Şagirdlər niyə bədii kitablar oxumağa həvəsli deyil? — AÇIQLAMA

GÜNDƏM 15 oktyabr 2025, 16:42
"Azərbaycanda şagirdlərin dərslikdən kənar kitab oxuma vərdişlərinin zəif olması artıq illərdir müşahidə edilən sistemli problemdir. Bu hal təkcə ədəbi marağın azalması deyil, həm də təhsil mühitində oxu mədəniyyətinin zəif formalaşmasının, məktəbdaxili motivasiya mexanizmlərinin qeyri-effektivliyinin nəticəsidir. Oxu fəaliyyətinin azalması həm şagirdlərin tənqidi düşünmə qabiliyyətinə, həm dil bacarıqlarına, həm də dünyagörüşünə birbaşa təsir edir".

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu problemin əsas səbəblərindən biri məktəblərdə dərs yükünün və imtahan yönümlü sistemin çoxluğu ilə bağlıdır:

"Şagirdlər əksər hallarda oxumağı bilik qazanmaq üçün deyil, qiymət almaq və imtahana hazırlaşmaq üçün vasitə kimi görürlər. “Təhsil haqqında” Qanunun 3-cü maddəsində təhsilin əsas məqsədi şəxsiyyətin yaradıcı potensialının inkişafı və müstəqil düşünmə bacarığının formalaşdırılması kimi qeyd olunur. Lakin hazırkı təhsil mühiti bu məqsədə xidmət etmir, çünki qiymətləndirmə sistemi oxu və analitik düşünmə bacarığını deyil, test nəticələrini ölçür. Bu isə kitab oxumağın dəyərini azaldır.

Digər səbəb məktəb kitabxanalarının vəziyyəti ilə bağlıdır. Ölkədə 4000-dən çox ümumi təhsil müəssisəsi olsa da, onların yalnız 60 faizində fəaliyyət göstərən kitabxana var, bu kitabxanaların da əksəriyyətində ədəbiyyat fondu yenilənməyib. Bir çox məktəblərdə kitabxanalar formal şəkildə saxlanılır, müasir ədəbiyyat, elmi-populyar nəşrlər və ya dünya klassiklərinin yeni tərcümələri yoxdur. Halbuki “Kitabxana işi haqqında” Qanuna görə, təhsil müəssisələrinin kitabxanaları təhsil prosesinin ayrılmaz tərkib hissəsi hesab olunur və dövlət tərəfindən mütəmadi şəkildə yenilənməlidir. Bu tələb praktikada yerinə yetirilmir, nəticədə şagirdlərdə kitabxanaya getmək vərdişi yaranmır".

Ekspert qeyd edib ki, dünya təcrübəsində oxu vərdişinin formalaşması məktəbdənkənar fəaliyyətlə sıx bağlıdır:

"Məsələn, Koreyada “Reading time” adlı proqram çərçivəsində hər məktəbdə günün bir dərs saatı yalnız səssiz oxumağa həsr olunur. Finlandiyada kitabxanalar məktəb sisteminə inteqrasiya olunub və hər şagirdə fərdi oxu planı tərtib edilir. İngiltərədə isə oxu klubları məcburi sosial fəaliyyət kimi qəbul edilir. Azərbaycan da bu təcrübələri mərhələli şəkildə tətbiq etməlidir.

Nə dəyişəcək sualına cavab aydındır: əgər məktəblərdə oxu mədəniyyətinə sistemli yanaşma formalaşsa, gələcək nəsil tənqidi düşünən, dil və ifadə bacarığı güclü, dünyagörüşü geniş fərdlərdən ibarət olacaq. Nə dəyişməlidir cavabı isə daha vacibdir: məktəb proqramlarında bədii ədəbiyyatın payı artırılmalı, oxu prosesi testdən azad edilməli, məktəb kitabxanaları müasir resurslarla təmin olunmalı və müəllimlər şagirdləri məcburiyyətlə deyil, maraqla oxumağa yönəltməlidirlər".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top