Gürcüstanda azərbaycanlıların və ermənilərin görüşünün keçirilməsi vacib addım idi — Sərdar Cəlaloğlu

GÜNDƏM 07 okt 2021, 18:16
“Bütün dünyada belə qayda qəbul ediliib ki, dövlətlər arasında rəsmi əlaqələr yaradılmazdan əvvəl xalq diplomatiyası yolu ilə qeyri-hökumət təşkilatları, ziyalılar və s. şəxslərin iştirakı ilə görüşlər keçirilməlidir. Bu görüşlərdə rəsmi şəxslərin, dövlət başçılarının görüşü üçün lazım olan siyasi mühit hazırlanır. Bu baxımdan, Gürcüstanda azərbaycanlıların və ermənilərin görüşünün keçirilməsi vacib addım idi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, görüşlərin keçirilməsi həm də beynəlxalq normaların tələbidir:

“BMT-nin Nizamnaməsində xalq diplomatiyası ilə bağlı qətnamə də yer alır. Bu görüş sadəcə iki xalq nümayəndələrinin təşəbbüsü deyil, BMT tərəfindən qəbul edilmiş normadır. ABŞ və digər bəzi dövlətlər rəsmi qərarlar və görüşlərdən əvvəl keçmiş prezidentlər, müşavirlər və digər dövlət xadimləri səfərlər edib, münasibətləri yumşaltmaq istiqamətində görüşlər keçirirlər. Bundan sonra dövlət başçıları, rəsmi şəxslər prosesi davam etdirir. Bu baxımdan, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri doğru addım atıblar. Bu istiqamətdə düzgün yol seçilib. Proseslərdə xalq diplomatiyasının yer alması BMT-nin qəbul etdiyi qaydalara uyğundur. Təkcə dövlətlər arasında siyasi mühitin deyil, həm də xalqlar arasında ictimai mühitin yaradılması üçün iki xalq nümayəndələrinin görüşü mühümdür. Görüşlər xalqlar arasında etimad mühitinin yaradılmasında müstəsna rol oynayır. Xalq diplomatiyası olmadan proseslərin inkişafı üçün lazım olan siyasi mühit yarana bilməz”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top