Onlar Avropada medallar qazandılar


İDMAN 12 sen 2021, 21:26

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübarizə aparıb. Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb. Güləşçilərimizin hamısı Avropa çempionatında fəxri kürsüyə qalxıb.

Musa Ağayev Moldova güləşçisinə və daha sonra 2 ispan rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Ukrayna güləşçisinə də heç bir şans tanımayan Musa adını finala yazdırıb. Həlledici görüşdə yenidən Moldova təmsilçisiylə üz-üzə gələn Ağayev bu görüşdə də tam üstünlüklə qələbə qazanaraq Avropa çempionu olub.

Hüseyn Əliyev təsnifat mərhələsində Türkiyə güləşçisini mübarizədən kənarlaşdırıb. Yunanıstanın iki təmsilçisinə 3:1 hesabıyla qalib gələn həmyerlimiz Moldova idmançısını sonuncu xal prinsipinə əsasən üstələyib. İspaniyadan olan həmkarını xal vermədən məyus edən Hüseyn finala vəsiqə qazanıb. Rumıniya güləşçisiylə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada minimal fərqlə uduzan Əliyev gümüş medal əldə edib.

Rübail İbrahimli Bolqarıstan, Norveç və Yunanıstan güləşçilərindən güclü olub. Ancaq yarımfinalda türkiyəli rəqibinə minimal fərqlə uduzub. Ruhdan düşməyən Rübail bolqar rəqibinə növbəti dəfə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Fərid Cabbarov Avropa çempionatına Portuqaliya idmançısı üzərində qazandığı inamlı qələbəylə start verib. Gənc pəhləvanımız daha sonra Yunanıstanın iki güləşçisiylə qarşılaşıb. Onlardan birinə qalib gələn Fərid digərinə məğlub olub. Ancaq bu məğlubiyyət onun yarımfinala yüksəlməsinə əngəl olmayıb. Ukrayna təmsilçisini 3:0 hesabıyla üstələyən Cabbarov finala adlayıb. Həlledici görüşdə həmyerlimiz 3-cü turda məğlub olduğu Yunanıstan güləşçisiylə üz-üzə gəlib. Finalda yerli idmançıdan revanşı alan Fərid Avropa çempionu olub.

Beləliklə, millimiz AÇ-də uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Yeniyetmələr

60 kq

1-ci tur: Musa Ağayev - Yon Berqi (Moldova) 3:0

2-ci tur: Musa Ağayev - David Sançes (İspaniya) 3:0

3-cü tur: Musa Ağayev - Enes Tarasko (İspaniya) 3:0

Yarımfinal: Musa Ağayev - Vladislav Çurar (Ukrayna) 3:0

Final: Musa Ağayev - Yon Berqu (Moldova) 3:0

70 kq

Təsnifat: Hüseyn Əliyev - Serhat Buber (Türkiyə) 3:0

1-ci tur: Hüseyn Əliyev - Teoxaris Kuqiumtsidis (Yunanıstan) 3:1

2-ci tur: Hüseyn Əliyev - Nikolaos Makriyannis (Yunanıstan) 3:1

3-cü tur: Hüseyn Əliyev - Yon Marku (Moldova) *2:2

Yarımfinal: Hüseyn Əliyev - Felipe Milla (İspaniya) 3:0

Final: Hüseyn Əliyev - Marian Subtiriça (Rumıniya) 2:3

Gənclər

70 kq

1-ci tur: Rübail İbrahimli - Sergey Bonev (Bolqarıstan) 3:0

2-ci tur: Rübail İbrahimli - Eskil Larsen (Norveç) 5:0

3-cü tur: Rübail İbrahimli - Rolan Ardaşev (Yunanıstan) 3:0

Yarımfinal: Rübail İbrahimli - Ali Zor (Türkiyə) 1:2

Bürünc medal görüşü: Rübail İbrahimli - Sergey Bonev (Bolqarıstan) 3:0

80 kq

1-ci tur: Fərid Cabbarov - Dioqo Ferreyra (Portuqaliya) 3:0
2-ci tur: Fərid Cabbarov - Georgios Kotanidis (Yunanıstan) 3:0

3-cü tur: Fərid Cabbarov - Georgios Kuqiumtsidis (Yunanıstan) 1:3

Yarımfinal: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) 3:0

Final: Fərid Cabbarov - Georgios Kuqiumtsidis (Yunanıstan) 3:1

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev AÇ-də ədaləti qoruyub.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top