Ceyhun Yusifov: “Vəsatətlər sözün əsl mənasında “3 cümləlik” qərarlarla rədd olunur”

GÜNDƏM 26 sen 2021, 11:23
“Son dövrlər vəkillik təsisatı və hüquq ictimayyəti ilə əlaqədar gündəmə gələn məsələlərlə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov tərəfindən olduqca yerində və operativ açıqlamalar verilməkdədir. Həmin bu açıqlamalar ölkədə fəaliyyət göstərən vəkillərin ümumi fikrini ehtiva edir və vəkillik institutunun kütləvi informasiya vasitələrindəki “səsi” olur.  Bu qəbildən olan açıqlamalardan olan sonuncusu məhkəmələr tərəfindən vəsatətlərin əsaslandırılmadan geri qaytarılması, təmin edilməməsi ilə bağlı olmuşdur”.

Bu sözləri Legitim.az-a açıqlamasında tanınmış vəkil Ceyhun Yusifov bildirmişdir.

Vəkil onu da bildirib ki, “Uzunmüddətli vəkillik fəalliyyətim dövründə istər cinayət, istərsə də mülki mühakimə icraatı işlərində keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün əsəslandırılmış vəsatətlərin verilməsinin faydasını görmüşəm. Belə ki, iş üzrə yeni prosesual hərəkətlərin aparılması, yeni məlumatların əldə olunması və sair hərəkətlərin həyata keçirilməsi tərəflərdən hər hansı birinin yazı vəsatəti əsasında mövcud olur. Məhkəmələr tərəfindən həmin vəsatətlər təmin olunduğu halda bunun ən böyük faydası elə ədalət mühakiməsini həyata keçirməli olan və həqiqəti aşkar etməli olan məhkəmələrədir. Bu yolla məhkəmə yekun nəticəyə gəldiyi qərarın da əsaslı olduğu qənaətinə gəlir. Lakin, bir sıra hallarda məhkəmələr tərəfindən yalnızca əlavə iş yükündən yayınmaq, tez bir zamanda icraatda olan işlərin sayını azaltmaq və digər subyektiv səbəblərdən həmin vəsatətlər sözün əsl mənasında “3 cümləlik” qərarlarla rədd olunur. Bu zaman belə bir sual meydana çıxır. Vəkil və ya hüquqşunas olmağından asılı olmayaraq, məhkəmədə iştirak edən tərəflərdən hər hansı birinin yazılı xahişi məhkəmənin mövqeyinə uyğun gəlmədiyi halda təmin olunmursa, o zaman yazılı vəsatət institu nəyə lazımdır? Məhkəmələr tərəfindən vəsatətin təmin edilməməsi barədə qərar çıxarılacağı zaman həm işin faktiki hallarına, həm maddi, həm də prosesual normalara istinad edilməli və əsaslandırılmalıdır. Vəkillər tərəfindən verilən vəsatətlərin əsaslandırılması nə qədər vacibdirsə, vəsatətlərin rədd edilməsinin hakimlər tərəfindən əsaslandırılması da o qədər vacibdir”.

“Hazırki müzakirə olunan məsələnin həll yoluna qovuşması ilk başda məhkəmələrin iş faəliyyətinin səmərəliliyini yüksəltməsinə xidmət edir. Lakin, bir çox hallarda hakimlər tərəfindən bu məsələnin qabardılmasına qarşı çıxılır və bu mübahisənin konstitusion prinsipləri çərçivəsində həll edilməsinə şərait yaradılmır”.

“Sevindirici haldır ki, vəkillərin öz şərəfli peşəsini icra edərkən rastlaşdıqları süni maneələri və üzləşdikləri qanunsuzluqları işıqlandıracaq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və onun vəkilləri sözün əsl mənasında müdaifə edən sədri var. Cənab sədr Anar Bağırovun bu məsələdəki aktiv iştirak və fəaliyyətini digər vəkillərin də dəstəkləməsini və eyni qaydada fəaliyyət göstərməsini görmək sevindirici olardı. Ümid edirik ki, hüquq ictimayyətində cənab Anar Bağırov kimi hüquq təfəkkürlü aydınların sayı çox olar”.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top