“İran Cənubi Qafqaza öz ərazisi kimi baxır və düşünür ki, nə vaxtsa Rusiya zəifləsə...”

GÜNDƏM 13 okt 2021, 00:13
“Düşünürəm ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsi əslində Markesin “Yüz ilin tənhalığı” əsərində olduğu kimi cəmiyyətdə illər boyu danışılan faktın gerçəkləşməsidir. İllər uzunu Azərbaycanda İranın Azərbaycana olan münasibəti əlbəttə, birmənalı olmayıb. Həmçinin İran ərazisində yaşayan qırx milyona yaxın Azərbaycan türkünün olması, İran siyasətinin prioritetlərindən biri olub və bu prioritet təəssüf ki, Azərbaycan üçün heç də pozitiv notlar deyil. Güclənən, iqtisadi, siyasi baxımdan bölgədə söz sahibinə çevrilən Azərbaycan təbii ki, İran siyasəti üçün birnömrəli problemdir”
 
Bunu Moderator.az-a açıqlamasında yazıçı, jurnalist Orxan Fikrətoğlu deyib. O, İranın həmişə Cənubi Qafqaza öz ərazisi kimi baxdığını bildirib: 
 
“Məsələyə düşünürəm ki, tamam başqa rakusdan baxmaq xeyirli olardı. Bəs görən İran Azərbaycana necə baxır? Ümumiyyətlə, İran Cənubi Qafqaza öz ərazisi kimi baxır və düşünür ki, nə vaxtsa Rusiya zəifləsə, Ermənistanı, Azərbaycanı, Gürcüstanı və o cümlədən Rusiyanın tərkibində olan Dağıstanı özünə qatsın. O bunun üçün müəyyən işlər həmişə görüb və bu otuz il ərzində də bunu edib. Yumşaq siyasət yürüdüb, din və digər amillər vasitəsiylə Azərbaycanda öz elektoratını formalaşdırıb. Düşünürəm ki, bütün bunlar ziyalılara və bir az da düşünən, görən adama bəlli idi. Amma 44 günlük Vətən müharibəsi zamanı birdən birə aydın oldu ki, İranın düşündüyü yumşaq gücü Azərbaycanda yox imiş. Çünki onun söykənə biləcəyi insanlar belə İranın açıq şəkildə Ermənistana dəstək verdiyini görüb hesab edirəm ki, ondan üz döndərdilər. 
 
Əsas məsələ Azərbaycanın Azərbaycan-İran sərhədinə çıxması idi. Belə başa düşürəm ki, İran bizim Cəbrayıl və Zəngilan vasitəsilə Ermənistanla dünyanın qəbul eləmədiyi bir hansısa bizneslə məşğul imiş və xeyli gəlir əldə edirmiş. Onun birdən birə sərhəd məsələlərində belə qıcıqlanması, heç bir tikintinin, insan yaşayışının olmadığı o bölgədə sionizm axtarması düşünürəm ki, birmənalı olaraq embarqo şəraitində yaşayan İranın həmin bölgələrdə maliyyə götürməsi ilə bağlıdır. Hesab edirəm ki, bununla İran böyük maliyyə qaynaqları itirir. Əlbəttə ki, əlimdə faktlarım yoxdur deyə bunun nə olduğunu söyləyə bilmirəm. Amma hər halda sərhədlərdə bir iqtisadi maraq olmamış deyil.
 
İranın Azərbaycanla qonşuluğunda yaşaması coğrafi zərurətdir. Nə biz, nə də İran burdan köçəsidir. Biz artıq İranla siyasətimizi tamam başqa formatda tənzimləməliyik və bilməliyik ki, onun bizə münasibəti heç də tarixi sahədə olan işıqlı münasibət deyil. Biz bunu anlamalı və qəbul etməliyik. Bununla belə bizim ortaq dəyərlərimiz var, mədəni və digər sahələrdə birlikdə əldə etdiyimiz nailiyyətlərimiz var. Bir coğrafiyada yaşadığımız zaman yetişdirdiyimiz dahilərimiz, şairlərimiz var. Bu mədəniyyət hesab edirəm ki, hər iki tərəfdə yaşayan azərbaycanlılar arasında tellər və bağlar şəkilində yaşadılmalıdır. Bu gün ermənilər və İranda olan müəyyən qüvvələr tərəfindən aramıza atılan bu nifaq toxumunu anlamalıyıq. Çünki Cənubi və Şimali azərbaycanlı eyni adamdır. Onların bir zəmində formalaşması, yaşaması əlbəttə ki, düşmənlərə gərək deyil deyə aramıza müəyyən mənada nəsə ayrıseçkilik toxumu səpə bilərlər. Ona görə bu mənada çox ayıq və ağıllı olmalıyıq. Düşünmürəm ki, bu məsələ yumşaq müharibədən uzaq gedəcək. Çünki İran bu ərazidə Rusiyanın, xüsusilə bölgəyə gəlmiş və onu qıcıqlandıran Türkiyənin reallığını anlamamış deyil. Amma burda hansısa bir üçüncü ölkənin qüvvəsini, marağını axtarmaq düşünürəm ki, ciddi siyasət deyil. Azərbaycan birmənalı olaraq iqtisadi baxımdan bir çox ölkələrlə Qarabağda müqavilələr imzalasa da birmənalı olaraq o torpaqlarda özünün siyasi iradəsini yeritməyə meyillidir və bunu edəcək də. Amma hər halda daxildə müəyyən strukturlar, xüsusilə neft və mədəniyyət sahəsində müəyyən torpaqaltı axarları tənzimləməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top