Azərbaycanda mənəvi deqradasiyanı təşviq edən ABŞ nələri hədəf seçib?

GÜNDƏM 23 sen 2021, 14:00
ABŞ-ın Azərbaycandakı səfirliyinin  son davranışları zaman-zaman bəzi qüvvələrin ölkəmiz əleyhinə yararlanmaq istədiyi metodlardan biridir. Söhbət ondan gedir ki, səfirlik ölkəmizdə məişət zorakılığı, seksual azlıqların hüquqları kimi mövzuları gündəmdə saxlamaq üçün əməlli çaba sərf etməkdədir. Hansı ki, illərdir Qərb institutları bu sadalananlardan fil düzəltməyə çalışıb, amma buna nail ola bilməyib. Çünki bu məsələlərin heç biri ciddi problem kimi, hansısa Avropa ölkəsi ilə müqayisədə, Azərbaycan mühitində aktuallıq kəsb etməyib və etmir. Deməli, burada niyyət, birincisi, süni problemlər yaratmaq, onların üzərinə getmək, ikincisi, xalqımızın, xüsusilə gənclərin mənəvi deqradasiyası üçün mümkün rıçaqları işə salmaqdır. 

Ya da görünür, Qərb institutlarının seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı layihələri əllərində qalıb, vəsaiti silməyə yeni məkan axtarırlar... Heç də təsadüfi deyil ki, ABŞ-ın belə məsələlərdə əsas təsir mexanizmlərindən biri olan USAİD son zamanlar xüsusi canfəşanlıq göstərir. Və ABŞ səfirliyi məhz bu təşkilatın xətti ilə sadalanan istiqamətlər üzrə layihələr həyata keçirməyə çalışır.

ABŞ səfirliyinin seksual azlıq siyasətinin arxasında gizlənən başlıca hədəf isə Azərbaycanın İstanbul konvensiyasına qoşulmasına nail olmaqdır. Xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan meylləri əsrlərlə formalaşmış həyat tərzimizə hakim kəsmək niyyəti güdülür: ölkəmizdə seksual azlıqların hüquqlarını prioritet səviyyəyə çatdırmaq, uşaqları seksual həyata cəlb etmək, eynicinslilərin nigahını rəsmiləşdirmək.

ABŞ-ın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd olan bu kimi məsələləri gündəmə gətirməsinə cəmiyyət susqun yanaşmamalıdır. Anlamaq lazımdır ki, olmayan problemləri icad edib onları qabartmağın arxasında olduqca çirkin niyyətlər, Azərbaycan gəncini millətimizə yad istiqamətlərə yönəltmək dayanır.

İkiüzlü siyasətin aparıcıları olan Qərb institutlarının niyyətləri heç vaxt saf ola bilməz. Çünki bu qurumlar heç vaxt Azərbaycanla bağlı haqqın, ədalətin, beynəlxalq hüququn yanında dura bilməyiblər. 

30 il kriminal Ermənistan rejiminin etdiklərinə göz yumanların başqa bir dövlətin daxili işinə müxtəlif metodlarla qarışmasının demokratiya, insan hüquqları ilə heç bir bağlılığı yoxdur. Həmişə demokratiya, insan haqları moizələri bu dairələrə öz çirkin siyasətlərini gerçəkləşdirmək üçün bir alət olub. Bu gün də belədir, şübhə yox ki, sabah da belə olacaq...

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top