparılmaması nəticəsində türbənin günbəz hissəsində yağış suları türbəyə ciddi ziyan vurub. Müəyyən çatlar yaradıb. Bərpa zamanı isə tarixi-memarlıq üslubu lazımı səviyyədə qorunması da sual altındadır. İndi o fərqlilik açıq-aydın hiss olunur. Xanım mühafizəçi bizimlə söhbətində təmsil etdiyi qurumun bu işlə məşğul olduğunu və pandomiya ucbatından prosesin ləngidiyini dilə gətirməyi də unutmadı.

***

Beləliklə, biz maddi mədəni-irsimizin daha bir nümunəsi ilə tanış olduq. Onu bilirəm ki, tariximizi öyrənməsək, təbliğ etməsək, maddi-mədəni irsimizi qorumasaq yüksəklikləri nə fəth edə biləcəyik, nə də bizə qarşı daim kin-küdurət hissiylə yaşayan ermənilər kimi mənfur düşmənə layiqli cavab verə biləcəyik. Odur ki, hər zaman gənclərimizi maddi-mədəni irsimizin nümunələri ilə tanış etməyi və bu numünələri gələcək nəslə sap-sağlam çatdırmağı özümüzə borc bilməliyik. Bu işlərdə isə əsas məsuliyyət yükü Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin üzərinə düşür. Yerli tarixi əhəmiyyət daşıyan hər bir abidənin bərpası zamanı isə bütün məqamlar nəzərə alınmaqla layihələndirmə prosesi ictimai müzakirəyə çıxarılmalı və ictimaiyyətin təklif və tövsiyələri nəzərə alınmalıdır.

Vüqar Tofiqli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top