İranla Ermənistan Azərbaycana qarşı “tarixi arxiv sənədləri” müstəvisindən birgə fəaliyyətə başlayır

GÜNDƏM 29 sen 2021, 20:30
Gorus-Qafqan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində yaranmış vəziyyət İranın Ermənistanın iştirakı ilə ölkəmizə qarşı həyata keçirdiyi təxribat ssenarilərinin bir hissəsini diqqətdən kənarda saxlayıb. Onlardan bəziləri nə qədər “günahsız” görünsələr də ərazilərimizə qanunsuz yük daşınmasından daha təhlükəli və daha məkrlidir.

Məqsədim aydın olsun deyə, bir neçə gün öncə İranın Ermənistandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Hüseyn Tabatabai və eyni ölkənin akademiyasının mədəni irsin araşdırılması institutunun prorektoru Mürtəza Rezvanfarinin Ermənistan milli arxivinin direktoru Qriqor Arşakyanla görüşü ilə bağlı xəbərin bəzi məqamlarına diqqət çəkmək istəyirəm. Deməli, tərəflər görüşdə tarixi və mədəni irsin qarşılıqlı olaraq tanınması, həmçinin arxiv məlumatlarının mübadiləsi, bununla bağlı əməkdaşlığın genişlənməsi və memarandumun imzalanması barədə razılığa gəliblər.

İRİ təmsilçiləri görüşdə İranla bağlı erməni arxivlərində saxlanılan sənədlərlə yaxından tanış olmaq istədiklərini bildiriblər və Ermənistan tərəfində də öz arxivlərini açacaqlarını vəd ediblər.

Ermənistan milli arxivinin direktoru Qriqor Arşakyan İran təmsilçilərinə ölkəsinin arxivlərində saxlanan bir sıra sənədlərlə bağlı məlumat verib və qeyd edib ki, bu sənədlərin arasında “Şah Abbasın 1607-ci ildə erməni məliklərinə Azərbaycanın Laçın, Qubadlı və Zəngilan rayonlarında iri torpaq sahələri ayırması ilə bağlı fərmanı” da var. Qriqor Arşakyan İran təmsilçilərinə həmin “fərman”la bağlı tanış olmağa imkan yaradacağını vəd edib və belə bir imkanı yaradıb da...

Güman edirəm ki, belə bir görüşün hansı səbəblərdən keçirildiyi, Ermənistan milli arxivinin direktorunun dilindən səsləndirilən “Şah Abbasın fərmanı” ilə bağlı məqamlardan aydın oldu. Erməni tərəfinin iddialarına görə, Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsi və “Laçın dəhlizi”nin keçdiyi ərazi sözügedən “fərman”la erməni məliklərinə verilibmiş...

Tarixçi deyiləm və bu baxımdan düşünürəm ki, məsələnin tarixi tərəfinə aydınlıq gətirmək, Azərbaycan tarixçilərinin işidir. Siyasi şərhçi və araşdırmaçı kimi vəzifəm ölkəmizə qarşı planlaşdırılan təxribat ssenarilərini aşkarlamaq və ictimai rəyə təqdim etməkdən ibarətdir. Və göründüyü kimi İranla Ermənistan Azərbaycana və qənaətimə görə, həm də Türkiyəyə qarşı “tarixi arxiv sənədləri” müstəvisindən birgə fəaliyyətə başlayacaq və beynəlxalq müstəvidə bu istiqamətdə səylərini birləşdirəcəklər.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi şərhçi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top