Aslan İsmayılov: “AFFA açıq şəkildə qatığa qara deyir”

GÜNDƏM 25 sen 2021, 14:47
“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə  bağlı elə federasiyanın özünün məni zorla məcbur etdiyi bəzi araşdırmamı  diqqətinizə çatdırıram. İlk tənqidi yazımı paylaşdıqdan (“Facebook”da – red) dərhal sonra bəyanatla çıxış edən AFFA-ya həddindən özünə güvənib, açıq şəkildə qatığa qara deyir, ya da öz işlərindən, ölkədə olan reputasiyalarından tamamilə xəbərsizlər. 

Öz səhifələrimdəki yazılara olan şərhləri kənara qoyub AFFA-nın öz “Facebook” səhifəsindəki paylaşdıqları bəyanata yazılan şərhləri oxumağa başladım. Oxuduqca dəhşətə gəlirdim. 1000 şərhin içindən bir dənə də olsun AFFA-nın xeyrinə olacaq, onlara dəstək yönümlü heç bir yazı ilə rastlaşmadım. İnsanlarda bu federasiyaya bu qədər nifrət olacağını səmimi deyim, gözləmirdim. Hətta şərhçilərdən biri doğru olaraq vurğulamışdı ki, belə həmrəyliyi yalnız müharibə dövrü bu xalq ortaya qoydu”.

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“AFFA mənimlə bağlı yaydığı bəyanatda saytlarında olan maliyyə hesabatlarımı incələməyi tövsiyyə etdi. Maliyyəçi olmasam da, girib hesabatlarına göz gəzdirdim. Hesabatın audit şirkəti tərəfindən yoxlanılıb rəy verilməsi haqqında qeyd olsa da, onun adı haqqında məlumat yoxdur. Əminəm ki, bu böyük dördlükdə olan şirkət deyil, çünki o halda ad elə ilk səhifədə böyük hərflərlə qeyd edilərdi. Bir vətəndaş kimi AFFA-dan həmin rəyi verən şirkətin adını və rəyin özünü tələb edirəm və buna da hüququm çatır. Bu hesabatın nə səviyyədə olduğunu Sizin də anlaması üçün yalnız 2020-ci ilin, yəni pandemiya ilində maraqlı olan xərcləri  bölüşüb, yaranan sualları AFFA-ya ünvanlayıram, çünki hesabatda yazılanlar, rəqəmlər nəyisə anlatmaq əvəzinə insanı çaşdırır. Ümumi xərcin 22,6 milyon manat olduğunu göstərilir və bu vəsait 3 sahəyə ayrılıb. Bunun 2 milyon 59 min manatı AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitlərdir. Bu mücərrəd cümlədən heç nə aydın deyil. 2 milyon 944 min manat isə AFFA-nin balansında olan stadionların, futbol akademiyasının, milli komandaların məşq mərkəzinin və digər stadionların saxlanılmasına ayrılan vəsaitlərdir. Bu hissədə göstərilir ki, Bakı Olimpiya stadionuna 342 min manat, ondan 10 dəfə kiçik olan Dalğa Arena 662 min manat, yəni iki dəfə daha çox vəsait ayrılıb. Bu anormallıq nə ilə bağlıdır?! Üçüncü isə ümumi xərclərin 17 milyon 554 min manat olmasıdır. Bunun 9 milyon 905 min manatı milli yığma komandalara xərclənən vəsaitlərdir. Bundan başqa, hakimlər və hakim-inspektorların xərci 1 milyon 271 min manat, təsərrüfat xərci 688 min manat, əmək haqqı və ezamiyyə xərcləri isə 2 milyon 399 min manatdır. Bu hissədə mənə çox maraqlıdır, 9 milyon 905 manat konkret nəyə və hara xərclənib?! 688 min təsərrüfat xərci də toplara və formalara ayrılıbsa o da konkret sayla göstərilməlidir. 2 milyon 399 min manat da kimlərin əmək haqları və ezamiyyət xərcləridir. Əgər AFFA-ya aiddirsə, onda sual yaranır AFFA-da çalışan neçə nəfər var, və onların əmək haqları nə qədərdir? Futboldan dərin biliyim olmadığından və maliyyə sənədləri ilə çox rastlaşmadığımdan izləyicilərim içindən futbolsevər maliyyəçi və idman jurnalistlərindən xahiş edirəm, Siz də daxil olub hesabatlarla tanış olun və şərhlərdə fikirlərinizi bildirin, bəlkə mən haradasa səhv görürəm. Hakimiyyət rəsmilərinə buradan müraciət edirəm. Bu məsələ tək futbol, əyləncə məsələsi deyil, həm də dövlətçilik məsələsidir. Gördüyüm odur ki, ölkədə milyondan artıq futbolsevər var. Bir neçə nəfərin bacarıqsız işinə göz yummaqdan ötəri milyondan çox vətəndaşı belə narazı salmaq olmaz. Dediklərimdən əlavə futbola olan maraq bütün yerdə qalan idman növlərinin bir yerdə cəmindən daha artıqdır. Nə qədər ki, məhv edilmiş bu idman növünü diriltməyəcəksiniz, o qədər də gənclərimiz asudə vaxtlarını sağlamlıq, idmanla yox, narkotiklə, çayxana söhbətləri ilə keçirəcəklər” – A.İsmayılov qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top