“Azərbaycan, Türkiyə və Pakistanın regionda geniş fəaliyyət həyata keçirməsi bir çox dövlətləri qıcıqlandırır”

DİGƏR 22 sen 2021, 11:55
Milli Məclisin deputatı Arzu Nağıyevin Demokrat.az-a müsahibəsi:

- Son vaxtlar Azərbaycanın Türkiyə və Pakistanla birgə təlimlərə baş tutdu. Son olaraq Naxçıvanda Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” təlimi başladı. Təlimlərin əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu təlimlər region dövlətləri üçün hansı mesajı verir?

- İkitərəfli və üçtərəfli əlaqələrin inkişaf etdirilməsi çox mühüm əhəmiyyətə malikdir. Əsas məsələ odur ki, belə bir zamanda hər bir dövlətin ərazisinə təhdidin qarşısını almaq üçün çox güclü ordusu olmalıdır. Azərbaycanın NATO standartlarına uyğun olan Türkiyə ordusu ilə təlimi bu baxımdan çox vacibdir. Həmçinin, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş -2021” təlimi də döyüş bacarıqlarının artırılması, təcrübələrin genişləndirilməsi baxımından əhəmiyyətli oldu. Dağ və səhra şəraitində təlimlərin keçirilməsi və döyüş hazırlığının yüksəldilməsi hər üç ölkənin ordusu üçün vacib məsələdir. Digər tərəfdən, regional dövlətlər də hiss etməlidir ki, hərbi blokada birləşmələrinə baxmayaraq, ikitərəfli və üçtərəfli sazişlərə uyğun olaraq, hər üç dövlət ərazisinə təhdid olarsa, digərini müdafiə etməyə hazırdır. Bu baxımdan, təlimlərin əhəmiyyəti böyükdür. Hər bir region dövləti bu təlimlərdən nəticə çıxarmalı, başa düşməlidirlər ki, onların qarşısında hər bir şəraitdə ciddi döyüş qabiliyyətinə malik ordu dayanır. 

- Vətən müharibəsinin başlamasında bir ilə yaxın müddət keçir, amma Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Necə düşünürsünüz, İranın Ermənistana yardım etməsi Ermənistanın sülhü yubatma cəhdlərinə stimul verirmi?

- İranın bu addımları yeni məsələ deyil. Hər bir dövlətin dostluqdan başqa digər ümumi maraqlı var və bu maraqlardan doğan məsələləri həyata keçirməyə çalışır. Bu məsələdə münasibətlərin hansı istiqamətdə irəliləməsindən asılı olmayaraq biz öz ərazimizi qorumağa qadirik. Hansı dövlət kimə yardım edirsə, bu, onun daxili işidir, Azərbaycan lazımi hüquqi addımları atıb. Lakin bu məsələdə ciddi nüanslar var. Azərbaycan, Türkiyə və Pakistanın regionda bu cür geniş fəaliyyət həyata keçirməsi təbii olaraq bir çox dövlətləri qıcıqlandırır. Burda təkcə qonşu dövlətlərdən söhbət getmir, ABŞ-ın öz maraqları var, İranın başqa, Rusiyanın fərqli maraqları var. Həmçinin, bu maraqların kəsişdiyi nöqtələr var. Fikrimcə, əsas məqam Azərbaycan-Türkiyə-Pakistan əlaqəsinin genişlənməsinə qısqanclıqla yanaşmaqdan ibarətdir. Ermənistana gəlincə, o 10 noyabr razılaşması ilə üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Heç bir halda bu öhdəliklərdən qaçma imkanı yoxdur və bunda ona heç bir qüvvə kömək edə bilməyəcək. Bir məsələni xüsusi qeyd etmək istəyirəm, zaman bizim xeyrimizə işləyir. Ermənistan nə qədər sülhü yubatma, öhdəliklərini yerinə yetirməkdən imtina cəhdləri etsə, öz problemləri çoxalacaq. Bu baxımdan düşünürəm ki, bu, sadəcə prosesdir, amma Azərbaycanın həll edə bilməyəcəyi məsələ deyil. Azərbaycan bunun da öhdəsindən gələcək və ərazimizin hər bir hissəsində dövlət bayrağımız dalğalanacaq.

- İndiyədək Araz çayı boyunca təlimlər keçirməyən İranın belə bir şəraitdə sərhəddə təlimlərə başlaması nəyə əsaslanıb? 

- Hər bir dövlətin öz ərazisinin müdafiəsini gücləndirmək, ərazi bütövlüyünü qorumaq üçün təlimlər keçməsi normaldır. Azərbaycan heç vaxt hansısa dövlətin daxili işlərinə, keçirdiyi təlimlərə qarışmayıb, indi də belə fikrimiz yoxdur. Azərbaycan İranla qonşuluq siyasətini davam etdirir. Hər bir dövlət atdığı addımlarla özünə imic qazanır və dostluqda, qonşuluqda ümumi maraqların nələr olduğunu ortaya qoyur. Azərbaycanın hazırkı mövqeyi buna sübutdur. 

- Nikol Paşinyan son dövrdə bir neçə dəfə Türkiyə ilə əlaqələrin bərpasına dair fikirlər səsləndirib. Son olaraq, Baş nazirin mətbuat katibi Türkiyə ilə danışıqlara hazır olduqlarını açıqladı. Proseslərin indiki vəziyyətində bu, nə dərəcədə mümkündür?

- Düşünürəm ki, artıq Ermənistan da başa düşür ki, Türkiyə ilə sərhədin bağlı qalması onların onsuz da tənəzzülə uğramış iqtisadiyyatını məhv edəcək. Bəzi dövlətlər buna mane olmaq istəsələr də, Türkiyə ilə sərhədin açılmasına Paşinyan ikiəlli razıdır və hazırdır. Paşinyan bunun üçün əlindən gələni edir və proseslərin inkişafını istəyir. Çünki bu, hazırkı vəziyyətdə Ermənistanın yeganə çıxış yoludur. Türkiyə ilə yaxınlaşma Ermənistanın blokadadan çıxmasına kömək göstərə bilər. Türkiyə Ermənistan üçün ciddi qonşu dövlətdir. Paşinyan çalışır ki, vaxtilə Qarabağ məsələsinə görə diplomatik münasibətləri olmayan Türkiyə ilə əlaqələri qısa müddətdə bərpa etsin. Lakin Ermənistan nə qədər ki Azərbaycanla sülh müqaviləsi imzalamayıb, bu proses uzanacaq. Ermənistan tərəfi də bunu başa düşür. Ermənistanın “6-lıq” platformasında iştirakı gecikdikcə, vəziyyəti ağırlaşmaqda davam edəcək. Bu konteksdə dəhlizlərin, kommunikasiyaların açılması məsələsi gündəmə gəlir. Bu məsələlərin həlli Ermənistan üçün daha vacibdir. 

- Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın günlərdə Rusiyaya səfəri və rusiyalı həmkarı Vladimir Putinlə görüşü baş tutacaq. Bu görüş iki dövlət arasındakı əlaqələrdə və Qarabağla bağlı proseslərdə yeni mərhələnin başlanması üçün həlledici ola bilərmi?

- Düşünürəm ki, Türkiyə və Rusiyanın yaxınlaşması həm region, həm də dünya üçün mühüm əhəmiyyətə malikdir. Türkiyə dövlət başçısının BMT-də son çıxışında da Qarabağ məsələsinin vacib olduğunu, regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Regional təhlükəsizlikdə də ən mühüm amillərdən biri Rusiyadır. Bu baxımdan, Türkiyə və Rusiyanın yaxınlaşması bəzi dövlətlərdə qıcıq yaratsa da, təhlükəsizlik üçün vacib addımdır. Türkiyə və Rusiyanın birgə iqtisadi, siyasi maraqları var. İki dövlət başçısı arasında keçiriləcək görüşdə də regional məsələlərlə yanaşı ikitərəfli əlaqələrin də müzakirəsi gözlənilir. 

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top