"Jirinovski özünü siyasi təlxək kimi aparır" — Elman Nəsirov

GÜNDƏM 01 avq 2021, 12:36
“Bu bir həqiqətdir ki, Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə Azərbaycan və Rusiyanın maraqları üst-üstə düşür. Xüsusilə qeyd etmək istəyirdim ki, bu siyasəti Ulu öndər Heydər Əliyev müəyyən edib və həmin siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Elman Nəsirov deyib. O, bildirib ki, Azərbaycanın ABŞ-la münasibətləri Rusiya əleyhinə yönəlməyib:

“Azərbaycan Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmayıb və bunun hər zaman əleyhinə olub. Həmçinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müstəqil milli maraqlara söykənən xarici siyasət kursu sayəsində Azərbaycanın həm ABŞ ilə, həm də Rusiya ilə strateji, tərəfdaşlıq münasibətləri var. Bu gün Moskvada çox gözəl dərk edirlər ki, Azərbaycanın rəsmi Vaşinqtonla münasibətləri strateji tərəfdaşlıq xarakteri kəsb edirsə, bu heç bir halda Rusiyanın əleyhinə yönəlməyib. Eyni zamanda, ABŞ-da çox gözəl bilirlər ki, Azərbaycan Prezidentinin Rusiya ilə münasibətləri heç bir halda Vaşinqtonu, ABŞ-ı hədəfə almayıb. Bu səbəbdən, ABŞ və NATO-nun ali hərbi rəhbərliyi ilə Rusiyanın ali hərbi rəhbərliyi dəfələrlə Azərbaycan paytaxtında görüşlər keçirib. Dünyanı narahat edən ən qlobal, ən mürəkkəb məsələləri məhz Bakıda görüşlər keçirməklə həll etməyə çalışıblar. Bütün bunlar onun sayəsində baş verir ki, Azərbaycan dövləti, onun ali, siyasi rəhbərliyi çox düzgün, milli maraqlara söykənən siyasət həyata keçirir. Eyni zamanda, strateji maraqlarını nəzərə alan bərabərhüquqlu bir siyasəti reallaşdırır. Təəssüf ki, bu gün Rusiyada Liberal-demokrat partiyasının rəhbəri Vladimir Jirinovskinin timsalında Azərbaycan-Rusiya münasibətlərinin bu gününə və perspektivlərinə çox ciddi xələl gətirən, ona kölgə salan, münasibətlərin strateji xarakterini korlamağa çalışan bir siyasi təlxək mövcuddur. Onun bütün fəaliyyəti ilk növbədə Rusiyanın imperalist maraqlarını daşıdığı ideyanı təbliğ etməyə, Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqazı öz təsir zonasında saxlamağa yönəlib. Əslində, Jirinovski və onun kimilər terrorçu missiyasını həyata keçirirlər. Onu da nəzərə almaq lazımdır ki, Jirinovski kimi ağıldan kəm insanlar öz davranışları ilə təkcə hədəf seçdiyi ölkələr üçün təhlükə yaratmır, eyni zamanda Rusiyanın milli maraqların ziddinə fəaliyyət göstərir. Rusiyanın tanınmış siyasətçilərini, partiya rəhbərlərini, ziyalılarını, dövlət xadimlərini təhqir edir. Tanınmış musiqiçilərini ələ salır, əxlaqdan və mənəviyyatdan uzaq ifadələr işlətməklə sözün həqiqi mənasında özünü siyasi təlxək kimi aparır. Onun bu cür davranışları onu göstərir ki, onun çox ciddi psixoloji problemləri var və belə bir insanın Rusiyanın siyasi səhnəsində olması Rusiyanın dünyadakı nüfuzuna çox böyük xələl yetirir. Təkcə dünya ictimaiyyəti deyil, Rusiya ictimaiyyəti də Jirinovskinin əslində ağıldan kəm birisi kimi qəbul edir. Onun çox zaman işlətdiyi ifadələri gülür və ələ salır. Hesab edirlər ki, Jirinovskinin mövcudluğu Rusiya siyasəti üçün böyük bir ləkədir”.

Deputat qeyd edib ki, Jirinovski kimilər Azərbaycanın hazırkı yüksək mövqeyini həzm edə bilmirlər:

Jirinovski və onun kimilərin Azərbaycana münasibətdə belə aqressiv mövqedə dayanmasını şərtləndirən əsas amillərdən biri də onunla bağlıdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdı. Ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu addımı ilə, bu tarixi zəfərə imza atması ilə təkcə Azərbaycan tarixinə deyil, əslində dünya tarixinə öz adını əbədi həkk etdi. Dünya siyasətinin künc- bucağında olan Jirinovski kimilər isə heç bir halda bunu həzm edə bilmirlər ki, necə ola bilər ki, elə də böyük olmayan Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında belə tarixi zəfərə imza atdı. Heç bir halda həzm edə bilmirlər ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad olan ərazilərin bərpası işlərini, yenidən qurulmasını uğurla həyata keçirməkdədir. Qarabağı cənnət diyarına çevirmək istəyir, Şuşanı Azərbaycanın mədəniyyət paytaxtına çevirib və bu gün konkret hədəfləri olan bir dövlətdir. Azərbaycanın çox böyük inkişaf perspektivləri var. Yaxın gələcəkdə Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmağı hədəf seçmiş dövlətdir və bu istiqamətdə çox ciddi addımlar atılır. Bu addımlar Jirinovski və onun kimilərin yuxusuna haram qatır. Onlar hər zaman narahatdırlar. Elə bu səbəbdən də, onlar gecə-gündüz Azərbaycana qarşı yalanlar, iftiralar irəli sürürlər. Hədələyici bəyanatlar verirlər. Amma bunlar keçməz. O səbəbdən ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq tarix yazmış bir şəxsiyyətdir və arxasında birmənalı şəkildə xalqı dayanır. O liderlər zəifdir ki, arxasında xalqı dayanmayıb. Xalq və prezident bir-birindən uzaq düşəndə həmin dövlətlərdə çevrilişlər keçirmək rahat olur. Həmin dövlətlərdə liderləri hakimiyyətdən salmaq da rahat olur. Vətəndaş müharibəsini həyata keçirmək su içmək kimi asan olur. Amma bu halların Azərbaycanda baş verməsi qeyri-mümkündür. Xalqımız cənab Prezidentin ətrafında monolit birlik nümayiş etdirir. Jirinovski və onun kimilərin əsil niyyətini çox gözəl bilir və nə qədər də Jirinovski və onun əlaltıları Azərbaycana qarşı dil uzadacaqlar həmin dili də xalqımız kəsəcək. İmkan verməyəcək ki, bizim göz bəbəyi kimi qoruduğumuz ictimai-siyasi sabitlik pozulsun. Buna heç bir zaman xalqımız imkan verməz. Çünki ortada ölkə Prezidentinin siyasi iradəsi, Azərbaycan xalqının monolit birliyi var. Ən başlıcası, qarşı tərəfin nəticə çıxartmayacağı təqdirdə cənab Prezidentin artıq bizim gücümüzün və iradəmizin simvoluna çevrilmiş "dəmir yumruğu" var. Bunu Jirinovski və onun kimilər heç bir zaman yadından çıxartmasınlar”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top