Mina xəritələri ətrafında Avropa İttifaqının nümayəndələri arasında çoxsaylı müzakirələr gedir

GÜNDƏM 06 okt 2021, 17:40
Azərbaycan həmişə sülhün tərəfdarı olub. Rəsmi Bakı hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsasında normal münasibətlər qurmaq niyyətindədir. Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır. Lakin Ermənistan təəssüf ki, hələ də sülh sazişinin bağlanmasına razılıq vermir.

Ermənistan öz çirkin niyyətindən əl çəkməyərək “Dağlıq Qarabağ”a muxtariyyət tələb edir. Bununla bağlı isə Respublika Prezidenti dəfələrlə bildirib ki, Dağlıq Qarabağ deyilən bir ərazi yoxdur, yalnız Qarabağ var və tarixən Azərbaycan torpağı olan Qarabağda ermənilərə heç vaxt muxtariyyət verilməyəcək. Bu barədə artıq söz ola bilməz.

Bu gün Qarabağ ərazisində 25 mindən çox etnik erməni yaşayır, onlar Azərbaycan vətəndaşıdır. Azərbaycanda yaşayan etnik ermənilər də torpaqlarımızda yaşayan digər etnik qruplar kimi eyni hüquqludurlar. Onlar da Azərbaycanın bütün qanunlarına riayyət edəcək və hər bir azərbaycanlı kimi bütün hüquqlardan istifadə edəcəklər.

Ermənilər torpaqlarımızdan geri çəkilərkən, ərazilərimizə yüz minlərlə mina basdırıblar. Artıq bir ilə yaxındır ki, İkinci Qarabağ müharibəsi başa çatıb, lakin Ermənistan minaladıqları sahələrin xəritəsini Azərbaycana vermir, onlarda belə bir xəritənin olduğunu tamamilə inkar edir. Verdiyi xəritə isə demək olar ki, aldadıcıdır, belə ki, bu xəritədə basdırılmış minaların yalnız 25 faizi göstərilir. Bu da Ermənistan tərəfindən olan daha bir hərbi cinayətdir.

Azərbaycan minalanmış əraziləri hal-hazırda özü təmizləyir. İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə bitməsindən  sonrakı bir il ərzində 150 nəfər azərbaycanlı hərbçi və mülki əhali minalara düşərək həyatını və yaxud sağlamlığını itirib.

Minalanmış ərazilərin yeri bilinmədiyinə görə işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq prosesini və 30 ilə yaxın gözü yolda qalan bir milyondan artıq qaçqın və köçkünlərimizin yurd-yuvalarına qayıtmasını olduqca ləngidir. 

Müharibə vaxtı əsir götürülən ermənilər müharibə başa çatan kimi Azərbaycan tərəfindən Ermənistana qaytarılıb. Müharibə başa çatdıqdan və kapitulyasıya aktı imzalandıqdan iki həftə sonra Ermənistandan Azərbaycanın azad olunmuş ərazilərinə 62 nəfər terrorçu və diversiya qrupu göndərib. Bu qrupun üzvləri hərbçilərimizə və mülki əhaliyə hücum edərək 4 nəfəri qətlə yetirmişlər. Bunlar müharibə vaxtında götürülmüş hərbi əsir deyil, bunlar cinayətkarlar, terrorçulardırlar. 

Mina xəritələri ətrafında Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı müzakirələr gedir. Avropa İttifaqı hər iki tərəfi razılığa gətirmək və delimitasiya prosesində iştirak etmək istəyini bəyan edib. Azərbaycan tərəfi buna hər an hazırdır. Ermənistan isə hələ susur.

44 günlük vətən müharibəsi ərzində Ermənistan Azərbaycan ordusunun gücünü, qüvvəsini, qəhrəmanlığını və eyni zamanda vətənpərvərliyini gördü. Azərbaycan ordusu bu gün də müharibəyə hazırdır. Biz torpaqlarımızdan bir addım belə geri çəkilməyəcəyik. Vətənimizin, ərazilərimizin bütövlüyünə mütləq nail olacayıq.

Bu 44 günlük vətən müharibəsinin ilk günündən qardaş Türkiyə hər an bizim yanımızda olacağını söyləyib. Belə də olub. Vətən müharibəsi ərzində Türkiyə yanımızda oldu. Bizə hər cür mənəvi dəstək verdi. Türkiyənin yanımızda olması Azərbaycan xalqını, Azərbaycan ordusunu qələbəyə daha da ruhlandırdı.

Cənubi Qafqazın üç ölkəsi arasında və onların qonşuları olan Türkiyə, Rusiya və İranla hərtərəfli, fəal əməkdaşlıq yaransa, bu qarşılıqlı anlaşma, münasibət sülhü və dayanıqlı inkişafı təmin edə bilər.

Ermənistan bu dostluğa, bu əməkdaşlığa da etiraz edir. Əgər bütün bunlar bərqərar olsa, regionda yeni təhdidlərin qarşısı alınar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparırıq. Avropa İttifaqı tərəfindən Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ, eyni şərtlərlə Azərbaycana da təklif edilsin, istər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır, çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadrat kilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var”.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top