"Minsk Qrupu sülhün tərəfdarıdırsa, onda Ermənistana təzyiq göstərsin" — Politoloq

SİYASƏT 28 sen 2021, 15:24
“Prezident İlham Əliyev xalqa müraciətində və Türkiyə mətbuatına müsahibəsində ATƏT-in Minsk qrupu ilə bağlı məsələyə toxundu. Minsk qrupunun 30 ilə qədər müddətdəki fəaliyyətsizliyi göz qarşısındadır. Bu qrup BMT-nin qətnamələrini qəbul edən ölkələrin həmsədrlərindən ibarətdir. Yəni münaqişənin həlli onların işi idi, lakin Azərbaycan bu işi özü həll etdi. Buna görə də, onların münaqişə bitdikdən sonra proseslərə müdaxilə cəhdləri bizdə şübhə doğurur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib. Dövlət başçısının ATƏT-in Minsk qrupunun mümkün fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə toxunan politoloq bildirib ki, Minsk qrupu prosesə qayıtmaq üçün inamı qaytarmalı və real təkliflər irəli sürməlidir: “Azərbaycanda Minsk qrupuna qarşı etibarsızlıq hissi yaranıb. Hamını bu sual düşündürür ki, Minsk qrupu artıq nə kimi fayda verə, iş görə bilər? Minsk qrupu hansısa təkliflə çıxış etmək istəyirsə, regionda sülhün, stabilliyin tərəfdarıdırsa, onda hazırkı məsələlərlə bağlı Ermənistana təzyiq göstərsinlər. Kommunikasiyaların açılması, sülh prosesinin sürətləndirilməsi və s. kimi məsələlərlə bağlı yeni ideyalarla çıxış edə bilərlər. Həmçinin, Ermənistanın bəzi tələblərindən əl çəkməsi üçün də Minsk qrupu əməli fəaliyyətə başlaya bilər. Yəni biz sivil dövlət kimi Minsk qrupunun müzakirələrdə iştirakından tam imtina etmirik. Məsələn, keçən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü məhz ATƏT-in Minsk qrupunun iştirakı və vasitəçiliyi ilə baş tutdu. Minsk qrupu fəaliyyəti çərçivəsinə daxil ola biləcək məsələlər var, lakin ilk olaraq qurum özünün fəaliyyətini sübut etməlidir. Biz bu qrupun fəaliyyətinə şübhə ilə yanaşırıq və bu, boşuna deyil”.

Politoloq region ölkələri arasında münasibətlərlə bağlı danışarkən qeyd edib ki, Ermənistan Rusiya ilə Azərbaycanın münasibətlərinin inkişafını yaxından izləyir: “Rusiya-Azərbaycan münasibətləri rəsmi İrəvanı qıcıqlandırır, çünki Ermənistan Rusiyaya müttəfiqdirsə, Azərbaycan Rusiyanın strateji əməkdaşıdır. 44 günlük müharibə zamanı və müharibədən sonrakı proseslərdə nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə də Rusiya birbaşa Ermənistanı müdafiə etdi. Ermənistan çalışır ki, hazırkı dövrdə Azərbaycanın Rusiya ilə münasibətləri gərgin müstəviyə keçsin. Son zamanlarda, İrəvandan Rusiyaya qarşı kəskin bəyanatlar səsləndirilir, lakin Azərbaycan Rusiya ilə stabil münasibətlər qurub. Amma həmçinin, Azərbaycan Moskva tərəfindən maraqlarına zidd addım atıldığı halda öz prinsipial və qəti mövqeyini bildirir, xüsusilə sülhməramlılarla bağlı məsələdə. Digər tərəfdən, son zamanlar Ermənistan siyasi rəhbərliyi Türkiyə ilə münasibətləri normallaşdırmaq, əlaqələri bərpa etmək üçün siyasi addımlar atır, açıqlamalar verir. Ermənistan bu addımı Azərbaycanla münasibətlərini qaydaya salmadan, sülh müqaviləsi imzalamadan atır.

Görünür, Ermənistanın əsas məqsədi Türkiyə ilə yaxınlaşmaq, sıx siyasi əlaqələr qurmaqdır. Onların fikrincə, bununla guya Azərbaycan və Türkiyənin hazırkı münasibətləri dəyişəcək. Lakin bu, əsassız yanaşmadır. Türkiyə Ermənistanla danışıqlara getsə də, şərti və tələbi dəyişməyəcək. Xatırlamaq lazımdır ki, Türkiyənin region dövlətləri üçün təklif etdiyi platformanı Ermənistan qəbul etməyib. Bir sözlə, Ermənistanın cəhdləri boşunadır”.

Aygül Qarayeva
 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top