Dünya səviyyəsində bu terror aktları pisləndimi, bu, başqa məsələdir...— Politoloq

GÜNDƏM 11 okt 2021, 18:40
“Ermənistanın Gəncəyə raket hücumu etməsi və mülki vətəndaşlarımızın şəhid olması ciddi hadisə idi. Azərbaycan cəmiyyəti, informasiya məkanı bu hadisələri, dağıntıları, vandalizmi mümkün qədər dünyaya çatdırmağa çalışdı. Düşünürəm ki, həm beynəlxalq təşkilatların, həm də Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələrinin Gəncəyə səfərinin təşkil edilməsi bu istiqamətdə vacib addım idi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

O, qeyd edib ki, Gəncədə baş verən hadisələrin beynəlxalq səviyyədə ictimailəşdirilməsi üçün vacib addımlar atılıb:

“Həm Gəncəyə, həm də Bərdəyə olan raket hücumunun dünya ictimaiyyətinə çatdırılması üçün çox iş görülüb. Beynəlxalq təşkilatların, dövlətlərin bu terrorla bağlı məlumatları var. İşğaldan azad edilən ərazilərlə yanaşı Gəncəyə də müxtəlif nümayəndəliklərin, media mənsublarının səfəri təşkil edildi. Diaspor və digər əlaqəli təşkilatlar səviyyəsində zəruri addımlar da atıldı. Amma hadisələrə adekvat münasibət oldumu, dünya səviyyəsində bu terror aktları pisləndimi, bu, başqa məsələdir. Azərbaycan və yerli ictimaiyyət tərəfindən bu istiqamətdə görülə biləcək mümkün işlərin böyük bir qismi yerinə yetirildi. Atılan addımların nə qədər effektiv olması, dövlətlərin siyasətinə hansı dərəcədə təsir edə bilməsi fərqli məsələdir və fərqli yanaşma tələb edir. Çünki dövlətlərin siyasəti onların maraqlarına uyğun formalaşır. Lakin Azərbaycanın atdığı addımların ictimai şüurda böyük təsiri oldu. Ən azından, cəmiyyətlər, bu hadisələrlə tanış olan insanlar Gəncədəki terrorun necə dəhşətli olduğunu anladılar”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top