Vətən müharibəsində qazandığımız Qələbə tariximizin şanlı səhifəsidir

GÜNDƏM 07 okt 2021, 18:12
44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun Qələbəsi ilə başa çatdı. 

Bu Qələbə xalq-ordu-rəhbər birliyinin sayəsində, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığını itirməsi bahasına qazanılıb. Vətən müharibəsi ölkəmizin iqtisadi gücünü və hərbi qüdrətini bir daha təsdiqləyən və bütün dünyaya nümayiş etdirən şərəfli bir yol oldu. Təsadüfi deyildir ki, bu gün dünyanın qabaqcıl ölkələrində Azərbaycanın hərbi təcrübəsi öyrənilir, analiz olunur. Vətən müharibəsi gedişində xüsusi strateji əhəmiyyətə malik addımlardan biri də Suqovuşan qəsəbəsinin azad edilməsidir. 2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir.

Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi.

Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi.

Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi.

Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı içində idi. Onların gözü qorxmuşdu və bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.

Düşmən müharibənin ilk günlərindən başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü. Bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü.

Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azad edilmiş torpaqların acınacaqlı, dəhşətli mənzərəsi erməni terrorunun acı nəticələrini açıq şəkildə göstərirdi. Digər işğal altında olan ərazilərimiz kimi Füzuli rayonu da erməni terrorunun dəhşətli nəticələrinin əyani sübutu idi. Dağıdılmış, yandırılmış evlər, məhv edilmiş infrastruktur, təhqir olunmuş məscidlər, ziyarətgahlar əsil erməni xislətinin acı nəticələridir. İşğal nəticəsində rayonumuzda təkcə 13 məscid dağıdılıb, təhqir olunub, məzarlıqlar talanıb.

Rəsmi İrəvan Azərbaycana qarşı müxtəlif cinayətlərlə yanaşı, sərhəd tanımayan ekoloji terror hadisəsi də törədib. Belə ki,  işğal zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, Azərbaycanın böyük uğuru olmuşdur. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər.

Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. İri infrastruktur layihələr, o cümlədən nəqliyyat infrastrukturu gerçəkləşdirilir.

Füzuli rayonu ərazisində Beynəlxalq Hava Limanı inşa olunub ki, bu layihə rayonumuzun, eləcə də regionun gələcək inkişafında mühüm rol oynayacaqdır.



Bəşir Əliyev
Füzuli rayonun Mollaməhərrəmli kənd 
tam orta məktəbin direktoru

Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top