Azərbaycanın Əhli-Beyt təmsilçilərindən İranın hərəkətlərini pisləyən BƏYANAT

GÜNDƏM 12 okt 2021, 22:50
Azərbaycanın Seyid Ocaqları İranın son hərəkətlərini pisləyən bəyanat yayıb.
 
Bu barədə qurumun oktyabrın 12-də yaydığı bəyanatda bildirilir.
 
"Seyid Ocaqları olaraq təəssüf edirik ki, tarixi zəfərdən sonra da rəsmi İranın və bu ölkədəki din adından çıxış edən müxtəlif mərkəz və şəxslərin müsəlman ölkəsi olan Azərbaycana qarşı davranışları və çıxışları davam edir. Həmçinin İran hökumətinin və oradakı müxtəlif dairələrin işğalçı Ermənistana və Qarabağdakı separatçılara dəstəyini görməkdəyik.
 
İslam dünyasında özünü Əhli-Beyt himayəçisi kimi göstərən İranın həqiqi Əhli-Beyt yurdu olan Azərbaycana deyil, vaxtı ilə işğal altındakı torpaqlarımızda mövcud olan məscidlərimizdə donuz bəsləyən və xalqın and yeri sayılan Seyidlərin ziyarətgahlarını təhqir edən təcavüzkar Ermənistana 30 il ərzində dəstək verməsi Allahın hökmlərinə zidd əməldir", - Seyid Ocaqlarının bəyanatında qeyd olunub.
 
Açıqlamada həmçinin bu fikirlər yer alıb:
 
"Azərbaycan Əhli-Beyt təmsilçiləri olaraq son günlər İranın və oradakı təxribatçı mərkəzlərin ölkəmizə qarşı davamlı səsləndirdiyi əsassız və sübutsuz iddiaları hiddət və qəzəblə rədd edirik. Xalqın ehtiram və sevgi bəslədiyi Azərbaycan Seyid Ocaqları olaraq bəyan edirik ki, dünyəvi ölkə olan Azərbaycanda milli və mənəvi dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövlətdir.
 
Azərbaycan Əhli-Beyt mənsubları olaraq, müsəlman ölkəsi olan İrandan qətiyyətlə tələb edirik ki, təcavüzkar Ermənistana verdiyi bütün dəstəyi mütləq şəkildə dayandırsın və Azərbaycanla qonşuluq münasibətlərinə zərər vuran addımlardan dərhal geri çəkilsin".
 
Bəyanatı təşkilatın adından Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli imzalayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top