Qərbin anti-Azərbaycan dairələrinin hədəfi bəlli yeni hücum kampaniyası

GÜNDƏM 21 sen 2021, 15:45
Azərbaycan xalqı Vətən müharibəsində tarixi Qələbənin birinci ildönümünə hazırlaşır. 27 sentyabrda Qurtuluş Savaşına başlayan Azərbaycan dövləti cəmi 44 günə elə bir tarix yazıb ki, bu şanlı tarix əsrlər boyu xatırlanacaq, şərəflə yad ediləcək. 

Bu gün hamının diqqətinin şanlı tariximizin ildönümünə, Qarabağda gedən, hər bir vətəndaşımıza qürur, sevinc hissi yaşadan quruculuq işlərinə yönəldiyi bir vaxtda Azərbaycana qarşı növbəti iyrənc kampaniyanın başlandığı hiss edilməkdədir. 

Son zamanlar Almaniya və ABŞ mediasında təşkil olunan ünvanlı qarayaxma kampaniyaları bunun ilkin simptomlarıdır. Həmin dairələr yenə də uydurma problemlərə üz tutaraq, onun beynəlxalq miqyasda müzakirəsini təşkil etməyə, mövzunu Azərbaycanın informasiya məkanına keçirtməyə cəhd edirlər. Başlıca niyyət Qələbəyə imza atmış, qürurunu, mənliyini özünə qaytarmış xalqın dövlətə inamını sarsıtmaqdır. 
 
Şübhə yoxdur ki, Qələbənin ildönümü ərəfəsində Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durumla bağlı həqiqətə uyğun olmayan məlumatlar daha da intensivləşəcək. Xüsusilə, hakimiyyətdə təmsil olunan müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasına başlanılacağı gözləniləndir.

Əslində müstəqilik tariximizdə ilk dəfə deyil belə hallar baş verir. Azərbaycan mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi ərəfəsində belə çirkin ləkələmə kampaniyası ilə üzləşib; Azərbaycan hər hansı mühüm tədbirə ev sahibliyi edəndə Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı hərəkətə gətirilib. Qərbin müəyyən dairələrinin, onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin sifarişli hücumları başlayıb. Hədəf o olub ki, beynəlxalq ictimaiyyətin diqqəti keçirilən tədbirlərdən yayınsın, əsassız və qərəzli şəkildə Azərbaycan dövləti ləkələnsin, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycan əlavə problemlər yaşasın.

Bu dəfə də eyni mənzərə ilə üz-üzə olacağımız dəqiqdir.

Söhbət ondan gedir ki, Azərbaycanın tarixi Qələbəsindən sonra həmin dairələr heç də arzu etmədikləri mənzərə ilə üzləşiblər. Görünür, Azərbaycan cəmiyyətinin hər şeyi bir kənara buraxıb bu formada birlik nümayiş etdirə biləcəyini gözləmirlərmiş. Azərbaycan Vətən müharibəsi dövründə daha da möhkəmlənib, tarixdə heç vaxt olmayan sarsılmaz milli birlik nümayiş etdirib və onu qoruyub saxlayıb. 
 
Hakimiyyətin ən qatı əleyhdarları belə Qarabağ savaşında Ali Baş Komandanla bir yerdə oldu. Bütün umu-küsülər bir kənara atıldı-bu, gerçəkdir! Azərbaycanda bu gün Qarabağ məsələsində siyasi qüvvələrin fikirləri zərrə qədər də olsun, haçalanmır və birlik yerindədir.

Şübhəsiz ki, məhz bu birlik bizim daha böyük qələbələrə imza atacağımıza, Qarabağı cənnətə çevirəcəyimizə imkan verəcək. Bir olduqca, Azərbaycana heç bir dövlət nəyisə diktə edə bilməyəcək. Etmək istəsə belə, bu birliyin qarşısında heç nəyə nail olmaq mümkün deyil. Buna görə də müəyyən bəlli xarici dairələr narahatdır. 

Beləliklə, ölkəmizə qarşı təşkil olunan yeni kampaniyanın əsas məqsədi milli birliyi, xalqın öz liderinə, mövcud hakimiyyətə olan inamını və etibarını sarsıtmaqdır.

Digər tərəfdən, Qərb dairələri Azərbaycanın müharibədə qələbəsini həzm edə bilmirlər. Ötən 1 ildə baş verənlər, nüxtəlif yollarla status məsələsini  diriltməyə cəhdlər məhz sülh prosesinə zərbə vurmaq niyyəti güdüb. 

Nə etməli? 

Azərbaycan ictimaiyyəti, mediası belə məsələlərdə olduqca həssas yanaşmalıdır. Bu tipli kampaniyaları təşkil edənlərin əsl niyyətlərinin nə olduğunu anlamalıdır. Daxildə ondan yararlanmağa çalışanlara fürsət verməməli, öz qəti sözünü deməlidir.

Unutmamalıyıq ki, Azərbaycanın bu günü asan başa gəlməyib.  Azərbaycan müxtəlif istiqamətlərdən təzyiqlər görüb, hər dəfəsində də bu təzyiqlərdən alnıaçıq çıxıb.

Ölkəmizi sevməyən xarici dairələrin narahatçılığının kökündə nə durduğunu dərk etməliyik.  Xarici anti-Azərbaycan qüvvələrinin, onların idarə etdiyi QHT-lərin Azərbaycanda özlərinə gərəkli olan ssenariləri yürütmələrinə imkan verməməliyik.

Bütün xarici müdaxilələrə, qurulan planlara rəğmən yola davam etməliyik. Bu yol bütöv, abad, daha da güclü, Qarabağlı Azərbaycanın daim var olmasına aparan yoldur!!!

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top