"Ehtiyac olsa, Azərbaycan Pakistanla birlikdə Pakistan-İran sərhədində də təlimlər keçirə bilər"

GÜNDƏM 24 sen 2021, 19:09
Politoloq Mübariz Əhmədoğlunun “Yeni Sabah”-a müsahibəsi:

- Azərbaycan İran münasibətlərinin bu qədər kəskinləşəcəyi gözlənilirdimi? Nə baş verir?

- Zənnimcə bu gözlənilən idi. Əslində, İranın davranışında nəyin siyasət, nəyin din, nəyin kələk, hiylə olduğunu aydınlaşdırmaq çox qəliz məsələdir. Gərək İranı yaxşı tanıyasan, onu uzun müddət tədqiq edəsən. Ona görə də mən bunu gözləyirdim. 

44 günlük müharibə dövründə işğal altında olan İran-Azərbaycan sərhədləri işğaldan azad olunandan sonra İran külli miqdarda oraya qoşun yığdı. Mərənddən ikinci diviziyanı gətirdi, SEPAH-ın hücum diviziyasını yığdı ora. Hücum əməliyyatlarında istifadə olunan, Araz çayını keçməkdə yardım edən texniki aparatları da gətirdi özü ilə. Biri var İran sərhədə qoşun toplayır ki, öz ərazisini qoruyur, biri də var ki, Arazın bu tərəfinə keçməkdən ötrü lazım olan texnikanı gətirir. Azərbaycanın hazırlığı və siyasəti İranın davranışının qabağını aldı. 
Onları ən çox narahat edən Qarabağ probleminin sıradan çıxması, ermənilərin zəifləməsidir. Çünki biz təkcə Qarabağ problemini həll etməmişik, biz həm də Ermənistana çox güclü zərbə vurmuşuq. Yaxın 10-15 ildə Ermənistan hətta normal dövlət belə ola bilməyəcək. Müharibədən sonrakı dövrlərdə də İran müxtəlif variantlarla İraqda, Kiprdə, Yunanıstanda yaşayan ermənilərin vasitəsiylə çalışdı ki, bu ölkəninin ordusunu dirçəltsin. Bunlardan bizim xəbərimiz oldu. 

Belə başa düşürəm ki, Azərbaycanın apardığı siyasət, İranın hərbi niyyətini ürəyində qoydu. İranın əsas məqsədi artıq nə yolla olur, olsun Azərbaycana zərbə vurmaqdır. Çünki bilirlər ki, Azərbaycan güclənib. Hazırda İranın sərhədlərimizə qoşun toplamasının müəyyən anlamı var. Hesab edirəm ki, İranın indiki davranışında qəribə faktorlar yoxdur, amma Azərbaycanın bütün variantlara cavabı əlbəttə ki, var. Azərbaycanın bir qarış torpağında İranın nüfuzu və təsiri artmayacaq. Çünki ölkəmizin daxilində artıq İranın ən güclü dövrləri arxada qalıb və Azərbaycana daxildən ciddi zərbə vurmaq mümkünsüzdür. Nə qədər ki, Azərbaycan dövləti var, İran özünü narahat hiss edəcək. Azərbaycanın mövcudluğu və güclənməsi, İranın mövcudluğu üçün böyük bir təhlükə yaradır.

- İran 44 günlük müharibə dövründə nisbətən neytrallığını qorusa da son vaxtlar Azərbaycanın sülhməramlıların və separatçıların nəzarəti altında olan ərazilərinə qanunsuz yük daşımaqla yenidən Azərbaycan xalqının hədəfinə çevrilib. İran ermənilərə humanitar yardım edir, yoxsa Azərbaycana meydan oxuyur?

- İranın erməni separatçılarına olan yardımlarının mahiyyəti kifayət qədər diqqəti cəlb edir. İran oraya ərzaq göndərmir. Onlar oraya əsasən təhlükəsizlik avadanlıqları, daha doğrusu, yanacaq göndərirlər. Bəzən də silah-sursat. İranın oraya yanacaq göndərməsi heç bir istehlak məqsədi daşımır, onlar sülhməramlıların nəzarəti altında olan ərazilərdə yanacaq ehtiyatı yaradır. Çünki İran fikirləşir ki, ermənilər indiki vəziyyətlə barışmayacaqlar. Onlar nə zamansa yenidən müharibəyə başlayacaqlar. 

Qonşu dövlətin təhlillərinə görə İkinci Qarabağ müharibəsində ermənilərin uduzmasının əsas səbəblərindən biri yanacaq çatışmazlığı idi. Buna görə də orada yanacaq ehtiyatı yaradır və bütün bunların hamısı İran rəhbərliyinin 44 günlük müharibə dövründə verdiyi fətva ilə əlaqədardır. Fətvanın birinci maddəsində göstərilir ki, bu torpaqlar Azərbaycanındır və onları qaytarmaq Azərbaycanın haqqıdır. İkinci bəndində isə göstərilir ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi təmin olunmalıdır. Yəni Dağlıq Qarabağ erməniləri üsyan etmiş, asi olmuş Azırbaycan vətəndaşlarıdır. 
Bizim böyük ümidimiz var ki, onları gec-tez Azərbaycan konstisusiyası məkanına qaytaracağıq. Özlərində də artıq bizə olan meyl hiss edilir. Ona görə də İran şirkətləri, hərbçiləri və iş adamları nə yolla olursa, olsun Dağlıq Qarabağa yük və yanacaq çatdırmalıdırlar. Yanacaq ehtiyatı yaradılandan sonra müəyyən qədər digər hərbi istifadələr üçün lazım olan zəruri texniki materiallar da göndəriləcək.  
Qaldı ki, müharibə dövründə İranın neytrallığına, hətta ola bilər müəyyən qədər Azərbayacanın xeyrinə başa düşülən hərəkətlərinə, mən açıqlamamda dedim ki, İranda siyasət, din və kələk nədir, bunu ayırd etmək çox çətindir. Bütün bunların hamısının səbəbi, yəni İranın neytrallığı və İranın Ali Dini Liderinin fətvası, Azərbaycanın uğurlu şəkildə müharibəyə başlaması oldu. İran qısa müddət ərzində təhlil edərək başa düşdü ki, müharibə Azərbaycanın qələbəsi ilə bitəcək. İranda sadəcə qələbənin belə böyük həcmi gözlənirmirdi. Onlar deyirdilər ki, bir-iki dənə rayonu alacaq Azərbaycan, vəssalam. İstər-istəməz Azərbaycanın qələbəsi ilə başa çatacaq savaş. Ona görə də özlərini bizə yaxın göstərməkdən ötrü neytral mövqedə oldular və bu kimi addımları atdılar.

- İranı sərhədlərimizdə hərbi təlimlər keçirməyə nə vadar edir? Yoxsa, İran hərbi formada siyasi mesajlar verir?

- İran, İraq Kürdüstanına raket zərbələri belə endirdi. Guya, İraq Kürdüstanından İran ərazisinə terrorçular keçir. Elə ciddi şəkildə terrorçular da keçmir İrana. Qonşu dövlətin yaydığı məlumatdan başa düşülmürdü ki, İranın şimal-qərbinə, yəni Urmiyaya girən terrorçular Türkiyədən keçib oraya, yoxsa Azərbaycandan? Urmiya regionu dedikdə ora təkcə kürdlərin məskunlaşdığı yer deyil. Urmiya həmçinin Türkiyə və Azərbaycanla, o cümlədən Ermənistanla həmsərhəddir. 


Təbii ki, İran Ermənistanı nəzərdə tutmurdu ki, bu ölkə uzun müddət onun ərazisinə terrorçular göndərir. Ona görə də İranın yaydığı məlumatdan anlamaq olmurdu ki, İranın ərazisinə terrorçular keçirdən ölkə dedikdə kimi nəzərdə tutur? Türkiyə yoxsa Azərbaycan? 

Sonradan müəyyən qədər aydınlıq gətirdilər ki, həmin terrorçular, İraq Kürdüstanından girib onların ərazilərinə. Əslində bunun terrorçuluqla mübarizədə zərrə qədər əlaqəsi yoxdur. İran hazırda güclənib və bu ölkənin doktrinasına görə İran təhlükəni öz ərazisindən xeyli kənarda qarşılamalıdır. Hətta 3000 km məsafədən bu təhlükə dəf edilməlidir. İranın hərbi gücü artıb və bu gücü, əsasən də hərbi ambisiyalarında nə qədər ciddi olduqlarını İraq Kürdüstanı üzərində göstərdi. 

İran uzun müddət özü də kürdlərə təlim verərək Türkiyənin ərazisinə keçirib. İran tərəfi Azərbaycanda kürd separatizmini qızışdırmaq üçün də addımlar atıb. 
O ki, qaldı bizim sərhədlərimizdə gedən hərbi təlimlərə, mən əminəm ki, İranda ağıllı siyasətçilər var və Xameneiyə düzgün məsləhətlər verəcəklər. Onlar da təcili surətdə o qoşunları oradan götürəcəklər. Bu ən təcili surətdə olmalıdır. Çünki Azərbaycanla İran arasında müəyyən razılaşmalar var. Biz hələ bu vaxta qədər İranın daxili işlərinə qarışmamışıq, amma indi İranın davranışı Azərbaycanı müəyyən addımlara vadar edə bilər. İranın hərbi gücünün artması, ərəb dövlətlərinə təhriki və təhdidi, bu dövlətləri İsraillə müttəfiq olmağa vadar etdi. İrana qarşı mübarizə aparmaq üçün Azərbaycanla müttəfiq olacaq dövlət də çoxdur. 
İndiki təlimlərdə əsas məqsəd qəflətən Naxçıvana hücum etmək və orada müəyyən gərginlik yaratmaqdır. Ona görə də Azərbaycan Türkiyə ilə birlikdə “Sarsılmaz Qardaşlıq” adlı təlimlərə başladı. Hazırda Naxçıvan MR ərazisində həmin təlimlər keçirilir. Nə qədər İranın qoşunları bizim sərhədimizə yaxın olacaq, o zamana qədər qədər də Azərbaycanın ərazisində Türkiyə ilə birlikdə təlimlər davam edəcək. Lazım gələrsə Pakistan da bu təlimlərə qoşulacaq. Ehtiyac olsa Azərbaycan Pakistanla birlikdə Pakistan-İran sərhədində də təlimlər keçirə bilər. Bir məsəl var: “Güc lazımdır, amma ağıla ehtiyac yoxdur”. Bu məsəldən İranın imtina etməsi və qoşunlarını sərhəddən geri çəkməsi çox vacibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top