"Türkiyənin 1918-ci ildəki dəstəyinin davamını II Qarabağ müharibəsində də gördük"

GÜNDƏM 15 sen 2021, 18:20
"Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən vacib hadisələrindən biridir. Keçən əsrin ilk mühüm hadisəsi mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılması oldu. Bununla da Azərbaycanın müstəqilliyi elan edildi. Bununla da, demokratik və hüquqi dövlətçiliyimizin əsası qoyuldu".

Bu fikirləri Demokrat.az-a açıqlamasında tarix elmləri doktoru, professor Nəsiman Yaqublu bildirib.

O, Bakının azad edilməsinin müstəqillikdə vacib hadisə olduğunu xatırladıb:

“Məmməd Əmin Rəsulzadə qeyd edib ki, 1918-ci ilin mayında cümhuriyyətimizi, dövlətçiliyimizi sözlə ifadə etmişdiksə, həmin ilin sentyabrında dövlətçiliyimizi əməli şəkildə həyata keçirə bildik. Yəni mayın 28-də istiqlalımız elan olunmasaydı, 15 sentyabr olmazdı. 15 sentyabrda Bakı azad olunmasaydı, 28 may tarixi gün olmazdı. Bu baxımdan, Bakının azad olunmasının çox böyük tarixi əhəmiyyəti var. Bakının azad edilməsi iki qardaş dövlətin və xalqın bir-birinə dəstəyinin parlaq ifadəsidir. 1918-ci ildə Türkiyə tərəfindən Azərbaycana göstərilən dəstəyin davamını keçən il İkinci Qarabağ müharibəsində də gördük. Müharibədə Türkiyə mənəvi baxımdan çox böyük dəstək nümayiş etdirdi. Azərbaycanlılar da Çanaqqala döyüşündə könüllü şəkildə Türkiyə Ordusuna qoşulub və birlikdə mübarizə aparıblar. İki dövlət tarix boyu bir-birinə dəstək olub, hörmət göstərib. Sevindiricidir ki, bu gün də bu proses yüksək səviyyədə davam edir”.

Professor bildirib ki, Bakının işğaldan azad edilməsi təkcə Bakının qurtuluşu demək deyildi: “Bakının işğaldan azad edilməsi Gəncədən başlayaraq Kürdəmir, Hacıqabul, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Salyan, Neftçala və digər bölgələrin azad edilməsi demək idi. Bu ərazilərimizdə işğaldan qurtuluş üçün canını fəda edən türkiyəli hərbçilərin məzarları var. Döyüşlərdə Azərbaycan Ordusunun hissələri də iştirak edirdi, lakin əsas olaraq Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarının azad edilməsinə nail oldu. Bundan başqa, Azərbaycanda ilk hərbi məktəblərin yaradılması təşəbbüsü də Nuru Paşa məxsus olub. O, ilk hərbi məktəbləri yaradıb və bununla gənclərin hərbi təhsil alması üçün vacib addım atıb”.

Aygül Qarayeva
 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top