Ərəstun Oruclu: "Azərbaycanın İsraildə səfirlik açması başqa ölkəni narahat etməməlidir"

GÜNDƏM 09 okt 2021, 15:10
“Azərbaycanın İsraildə səfirlik açması məsələsi uzun illərdir mübahisə predmetidir. Səfirliyin açılmamasına müxtəlif səbəblər göstərilir, bəhanələr deyilir. Əsas səbəblərdən biri kimi İranın narahatlığı, etirazı göstərilir. Məncə, səbəb bu deyil, bilmədiyimiz başqa səbəblər var”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib.

Politoloq qeyd edib ki, Azərbaycanın İsraildə səfirlik açması heç bir halda başqa ölkəni narahat etməməlidir:

“Bəlkə də, bu mövzuda əsas məsələ Rusiyanın mövqeyidir. Amma istənilən halda, Azərbaycanın hansısa ölkədə səfirlik açmasının başqa ölkələrin maraqlarından asılı olması doğru deyil. Azərbaycan səfirlik açmaq istəyirsə, bunu etməlidir.

İsraildə səfirliyi olmasa da, iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir. Səfirliyin açılması ölkə ətrafında gərginlik yaradacaqsa, hazırda bu istiqamətdə addımlar gözlədilə bilər. Çünki səfirlik olmadan da iki ölkə arasında istər iqtisadi, istər siyasi, hərbi və təhlükəsizlik baxımdan çox yaxşı münasibətlər var. Lakin yenə də səfirliyin açılması son dərəcə vacib məsələdir. Ən azından, qarşılıqlı viza məsələləri, yaxud vizasız gediş-gəliş üçün səfirliyin olması vacibdir. İsrailin Azərbaycanda səfirliyi var və ilk açılan səfirliklərdəndir. Azərbaycanın da İsraildə və istənilən digər ölkədə səfirliyinin olması normal bir haldır. Bunun heç bir digər ölkəyə təsiri və ya əlaqəsi olmamalıdır. Azərbaycanın İsraildə səfirliyinin olması Azərbaycan-İsrail münasibətlərinin inkişafı üçün zəruridir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top