Şair Ramaldanov: "Azərbaycan təkcə torpaqlarını qaytarmadı, həm də tarixi ədaləti bərpa etdi"

GÜNDƏM 27 sen 2021, 11:37
“Bir il əvvəl başlayan və 44 gün davam edən Vətən müharibəsinə tarix özü qiymət verəcək. Biz isə olduqca fərqli duyğular keçiririk. Bu gün ölkəmizdə Anım Günü kimi qeyd edilsə də, qürurlu hisslər yaşayırıq. Çünki ölkəmizin ərazi bütövlüyü yolunda döyüşmüş, canını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin ruhu bu gün şaddır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.

O, şəhidlərin qanının yerdə qalmadığını, qisasının alındığını və bu günün tarixin ən dəyərli dövrünün başlanğıcı olduğunu xatırladıb:

“İşğal dövründən bəri Azərbaycan xalqının bir arzusu, məqsədi, həmçinin nisgili vardı. Bu arzunu şəhidlərimizin canı, qazilərimizin qanı ilə yerinə yetirdik. Azərbaycan xalqı bu müharibə ilə nəyə qadir olduğunu, nəyi bacara biləcəyini göstərdi. Müharibənin əsas tarixi əhəmiyyəti həm də odur ki, biz xalq kimi, cəmiyyət kimi inamımızı qaytara bildik. İnsanlarda inamsızlıq, ruh düşkünlüyü vardı, müəyyən təsirlər vasitəsilə əks fikirlər səsləndirilirdi. Lakin biz bu fikirlərin tam əksini Prezidentdən eşidirdik. Ali Baş Komandan hər zaman çıxışlarında işğalla barışmadığımızı, torpaqlarımıza qayıdacağımızı qeyd edirdi. Məhz bu inam xalqı yaşadırdı, ümidsizliyə qapılmırdı. İşğal dövründə erməni təbliğatı həyata keçirilir, cəmiyyətdə ümidsizlik yaradacaq fikirlər təbliğ edilir, hətta Azərbaycanın müharibə edə bilmədiyi qeyd edilən video materiallar yayılırdı. Bunlar cəmiyyəti ruhdan salmağa yönəlmişdi. Lakin respublikanın birinci şəxsi, Silahlı Qüvvələrin Ali Baş Komandanının hansı yolla olursa olsun torpaqlarıma qayıdacağımıza şübhəsi olmayıb və zaman-zaman çıxışları ilə bizi buna hazırlayırdı”.

Ekspert bildirib ki, bir il keçsə də, biz hələ də müharibənin, qələbənin əhəmiyyətini hələ tam dərk edə bilmirik:

“Fikrimcə, hər keçən il biz yeni anlayışları dərk edəcək, daha yaxşı qiymətləndirə biləcəyik. Müharibənin nəticələri daha detallı təhlil olunduqca, bu, xalqımızı daha da qürurlandıracaq. Dünyanın böyük dövlətləri münaqişənin hərbi yolu olmadığını bildirir, Azərbaycanı bundan çəkindirmək istəyirdilər. Bu, həm də üzərimizdə mənəvi təzyiq idi. Lakin Prezident bütün məsuliyyəti və yükü anlayaraq, əks-hücum əmrini verdi. Prezident yaxşı bilirdi ki, Azərbaycan xalqı bu qərarda onu dəstəkləyəcək, hər bir fərdimiz torpaqlarımı qaytarmaq üçün onun ətrafında birləşəcək. Həmçinin, Ali Baş Komandanın nəzarəti ilə formalaşan Silahlı Qüvvələr qarşıda qoyulan tapşırıqları şərəflə yerinə yetirəcək, düşməni darmadağın etmək üçün bütün gücünü və canını ortaya qoyacaq. Bu inam müharibəni və qələbəmizi şərtləndirdi. 

Azərbaycan erməni faşizminin üzərində qələbə qazandı. Erməni faşizmi anlayışı artıq Azərbaycan daxilində yoxdur. Azərbaycan təkcə torpaqlarını qaytarmadı, həm də tarixi ədaləti bərpa etdi. Həm Azərbaycan xalqı, həm də ordumuz dünyaya örnək oldu. Biz bu gün bütün dünyaya, həmçinin işğaldan əziyyət çəkən xalqlara mesaj verdik ki, haqq məsələsini bərpa etmək yalnız həmin xalqın işidir. Azərbaycan xalqı da bu baxımdan nümunəyə çevrildi. Azərbaycan Ordusunun apardığı müharibə inkişaf etmiş orduların dərs vəsaitinə, təcrübəsinə çevrildi”. 

Eskpert vurğulayıb ki, müharibənin və zəfərin əhəmiyyəti həm də gələcək nəsillər üçün böyük mənaya çevriləcək:

“Gənclərimiz də müəyyən formada diskomfort, inamsız hiss edirdilər. Etiraf edək ki, müharibəyədək heç bir müsbət hadisəyə ürəkdən sevinə bilmirdik, nisgilimizi xatrılayırdıq. Qəlbimizdəki sıxıntını hər zaman hiss edirdik, xüsusilə gənclərimiz və oğullarımız bu hissi daha dərindən yaşayırdı. Vətəni, evini qorumaq missiyası qədimdən oğullarımızın çiyinlərində olub. Buna görə də, onlar bu cavabdehliyi hiss edir, dövlət başçısından sadəcə döyüş əmri gözlədiklərini qeyd edirdilər. Biz Şəhidlər Xiyabanına gedəndə, utanc, kədər hiss edirdik, şəhidlərimizin ruhunu şad edə bilmədiyimizi, qisasını ala bilmədiyimizi xatırlayırdıq. Bu gün isə biz Şəhidlər Xiyabanına qürurla ayaq basa bilirik. Bu gün biz qürurluyuq, üzümüz gülür. Biz tarixi missiyasını yerinə yetirən xalqıq. Biz gələcək nəsillər üçün torpağı işğalçılardan azad edilən Azərbaycanı miras qoyuruq. Gələcək nəsillər də bu hadisələrə, oğullarımızın qəhrəmanlığına lazımi qiyməti verəcək, bu nümunədən, mirasın mənəvi tərəflərindən yararlanacaq. Bu baxımdan düşünürəm ki, illər keçdikcə bu tarixi daha yaxşı dərk edəcəyik, qiymətləndirəcəyik, dərindən başa düşəcək və qürurla xatırlayacağıq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top