Elçin Şıxlı: "Əsas odur ki, istəklər, həyat eşqimiz qalsın"

MEDİA 04 okt 2021, 17:45
Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” - “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlının doğum günüdür.

Azərbaycan mətbuatının görkəmli nümayəndələrindən olan və jurnalistikanın inkişafına töhfə verən Elçin Şıxlı həm də Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Mediada yeniliyin tərəfdarı olan E.Şıxlının müasir mətbuatın qurulmasında xüsusi yeri var.

Doğum günü təəssüratlarını Demokrat.az-la bölüşən jurnalist bildirir ki, vacib olan hansı yaşı yaşamaq deyil, ondan aldığımız zövqdür:

“Yeni yaş mənə qeyri-adi hiss elətdirmir, amma anlayırsan ki, həyat keçir, illər ötür. Sözün doğrusu, müəyyən yaşdan sonra heç buna fikir vermək də istəmirsən. Əsas odur ki, istəklər, həyat eşqimiz qalsın. Yeni nələrsə görmək, yaratmaq istəyəsən, vacibi budur. Bu hiss varsa, demək, hələ də yaşayırsan, zövq almaq istəyirsən. Məşhur mahnıda deyildiyi kimi, “Yaşın nə fərqi var ki?!”. Bu hisslər qəlbimizdə qaldıqca, hansı yaşda olmağımızın fərqi yoxdur”.

E.Şıxlı qeyd edir ki, geridə qalan yaşı ona daha fərqli hisslər yaşadıb: “Əvvəllər xarici dostlarımla, yoldaşlarla görüşəndə, dik dura bilmirdim. İndi isə mən dik durmuşam və biz hər kəsin üzünə dik baxa bilirik. Bu, hər yaşın əsas şərtidir. İndi özümü çox rahat hiss edirəm. Çünki şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, döyüşçülərimizin hesabına bu dik duruşu, qüruru yaşaya bilirik. Biz qalib millətik, amma bundan sonra da görüləcək işlərimiz çoxdur, bunu başa düşmək lazımdır. Məsələn, İran İslam Respublikasının sərhədboyu hərbi təlimlər keçirib, “əzələ” nümayiş etdirməsi göstərir ki, əvvəllər Azərbaycanın gücünü hesaba qatmayanlar indi Azərbaycandan ehtiyat edirlər, hədə-qorxu gəlmək istəyirlər. Amma onların bu istəyi alınmayacaq. Bu baxımdan düşünürəm ki, qalib gəlməklə həmin qalibiyyəti, ruhu, düşüncəni vüqarı daşımaq arasında fərq var və bunu dərk etmək lazımdır. Biz həmin hünərli, qürurlu duruşu heç bir halda itirməməliyik”.

Müstəqil jurnalistikanın qurucularından olan Elçin Şıxlı yeni yaşında özünə olan arzularından da bəhs etdi: “Jurnalistika ilə bağlı arzular daha ön plana çıxır. İstəyərdim ki, jurnalistikadakı şərait dəyişsin, bu sahəyə baxanda ürəyimiz açılsın. Jurnalistikanın, cəmiyyətin inkişafı üçün nələrsə etmək üçün həvəsimiz qalsın. Arzum budur ki, bu istiqamətdə hamıda həvəs, istək olsun, güc və qəlbində bunun üçün sevgi olsun. Özümə də elə bunları arzu edirəm. Möhkəm, sağlam olmaq, nikbin şəkildə, arzularla irəliləmək lazımdır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top