"Yoluxmaların sırf məktəblərlə bağlı olduğunu düşünmək yanlışdır" — Açıqlamalar

GÜNDƏM 11 okt 2021, 14:47
Son vaxtlarda məktəblərdə şagirdlərin koronavirusa yoluxma halları artıb. Paytaxtın bəzi məktəblərində şagirdlərin koronavirusa yoluxması ilə bağlı siniflərdə əyani tədris 14 gün müddətində distant təhsillə əvəz olunub.

Təhsil müəssisələrində yoluxma hallarının artması əyani tədrisin dayandırılmasına səbəb ola bilərmi? Məktəblərdə mümkün qapanma müzakirə edilirmi? 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov vəziyyətin qapanmalara getmək üçün qorxulu olmadığını qeyd edib:

İlqar Orucov: "Təhsili əlçatan etməliyik" -

“Məktəblərdə virusa yoluxma hallarına görə bəzi məhdudiyyətlərin tətbiqi və siniflərin bağlanması gözlənilən idi. Təhsil müəssisələrinin əyani formada tədrisə başlaması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olanda belə bu, istisna edilmirdi. Yoluxma halları aşağı olsa da, pandemiya bitməyib və təhsil müəssisələrində yoluxmalar ola bilər. Lakin hazırda məktəblərdə koronavirusa yoluxma statistikası yüksək rəqəmlərlə ifadə edilmir. Bu, bizə təhsili ənənəvi formada davam etdirməyə imkan verir. Düşünürəm ki, hazırda distant təhsilə keçidlə bağlı danışmaq üçün qorxulu vəziyyət yoxdur. İnsanların narahatlığını başa düşürəm. Təhsil müəssisələrində pedaqoji heyətin böyük bir hissəsi birinci doza vaksin olunub, həmçinin hər iki dozada vaksin olunan təhsil işçilərinin də sayı kifayət qədər çoxdur və bu proses hazırda davam etdirilir. Bu baxımdan düşünürəm ki, yoluxmaların sırf məktəblərlə bağlı olduğunu düşünmək yanlışdır. 

Lokal qapanmalar və siniflərin bağlanması ilə bağlı qərar verilərkən hər bir amil nəzərə alınır. Siniflərdəki şagirdlərin özünütəcrid müddəti bitdikdən sonra həmin siniflərdə əyani təhsil bərpa ediləcək. Düşünmürəm ki, məktəblərdəki hazırkı yoluxma sayı ilə distant təhsilə keçid edək. Ölkədə koronavirusla bağlı vəziyyət nəzarət altındadır və əvvəlki vaxtda olduğu kimi vəziyyət idarəolunmaz halda deyil. Ayrı-ayrı siniflərdə yoluxmaların olması istisna deyil, amma bu, bizə təhsili distant təhsilə keçməyə əsas vermir”.

Pediatr Günay Rəsulova bildirib ki, distant təhsilə keçid çıxış yolu deyil:

Medicina.az - Dr. Günay Rəsulova-Pediatr

“Biz bu infeksiya ilə yaşamağa öyrəşməliyik. Artıq Türkiyədə 12 yaşdan yuxarı şəxslərin də vaksinasiyasına başlanılıb. Yaxın gələcəkdə bizdə də məktəblilərin vaksin olunmasına başlanılması ehtimal edilir. Bu proses başladıqdan sonra vəziyyət daha yaxşı olacaq. Virusa yoluxan uşaqlarda ağırlaşmaları müşahidə etmirik. Sadəcə virusa yoluxduqdan sonra post-"COVID" vəziyyəti, simptomları yaranır. Lakin bu hal belə bizə təhsili əyani formaya keçirməyə əsas vermir. Təhsil uşaqların həyatında çox önəmlidir. Şagirdlər çox uzun müddət məktəblərdən, ənənəvi təhsil həyatından kənar qalıblar. Bu hal öz fəsadlarını göstərdi. Bu baxımdan, bir pediatr kimi təhsilin distant formaya keçirilməsini uyğun hesab etmirəm. İndiki vəziyyətdə hər bir valideyn və təhsil işçisi diqqətli olmalı, lazımi tədbirləri görməlidir. Ən əsası, şagirdlərə şəxsi gigiyena qaydaları öyrədilməli və valideynlər övladlarında əlamətlər hiss etdikdə onları məktəbə göndərməməlidir. Şagirdlərin əşyalarını paylaşmaması, insanların çox olduğu yerlərdə vaxt keçirməməsi də mümkün təhlükədən qorunmaq üsuludur. Məktəblərdə müəllimlər, bağçalarda pedaqoqlar simptomlar hiss edilən uşaqların digər uşaqlarla bir yerdə olmamasına diqqət etməlidir. Distant təhsil uşaqların həm indiki, həm də gələcək təhsil həyatlarına ciddi şəkildə mənfi təsir edir. Ona görə də, yoluxma hallarında qapanmaları deyil, mümkün qorunma üsullarını düşünməliyik”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top