Bakıda beynəlxalq kitab sərgi-yarmarkası keçirilir — FOTOLAR

MƏDƏNİYYƏT 06 okt 2021, 11:45
Bakı Expo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VIl Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, kitab festivalı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunub.

Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Xalq yazıçısı Anar Rzayev və Türkiyənin turizm və mədəniyyət naziri Ahmet Demircan çıxış edib.

Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda ənənə halını almış kitab sərgisinin açılışı münasibətilə iştirakçıları təbrik edib: "Hesab edirəm ki, bu tədbirlər ölkəmizin kitaba hörmətinin biləvasitə göstəricisidir".

Mədəniyyət naziri Anar Kərimov isə bildirib ki, kitab bəşəriyyətin icad etdiyi vacib bir vasitə və vəsiyyətdir: "Əcdadlarımızın adət-ənənələrini bizə çatdıran vasitədir. Ölkə rəhbərliyi tərəfindən kitab və mütaliə mədəniyyətinə daim diqqət göstərilib. Bunun nəticəsidir ki, artıq Azərbaycanda 14 ildir kitab sərgiləri keçirilir. Budəfəki sərginin ən mühüm özəlliyi odur ki, sərgi Nizami Gəncəvi ilinə həsr edilib. Həmçinin bu sərgi regionun ən böyük kitab sərgisidir. VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 43 xarici təşkilat, 99 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgi müddətində müxtəlif formatda 139 tədbir təşkil olunacaq. Sərgidə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək".

Təhsil naziri Emin Əmrullayev kitabın önəmindən danışıb və bildirib ki, kitab təhsilin mərkəzində duran əsas anlayışlardan biridir: "Kitab dəyər və mədəniyyətdir".

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, məşhur əcnəbi yazıçılar və aktyorlar iştirak ediblər.

Çingiz Abdullayev, Gülseren Buğdayıcıoğlu, Elxan Elatlı, Sinan Yağmur, Toğrul Mehti Niyazi, Ercan Kesal və digər tanınmış yazıçı və məşhur şəxslər sərgidə günün “fəxri qonağı"dır.

İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitablara böyük endirimlər nəzərdə tutulur.

Qeyd edək ki, sərgi-yarmarka oktyabrın 10-dək fəaliyyət göstərəcək.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top