“Gürcüstanın təşəbbüsləri Ermənistanın sülh istiqamətində vacib addım atmasına təsir göstərəcək” — Deputat

REGİON 30 sen 2021, 12:23
“Azərbaycanla Gürcüstan arasında yaxın dost münasibətləri var. 44 günlük Vətən müharibəsində də Gürcüstanın dəstəyinin şahidi olduq. Gürcüstan hava yolunu bağladı, Ermənistana silah-sursatın daşınmasının qarşısını aldı. Həmçinin, müharibədən sonra Ermənistan-Azərbaycan münasibətlərinin yumşalması üçün təşəbbüslərlə çıxış etdi. Bu baxımdan, Gürcüstanın sülhə xidmət edən addımları yüksək qiymətləndirilir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Gürcüstanın Azərbaycan və Ermənistan arasında sülhün təminatı üçün vasitəçilik təşəbbüslərini şərh edən deputat qeyd edib ki, Gürcüstanın bu addımı region üçün vacib cəhddir:

“Gürcüstan daha əvvəl də tərəflər arasında vasitəçilik edib. Ermənistanın mina xəritələrini verməsi, Azərbaycanın humanitar addım ataraq bir neçə ermənini qaytarmasında Gürcüstanın rolu olub. Gürcüstan Cənubi Qafqazda sülhün təmin olunması üçün növbəti təşəbbüsləri irəli sürür. Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması və bunun üçün hər iki tərəflə danışıqların aparılması istiqamətində mesajlar verilir. Gürcüstanın sülh təşəbbüsləri təqdirəlayiq haldır. Həm Azərbaycan, həm də Gürcüstan yaxşı anlayır ki, bölgədə daimi sülh təmin olunsa, ölkələrin inkişafı sürətlənəcək. Digər əsas məsələ isə Ermənistanın bu sülh təşəbbüslərinə cavab verməsidir. Gürcüstanın Baş naziri növbəti səfərin Ermənistana olacağını qeyd etdi. Həmçinin, Gürcüstanda müəyyən görüşlərin keçirilməsi planlaşdırılır, bu görüşlərin siqnalları verilir. Yaxşı haldır ki, Gürcüstanda sülhün təmin olunması ilə bağlı addımlar atır. Ümid edirik ki, Ermənistan bu addımlara adekvat cavab verəcək”.

Deputat bildirib ki, region dövlətlərinin, o cümlədən Gürcüstanla yanaşı Türkiyə və Rusiyanın bölgədə sabitliyin yaranması üçün cəhdləri Ermənistanın sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar atmasına səbəb ola bilər:

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin görüşü baş tutdu. Bu görüşdə müzakirə olunan məsələlərdən biri də bölgə ilə bağlı idi. Həmçinin, Ağdamdakı Birgə Monitorinq Mərkəzi barədə fikirlər səsləndirildi. Tərəflər bölgədə sülhün əldə olunması ilə bağlı atılan addımları yüksək qiymətləndirdilər. Bəzi dairələr Azərbaycanın yaratdığı reallıqlara əks fikirlər səsləndirir, köhnəlmiş terminlərdən istifadə edirlər. Lakin region dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın qələbəsini və hazırkı reallığı qəbul edib. Türkiyə-Rusiyanın bölgədə sülhün əldə olunması üçün səyləri, digər tərəfdən Gürcüstanın sülh təşəbbüsləri Ermənistanın sülh istiqamətində vacib addım atmasına təsir göstərəcək”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top