"İranın dərdi İsrail deyil, Azərbaycandır" — Politoloq

GÜNDƏM 29 sen 2021, 15:56
“Uzun illərdir din pərdəsi arxasında gizlənmiş, hər fürsətdə Azərbaycana və Türkiyəyə qarşı nifrət püskürən İranın son zamanlar atdığı addımlar o həddə çatdı ki, artıq mövcud olan problem Azərbaycan prezidenti cənab İlham Əliyevin dilindən səsləndirilməyə başlanıldı. 30 ilə yaxındır İranın Azərbaycana qarşı tutduğu mövqe və ikiüzlü siyasətinin həddini görmək olmur. İran-Ermənistan əlaqələrinin səviyyəsinə baxdıqda isə hər şey aydın olur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

O, Prezidentin səsləndirdiyi fikirlərdən sonra da İranın siyasətinin dəyişmədiyini xatırladıb:

“Ölkə başçısı cənab İlham Əliyev bütün bu baş verənlərdən ən yaxşı xəbərdar olan şəxs kimi məsələni qabartmaqla İrana mesaj vermiş oldu. Prezident İrana müraciətlə vurğuladı ki, sizin, həqiqətən də, dost xalq və mehriban qonşu olmaq niyyətiniz varsa, bunu səmimi şəkildə göstərmək lazımdır. İran isə Azərbaycana qarşı tutduğu mövqeyi dəyişmək əvəzinə XİN səviyyəsində Azərbaycana qarşı öz çirkin niyyətini ortaya qoymuş oldu. İran XİN sözcüsü Səid Xətibzadə bildirdi ki, “ölkəsinin şimal-qərb sərhəd bölgələrində təlimlərin keçirilməsinin bütün regionda sülhə və sabitliyinə xidmət edir”. Daha sonra XİN sözcüsü İsrailə işarə edərək sözlərinə əlavə edib ki, “İslam Respublikası öz sərhədləri yaxınlığında sionist rejimin varlığına dözməyəcək və təhlükəsizlik tədbiri olaraq lazım bildiyi hər şeyi edir”.

İran XİN sözcüsü Səid Xətibzadənin brifinq zamanı söylədiyi bir fikir belə bir sual yaradır ki, görəsən onlar həqiqətən də danışdıqlarının fərqindədirlərmi? S.Xətibzadə bildirib ki, “İran İslam Respublikası hər zaman hər hansı bir ərazi işğalına qarşı olduğunu bəyan edib, ölkələrin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, mehriban qonşuluq siyasəti yürütmə bütün qonşuların izləməli olduğu ən vacib məsələlərdən biridir”. O zaman mən də həmin Səid Xətibzadəyə sual ünvanlayıram ki, İran həqiqətən də hər zaman hər hansı bir ərazi işğalına qarşıdırsa, o zaman İran yük maşınlarının həm İkinci Qarabağ savaşına qədər, həm də müharibədən sonra Azərbaycanın suveren ərazisi olan Qarabağda Azərbaycanın icazəsi olmadan nə işi var? İran həqiqətən də mehriban qonşuluq siyasəti yürüdürsə, yaxud yürütmək niyyətindədirsə, niyə məhz qeyd edilən dövrdə Azərbaycanla sərhəddə hərbi təlimlər keçir? Bunu başqa zaman və başqa yerdə keçirmək mümkün deyildimi?”. Politoloq qeyd edib ki, İran regionda sülh tərəfdarıdırsa, siyasətində dəyişiklik etməlidir:

“Digər tərəfdən, İran XİN sözcüsü bildirib ki, "Bu, idarəçilik məsələsidir və bütün bölgənin sülhü və sabitliyi üçün edilir. Əlbəttə, aydındır ki, İran İslam Respublikası sionist rejimin öz sərhədlərinə yaxın olmasına dözməyəcək və milli təhlükəsizliyi üçün zəruri hesab etdiyi istənilən addımı atacaq”. Səid Xətibzadə İranın İsrailə qarşı belə düşmən mövqedə olduğunu düşünürsə, niyə İranın nüvə alimi Möhsün Fəxrizadə İranın paytaxtı Tehran şəhəri yaxında İsrail kəşfiyyatı "Mossad" tərəfindən öldürülərkən ona cavab vermədi?Deməli, İranın dərdi İsrail deyil, Azərbaycandır. Ona görə də İrandakı bəzi anti-Azərbaycan dairələri bütün gücü ilə Azərbaycana qarşı düşmənçilik mövqeyi yaratmağa çalışırlar. Fikrimcə, İran, həqiqətən də, bölgədə sülhün və sabitliyin olmağında maraqlıdırsa, Azərbaycana və Türkiyəyə qarşı mövqeyində düzəlişlər etməlidir. Əks təqdirdə zərərini daha çox özləri görə bilərlər”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top